“Qubada 2007-ci ildə aşkarlanan kütləvi məzarlıq 2018-ci ildə dəfn edilib” - FOTO+ÖZƏL
536
11:28, Bu gün

“Qubada 2007-ci ildə aşkarlanan kütləvi məzarlıq 2018-ci ildə dəfn edilib” - FOTO+ÖZƏL

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Martın 31-də  azərbaycanlıların soyqırımının 108-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə kütləvi ziyarət təşkil olunacaq.
Kompleksin mətbuat katibi Abutalib Turabov Moderator.az-a açıqlamasında bildirib ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, eləcə də xarici vətəndaşlar da olacaq:
“Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha da yaxından tanış olacaqlar. Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında məlumatlar verilir. Qeyd edim ki, 2007-ci ildə aşkarlanan kütləvi məzarlıq 2018-ci ildə dəfn edilib. Yerində isə qətlə yetirilən insanların xatirəsini əbədiləşdirmək məqsədilə xatirə abidəsi qoyulub. Məlumat üçün bildirim ki, kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə bir milyondan çox ziyarətçi qəbul edib. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir”, - deyə mətbuat katibi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər