Novruzun şirin mirası – səməni halvası - FOTOLAR
279
11:40, Bu gün

Novruzun şirin mirası – səməni halvası - FOTOLAR

Novruzun dadı olan səməni halvası əsrlərdir süfrələrin bəzəyidir. Bu xüsusi şirniyyat növü baharın gəlişini, təbiətin oyanışını, bolluq və bərəkəti simvolizə edir. Azərbaycan mətbəxinin zəngin xəzinəsində xüsusi yer tutan səməni halvası əsrlərin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çatıb. Həyat və yenilənmə rəmzi olan, təbiətin qışdan sonra yenidən dirçəlməsini göstərən səməni halvasının hazırlanması sadə görünsə də, böyük ustalıq və səbir tələb edir.
 
Moderator.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Samux sakini, əslən axıska türkü olan Zərifə Lamidzenin evində olub, bu şirniyyatın necə bişirildiyi və xüsusi faydaları ilə maraqlanıb.
 
Zərifə xanım deyir ki, səməni halvası müxtəlif bölgələrə görə fərqli üsullarla bişirilsə də əsas xüsusiyyətini, ənənəvi ruhunu qoruyub saxlayır. Bu şirniyyat nəsildən-nəslə ötürülərək bayramın bir parçasına çevrilib. Səməni halvası yalnız dadlı bir şirniyyat deyil, həm də köklərimizə bağlılığın, ruzi-bərəkətin və şirinliyin yaddaşıdır.
Halva hazırlanarkən böyükdən-kiçiyə hamı bir araya gəlir. Belə anlar həm də ürəkləri birləşdirən bir mərasimə çevrilir. Səməni halvasını Novruzun ilk çərşənbəsindən bayram günlərinin sonunadək bişirmək olar. Keyfiyyətli buğdadan ərsəyə gələn halvanın hazırlanması üçün 6 gün vaxt lazım olur. “Halva üçün 10 kiloqram buğda, 5 litr yağ, 50 kiloqram undan istifadə edirik. Buğdanı təmizləyib, yuyub və sonra suya qoyuruq. Suya qoyulmuş buğda dəfələrlə yuyulmalıdır ki, iylənməsin. Sonra buğdanın şişdiyini müşahidə edirik, bundan sonra buğda bir də yuyulur və yaş torbanın içinə qoyulur, cücərməyə başlayır. Sonra qaba yayıb, hər gün sulayırsan, ancaq cücərtilərin göyərməsinə imkan vermək olmaz. Sonda buğda ət maşınında çəkilir, alınan kütləni tənzif vasitəsilə sıxıb, suyunu götürürük”, - deyən Zərifə xanım bildirir ki, məhz əldə olunan bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir. Bunun üçün mümkün qədər yekə mis və ya çuqun ləyən götürülür. Bundan başqa, halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti burnu olan mis əşya və ya oxlovdan istifadə edilir. Səməni halvası qalanan od üzərindəki ləyəndə daim qarışdırmaqla hazırlanmalıdır: “Suyuna unu da qatıb, tavaya 4 dəfəyə əlavə edirik. Halva yanmasın deyə ona kərə yağı vurulur. Tavada bişirilmə prosesinə səhərdən gecə saatlarınadək davam edirik. Qızlar və gəlinlər bir olub, onun bişirilməsində iştirak edirlər, içərisinə qoz atıb, arzu tutub, hasil olması üçün dua edirlər. Sonda qarışım qəhvəyi rəngə çalır, üzərini bağlayıb, səhərədək dəmə qoyuruq. Səhər isə istəyən hər kəsə paylanılır”.
Qədim inanclara görə, səməni halvası soyuq qışdan sonra vitaminlərə ehtiyac duyan orqanizm üçün immuniteti artıran əsl şəfa mənbəyidir. Özünəməxsus dada sahib şirniyyat faydalı nemət hesab edilir. “Cücərmiş buğda B və E vitaminləri ilə zəngindir. Liflə zəngin olduğu üçün də həzm sistemini yaxşılaşdırır, bağırsaqları işlədır, qəbizliyi azaldır. Səməni halvası enerji mənbəyi sayılır. Təbii və qatqısız olduğu üçün əlavə şəkər və ya bal olmadan, cücərdilmiş buğdanın şirinliyi ilə qanazlığı olanlara dəstək ola bilər, immuniteti artırır, bədəni gücləndirir”, - deyə Zərifə xanım əlavə edir.
 
Səməni halvası yalnız bir bayram təamı deyil, həm də əsrlərin yaddaşını, insanların birliyini və baharın gətirdiyi ümidləri özündə yaşadan canlı bir ənənə kimi bu gün də süfrələri bəzəyir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər