Ermənistanda Zəngəzur seçkisi: Yaydakı prosesi belə adlandırırlar – İki yol təklif edilir
669
11:36, Bu gün

Ermənistanda Zəngəzur seçkisi: Yaydakı prosesi belə adlandırırlar – İki yol təklif edilir

Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Fərhad bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, yayda keçiriləcək seçkilərdə onun təmsil oldunduğu partiya 60 faizdən aşağı səs toplasa, sentyabrda böyük və fəlakətlə nəticələnən müharibə baş verəcək. Sizcə, bu nəyin anonsudur və yaxud belə bir risklər haqqında Paşinyanda hansı məlumatlar var?

- Əslində, yenidən müharibə olması riski çox azdır, amma bu heç yoxdur və ya olmayacaq da demək deyil. Söhbət ümumiyyətlə fərqli prosesdən gedir. Ümumiyyətlə, Ermənistanda yayda keçiriləcək parlament seçkiləri haqqında yanaşmalar çox fərqlidir. Buna bir çox hallarda “Zəngəzur seçkisi” də deyirlər. Çünki hesab olunur ki, bu Ermənistan xalqının Zəngəzur dəhlizini təsdiq etməsi ilə bağlı olacaq. Erməni xalqı ya Paşinyana səs verərək, bu dəhlizin açılmasına “hə” deyəcək, ya da ki, bunun əksinə Robert Köçəryana (Ermənistanın sabiq prezidenti-red.) səs verməklə bütün razılaşmalar pozulmuş olacaq.

- Bu hansı halda baş verə bilər? Çünki Ermənistan dövləti adından Baş nazir Nikol Paşinyan ötən ilin avqustunda Vaşinqtonda Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasına dair razılaşmaya imza atıb...

- Köçəryan seçkilərdə qalib gəlmiş olsa, o dəhliz layihəsindən çıxdıqlarını elan etməlidir. Bunun özü isə açıq eskalasiya deməkdir. Eskalasiyanın başlaması isə məhz Paşinyanın demək istədiyi müharibəni ifadə edir. Ona görə də baş nazir erməni xalqını seçim qarşısında qoyur. Bununla erməni cəmiyyətinə demək istəyir ki, “Köçəryan avantüristdir, onun hakimiyyətə gəlməsi ilə Ermənistan yenidən müharibəyə sövq edilə bilər və s”.

- İndiki halda Paşinyanın əsas ritorikası nədən ibarətdir?

- O hazırda real Ermənistan haqqında təbliğat aparmağa çalışır. Söhbət ölkə konstitusiyası və beynəlxalq birlik tərəfindən tanınan sərhədlər daxilində olan Ermənistandan gedir. Köçəryan isə bunun əksinə olan bir ritorika ilə çıxış edir. Paşinyan da açıq şəkildə bəyan edir ki, “Köçəryanın seçkidə səs toplaması yenidən müharibə “hərəkatının” hakimiyyətə gəlməsi olacaq.

- Azərbaycanın qarşı tərəfdə yəni, Ermənistanda dəyişə biləcək siyasi konyukturaya münasibəti necə olacaq?

- Bu bir reallıqdır ki, Ermənistan Paşinyan hakimiyyəti dövründə də silahlanmadan geri çəkilmir. Hindistandan dronlarla bağlı əldə edilən texnologiyalar və s. buna açıq misaldır. Təbii ki, Azərbaycan tərəfi bu məsələləri diqqətdə saxlayır. Burada dron texnologiyaları ilə bağlı yanaşmalara daha çox diqqət edilməlidir. Çünki bundan geri qalmaq olmaz.

- Rəsmi Bakı üçün yaranmış əsas imkanlar nədən ibarətdir?

- Bu indiki halda neft qiymətlərinin qalxması və uzun müddət belə qalması ilə bağlıdır.

- Bu Azərbaycan üçün hansı imkanlar yarada bilər?

- Böyük ehtimalla Qırmızı dənizdən çıxışın bağlanması ilə bağlı addımlar atılacaq. Səudiyyə Ərəbistanı Hörmüz boğazında neft sata bilmirdi, amma onun Qırmızı dənizə qədər uzanan boru xətti var. Bu ölkə öz neftini Bab əl-Məndəb boğazından keçməklə Qırmızı dənizə qədər olan xətt üzərindən sata bilirdi. Bu boğaz İran tərəfindən bağlansa, dünyanın neft tədarükü azalacaq. Bunu isə Azərbaycan təmin edə bilər. Buradan da Azərbaycan öz mövqelərini daha da gücləndirmək üçün istifadə etmək imkanları yaranır.

- Bununla Bakı hansı imkanları qazanır?

- Məhz bu amil Azərbaycana kifayət qədər təzyiq riçaqları üçün imkanlar verir. Misal üçün, Gürcüstana verilən neft amili var ki, qiymət artdığı halda onlara imtiyazlar təklif oluna bilər. Bunun əvəzində isə onlar nə isə etməlidirlər. Eyni amil Ermənistana da aiddir. Hazırda Rusiya nefti belə Azərbaycan üzərindən Ermənistana daşınır. Bu amilin özü Ermənistan üçün təzyiq vasitəsidir. Bütün bunların fonunda Azərbaycanın qaz xətləri və digər enerji resurları Avropanın təminatı baxımından ciddi təsir elementləridir. Bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasəti doğru analiz etməsi fonunda baş verir. Çünki ölkə başçısının atdığı addımlar beynəlxalq münasibətlər nəzəriyyələrinə uyğundur.

- Azərbaycanın əsas mesajları indiki halda nəyi ehtiva edir?

- Rəsmi Bakı hazırda Ermənistana özünün hərbi gücünün yerində olduğunu deməklə yanaşı, digər yandan bu ölkəyə öz ərazisindən daşımalara icazə verir. Hətta özü də Ermənistana neft satır. Bunun isə mənası odur ki, “mənim hərbi gücüm, yəni "Dəmir Yumruq" yerindədir, amma bunun fonunda bizimlə əməkdaşlığa girsən faydalarını da məhz bu şəkildə görəcəksən”. Bu isə beynəlxalq münasibətlərdəki oyun nəzəriyyəsinin məntiqinə uyğundur. Bu halda İrana edilən humanitar yardımı da eyni şəkildə qiymətləndirmək olar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər