Yaxın Şərqdəki münaqişə Xəzər hövzəsinə doğru genişlənir - RƏY
Ekskluziv
918
16:02, Bu gün

Yaxın Şərqdəki münaqişə Xəzər hövzəsinə doğru genişlənir - RƏY

Yaxın Şərq münaqişəsinin coğrafiyası genişlənməkdə davam edir. İranın əsas Xəzər limanlarından biri olan Bəndər Ənzəli ABŞ və İsrailin raket zərbəsinə məruz qalıb. Bu hücumlar Xəzər bölgəsindəki ölkələrdə ciddi narahatlıq yaradır.
 
Belə hücumlar təkcə hərbi riskləri deyil, eyni zamanda ekoloji fəlakət ehtimalını və enerji-logistika xətlərinin pozulmasını da gündəmə gətirir. Xüsusilə Xəzərin qapalı su hövzəsi olması səbəbindən mümkün tanker insidenti region ölkələri üçün uzunmüddətli və ağır nəticələr doğura bilər. Digər tərəfdən, “Orta Dəhliz” kimi strateji layihələrin və Azərbaycanın enerji ixrac marşrutlarının təhlükə altına düşməsi ehtimalları da müzakirə olunur.
 
Maraqlıdır, Yaxın Şərqdəki münaqişənin Xəzər hövzəsinə doğru genişlənməsi Azərbaycan üçün hansı real təhlükələri yaradır və ölkəmizin bu geosiyasi və geoiqtisadi risklərə qarşı hansı strateji addımları atması zəruridir?
 
Moderator.az-ın suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə cavablandırıb.
Deputat qeyd edib ki, Xəzər dənizində İranın hərbi dəniz qüvvələrinin məhv edilməsi son dərəcə narahatlıq doğuran bir hadisədir:
 
"Çünki bu dəniz Xəzər ətrafı beş dövlət tərəfindən sülh və dostluq su hövzəsi kimi qəbul edilmişdir. Təəssüf ki, bu hadisə baş verib. Xəzər ətrafı ölkələrin hərbi münaqişəyə cəlb olunmasına qətiyyən yol vermək olmaz.
 
Görünür, bu ölkələr artıq müvafiq məsləhətləşmələr aparıblar və vəziyyətin daha da genişlənməsinin qarşısını almaq üçün birgə fəaliyyət göstəriblər. ABŞ, İsrail və İran arasındakı qarşıdurmaya son qoyulmalı və aralarındakı fikir ayrılıqlarının sülh yolu ilə həlli üçün əlverişli mühit yaradılmalıdır. Çünki hazırkı qarşıdurma artıq bu ölkələr arasında lokal bir münaqişədən çıxaraq, dünyanın bir nömrəli münaqişəsinə çevrilib. 
 
Digər ölkələrin bu prosesə qoşulması faktı olmasa da, belə bir qarşıdurma dünya iqtisadiyyatına və qlobal sülh sisteminə çox ciddi təhdidlər yaradır. Ümid edirik ki, prosesə təsir edən qüvvələr tezliklə hərbi qarşıdurmanın dayandırılmasına nail olacaqlar".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər