TV-lərdə gizli BÖHRAN
268
13:37, Bu gün

TV-lərdə gizli BÖHRAN

Azərbaycan teleməkanında diqqətçəkən qərar verildi-bir neçə populyar proqramın yayımı eyni vaxtda dayandırıldı. Bu qərar cəmiyyətdə uzun müddətdir müzakirə olunan bir məsələnin – efir keyfiyyətinin aşağı düşməsi probleminin nəticəsi kimi qiymətləndirilir.

Azərbaycanda tanınmış aparıcıların müəllifi olduqları verilişlərin yayımının dayandırılması ciddi müzakirə obyektinə çevrilib. Bu proses ilk baxışda ayrı-ayrı layihələrin uğursuzluğu kimi görünsə də, əslində daha dərin bir problemin – televiziya bazarının maliyyə modelinin zəifləməsinin açıq göstəricisidir.

Məlumdur ki, ölkədə fəaliyyət göstərən televiziya kanallarının əsas gəlir mənbəyi reklam bazarıdır. 2024-cü ilin göstəricilərinə əsasən, reklam bazarının təxminən 48 faizi televiziya sektorunun payına düşür və bu, 65 milyon manatdan artıq vəsait deməkdir. Lakin məsələ ondadır ki, ümumi reklam bazarı uzun illərdir ciddi şəkildə genişlənmir. Bu isə o deməkdir ki, telekanalların maliyyə imkanları artmır, əksinə, mövcud resurslar daha çox iştirakçı arasında bölünür. Nəticədə isə rəqabət sərtləşir, gəlirlər azalır və kanallar daha ehtiyatlı qərarlar verməyə məcbur qalır.

Problemin əsas səbəblərindən biri məhz reklam bazarının məhdud olmasıdır. Televiziya reklamının illik dövriyyəsi təxminən 40–65 milyon manat arasında dəyişir ki, bu da çoxsaylı kanallar və layihələr üçün kifayət etmir. Digər mühüm faktor isə rəqəmsal platformaların sürətli yüksəlişidir. Reklam verənlər getdikcə daha çox auditoriyanın toplandığı Instagram, YouTube və TikTok kimi platformalara yönəlir. Artıq rəqəmsal reklam bazarın əhəmiyyətli hissəsini tutur və bu pay getdikcə artır.
Televiziya sektorunda digər vacib məqam isə reytinq amilidir. Bu sahədə sadə bir prinsip işləyir: reytinq nə qədər yüksəkdirsə, reklam gəliri də bir o qədər çox olur. Müəllif verilişlərinin əksəriyyəti isə aparıcının şəxsi brendi üzərində qurulur. Lakin reytinq aşağı düşdükdə, reklam axını zəifləyir və nəticədə kanal həmin layihəni efirdən çıxarmağa məcbur qalır.

Bundan əlavə, bəzi verilişlər ümumiyyətlə özünü maliyyələşdirə bilmir. Bəzən aparıcılar layihəni öz vəsaitləri hesabına hazırlayıb kanallara təqdim edirlər. Lakin reklam gəliri formalaşmadıqda bu model davamlı olmur və verilişlərin bağlanması qaçılmaz hala gəlir. Belə bir vəziyyətdə telekanallar müxtəlif alternativ yollarla ayaqda qalmağa çalışır. Dövlət tərəfindən maliyyələşən kanallar, məsələn AzTV, bu baxımdan daha stabil mövqedədir. Digər kanallar isə daha çox ucuz kontentə üstünlük verir – studiya müzakirələri, tok-şoular və sadə əyləncə proqramları bu baxımdan daha sərfəli hesab olunur. Eyni zamanda, sponsorlu layihələrin sayı artır, bəzi hallarda isə xarici serial və proqramların alınması yerli istehsaldan daha ucuz başa gəldiyi üçün üstün tutulur.

Bütün bu proseslərin fonunda əsas nəticə aydındır: televiziya bazarında keyfiyyətli və fərdi yanaşmaya əsaslanan müəllif verilişlərinin sayı azalır. Kanallar daha standart və risksiz kontentə yönəlir, tamaşaçılar isə alternativ olaraq rəqəmsal platformalara üz tutur. Nəticə etibarilə, verilişlərin bağlanması sadəcə redaksiya qərarı deyil. Bu, daha geniş iqtisadi prosesin – reklam bazarında pulun istiqamət dəyişməsinin birbaşa nəticəsidir. Reklam televiziya sektorundan uzaqlaşdıqca, kanallar da bahalı və iddialı layihələri saxlamaq imkanını itirir.

Professor Qulu Məhərrəmli Musavat.com-a bildirib ki, özəl telekanalların öz reklam siyasətini aparıcılar üzərində qurması zərərli tendensiyasıdır. Onun fikrincə, bu halda aparıcı televiziyada dominant gücə çevrilir və istədiyini diktə edir, yəni onun hökmü öndə gəlir: “Ona görə də həmin aparıcılar verilişi bir kanaldan o biri kanala apara bilirlər. Son hadisələr də göstərdi ki, aparıcı üzərində reklam siyasəti qurmaq yanlışdır. Ona görə televiziyaların reklam siyasəti dəyişməlidir. Belə olan təqdirdə, reklamçılar üçün də sərfəlidir ki, başqa verilişlərə sponsorluq etsinlər. Eyni zamanda, şəffaf bir iş qurulmuş olar. Hər halda son qərarlar telekanalların maddi durumuna zərbədir. Amma ümid edirəm ki, bu zərbə başgicəllənmə gətirməyəcək və vəziyyətdən çıxacaqlar. Çünki telekanallarda xüsusi reklam şöbələri var və onlar öz kanallarına çıxaraq bu problemi həll edəcəklər”.

Q.Məhərrəmli hesab edir ki, heç də bütün aparıcıların üstündən xətt çəkmək mümkün deyil: “Onların arasında istedadlı olanları, kommunikasiua qurmağı bacaranlar var. Sadəcə, verilişlərin formatı və tərzi qıcıq yaratdğı üçün bu problemlə üzləşdilər. Məncə, bundan sonra yeni və rəngarəng layihələr olmalıdır. Telekanallar daha geniş aparıcı potensialı yarada bilməlidirlər. Təbii ki, bu da maliyyə ilə bağlıdır. Amma müsabiqələr yolu ilə yeni layihələr gələ bilir. Üstəlik, yeni media mühiti yeni yaradıcılıq imkanları yaradır. Ona görə sosial şəbəkələrdə olan layihələrdən nümunə kimi istifadə etmək, həmçinin, Türkiyə televiziyası ilə əlaqələrdən çox şey udmaq olar. Bir sözlə, televiziya sahəsini dar çərçivəyə salmaq olmaz”.

Link kopyalandı!
Son xəbərlər