Vaşinqtonun İrana qarşı hazırladığı hərbi-siyasi strategiyalarda “İldırım sürətli hücum” ssenarisinin gözlənilən nəticəni verməməsi Ağ Evi daha riskli və mürəkkəb olan “Plan B”yə — kürd faktoruna yönəlməyə məcbur edir. Bu yeni mərhələdə ABŞ administrasiyası təkcə İran daxilindəki silahlı qruplaşmaları deyil, həm də İraq Kürdüstanındakı Peşmərgə qüvvələrini Tehrana qarşı vahid cəbhədə birləşdirməyə çalışır. Lakin bu geosiyasi konstruksiya kağız üzərində nə qədər mükəmməl görünsə də, regionun daxili dinamikası, tarixi ziddiyyətlər və ən əsası Cənubi Azərbaycanın ərazi bütövlüyü kontekstində ciddi partlayış potensialı daşıyır.
Xüsusilə PKK və onun İran qolu olan PJAK kimi terror strukturlarının bu prosesdən yararlanaraq “Rojhelat” (Şərqi Kürdüstan) layihəsini Cənubi Azərbaycan torpaqları hesabına genişləndirmək cəhdləri bölgəni yeni və daha qanlı bir etnik münaqişə ocağına çevirə bilər. ABŞ-nin kimləri silahlandırdığı və bu qüvvələrin xəritələrində Urmiya, Xoy, Salmas kimi tarixi Azərbaycan şəhərlərinin hansı statusda yer alması məsələsi bu gün Cənubi Azərbaycan milli hərəkatı və regional təhlükəsizlik üçün ən kritik çağırışdır.
Məsələni nocomment.az-a şərh edən politoloq, professor Qabil Hüseynli bildirib ki, Vaşinqtonun “kürd kartı”ndan istifadə cəhdləri regionda “Pandora qutusu”nu açmağa bərabərdir:
“ABŞ-nin İrana qarşı kürd qruplaşmalarından proksi qüvvə kimi istifadə etmək planı strateji baxımdan çoxsaylı kor nöqtələrə malikdir. Burada ən böyük təhlükə kürd radikalizminin Cənubi Azərbaycanın tarixi torpaqlarına, xüsusən də Qərbi Azərbaycan vilayətinə olan ərazi iddialarıdır.
Biz görürük ki, PKK, PJAK və ‘Komala’ kimi təşkilatlar anti-İran müharibəsini sadəcə rejim dəyişikliyi kimi deyil, özlərinin uydurma “Rojhelat” xəritələrini reallaşdırmaq fürsəti kimi dəyərləndirirlər.
Onların bu xəritələrə Urmiyanı, Salması, Xoyu və digər strateji Azərbaycan şəhərlərini daxil etməsi birbaşa azərbaycanlı əhaliyə qarşı yönəlmiş etnik təmizləmə riskini yaradır. Vaşinqton bu qüvvələrə silah və hava dəstəyi vəd edərkən, həmin silahların sabah bölgənin etnodemoqrafik mənzərəsini dəyişmək üçün dinc azərbaycanlılara qarşı çevrilməyəcəyinə dair heç bir təminat vermir.
Digər tərəfdən, Tramp administrasiyasının İraq kürdlərini bu prosesə cəlb etmək istəyi həm də İraq Kürdüstanındakı daxili parçalanmaya dirənir. Bərzani və Tələbani klanları arasındakı tarixi rəqabət, peşmərgənin vahid ordu olmaması və kürdlərin ABŞ-yə qarşı dərin inamsızlığı bu planın hərbi uğurunu şübhə altına qoyur. 1991-ci ildə və Suriya böhranında ABŞ-nin kürdləri tək qoyması yaddaşlardan silinməyib. İraq prezidentinin xanımı Şanaz İbrahim Əhmədin “Biz sizin muzdlu əsgəriniz deyilik” bəyanatı bu inamsızlığın bariz nümunəsidir. Üstəlik, monarxist müxalifətin lideri Rza Pəhləvi ilə kürd qruplaşmaları arasındakı ‘separatizm’ davası göstərir ki, İran müxalifəti daxilində vahid ideoloji zəmin yoxdur”.
Qabil Hüseynlinin sözlərinə görə, Cənubi Azərbaycan üçün ən böyük risk məhz müharibənin yaratdığı xaos şəraitində kürd silahlılarının azərbaycanlıların yaşadığı bölgələrdə faktiki nəzarət yaratmaq cəhdidir:
“PKK və PJAK-ın “kanton” siyasəti Suriyada hansı nəticələrə yol açdısa, eyni ssenarini İranın şimal-qərbində tətbiq etmək istəyirlər. Urmiya gölü ətrafındakı torpaqlar azərbaycanlıların milli kimliyinin özəyidir və bu ərazilərə iddia etmək regionu onilliklərlə davam edəcək etnik müharibəyə sürükləməkdir.
ABŞ-nin bu təhlükəli oyunu regionda sabitliyi bərpa etmək əvəzinə, daha böyük humanitar fəlakətlərə və Cənubi Azərbaycanın hüquqlarının tapdanmasına şərait yarada bilər. Buna görə də həm regional güclər, həm də beynəlxalq analitiklər ‘kürd kartı’nın pərdəarxası məqsədlərini aydın görməli və Azərbaycan türklərinin öz tarixi torpaqlarındakı haqlarının qorunması məsələsini ön plana çıxarmalıdırlar”.