9 aprel düyünü - Region üçün
291
14:30, Bu gün

9 aprel düyünü - Region üçün "qara ssenari" yaxınlaşır...

ABŞ-la İran arasında gərginliyin taleyini müəyyən edəcək kritik tarix yaxınlaşır. ABŞ administrasiyası münaqişənin ən geci 9 aprelədək nizamlanacağına ümid edir. Bu barədə son günlərdə dünya mediasında məlumatlar yayılmaqdadır. Məlumatlarda qeyd olunur ki, danışıqların Pakistan ərazisində keçirilməsi planlaşdırılır, hərbi ssenarilər isə hələ də masa üzərində qalır. Hətta ABŞ prezidenti Donald Tramp tərəfindən mümkün zərbələrin müvəqqəti təxirə salınması qərarı belə prosesin nə qədər həssas və çoxşaxəli olduğunu göstərir.

Bu, real sülhə aparan yol xəritəsidir, yoxsa sadəcə vaxt qazanmaq cəhdidir?

Vaşinqtonun 9 aprel tarixini son hədd kimi müəyyən etməsinin arxasında hansı strateji hesablamalar dayanır? Əgər razılaşma əldə olunmasa, regionu hansı ssenarilər gözləyir?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, ABŞ administrasiyasının Vaşinqton və Tehran arasındakı gərginliyin nizamlanması üçün 9 aprel tarixini son hədd kimi müəyyən etməsi, ilk baxışda diplomatik qələbə cəhdi kimi görünsə də, reallıq hərbi-strateji zərurətdən xəbər verir: "Bu tarix, əslində, real sülhə aparan yol xəritəsindən çox, ABŞ-nin bölgədə sarsılmış əməliyyat imkanlarını bərpa etmək üçün qazandığı strateji "nəfəslik" təsiri bağışlayır”.Ekspert deyib ki, danışıqlar üçün məhz Pakistan ərazisinin seçilməsi təsadüfi deyil: “İslamabad həm ABŞ, həm də İranla spesifik münasibətlərə malikdir. Eyni zamanda, Pakistanın Çinlə olan strateji tərəfdaşlığı bu mütəlləni regional balansın qorunması üçün yeganə "neytral zona"ya çevirir. Vaşinqton anlayır ki, Körfəz ölkələri artıq İranın hədəfindədir və bu ölkələrdə danışıqlar aparmaq hərbi riskləri artırır. Pakistan isə həm İslam dünyasında nüfuzu, həm də nüvə dövləti statusu ilə tərəflər üçün nisbətən təhlükəsiz platforma hesab olunur. Donald Tramp tərəfindən mümkün hərbi zərbələrin təxirə salınması qərarı diplomatiyaya şans vermək deyil, hərbi reallıqların diktəsidir. Müharibənin gedişatı göstərdi ki, ABŞ/İsrail cütlüyü yalnız hava gücünə (Air Power) güvənməklə istədiyi nəticəni əldə edə bilmir. Aviadaşıyıcıların (Carrier Strike Group) müdafiə perimetrinin İranın sahil raket sistemləri tərəfindən deşilməsi və gəmilərin təhlükəsiz məsafəyə çəkilməsi, qırıcıların hədəfə çatma müddətini uzadıb və "Sortie rate" (döyüş uçuşlarının intensivliyi) göstəricisini aşağı salıb. Bu fasilə, ABŞ komandanlığına logistik mərkəzləri yenidən qurmaq və vurulmuş imicini bərpa etmək üçün lazımdır".

Hərbi ekspert hesab edir ki, Vaşinqtonun 9 apreli son hədd qoyması bir növ ultimatum xarakteri daşıyır. Ancaq burada bir məqam unudulur: “İran artıq müharibənin coğrafiyasını genişləndirərək Körfəz ölkələrindəki infrastrukturu və ABŞ-nin logistik yollarını hədəf alıb. Əgər 9 aprelə qədər konkret razılaşma əldə olunmasa, regionu daha idarəolunmaz eskalasiya gözləyir. Bu eskalasiya təkcə raket zərbələri ilə bitməyəcək. Hörmüz boğazının qapadılması və dünya enerji bazarının iflic olması qaçılmazdır.

Tarix sübut edir ki, hava zərbələri ordunu sarsıda bilsə də, quru əməliyyatı keçirmədən və xalqın müqavimətini qırmadan rejim dəyişikliyi mümkün deyil. İranın mürəkkəb relyefi və geniş coğrafiyası isə belə bir əməliyyatın xərcini və itki miqyasını ABŞ üçün dözülməz edir. Görünən odur ki, 9 aprel sülhün başlanğıcı deyil, böyük bir "vaxt oyunu"nun həlledici mərhələsidir. Ya tərəflər yeni bir regional status-kvo ilə razılaşacaq, ya da "kardondan şirə" dönən alyansların dağılmasının şahidi olacağıq".

Link kopyalandı!
Son xəbərlər