20 sentyabr 2019. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı. Seyran Səxavət (ortada ağ kostyumda, ondan solda Hacı Huşəng və Vaqif Aslan) tələbələr arasında
(Seyran Səxavətin”Seçilməmiş əsərlər”inin I cildi ətrafında düşüncələr)
Bəxtiyar Vahabzadə Seyran Səxavəti “Heç kəsi təkrar etməyən yumor” yiyəsi, İsmayıl Şıxlı-“Cəsarətli əsərlər” müəllifi, Xəlil Rza Ulutürk isə “Böyük ədəbiyyat işi” görən ədib kimi dəyərləndiriblər. Nə az, nə çox –26 şöhrətli imza onun “Seçilməmiş əsərlər”inin I cildində (Bakı, “Renessans-A” Nəşriyyat evi, 2015, 272 s.) yaradıcılığına münasibət bildirib, üstəlik tanınmış yazar Xəyalə Zərrabqızı bu cildə “Ön söz” yazıb. Təbii ki, bu siyahı tam deyil...
***
Seyran Səxavət elə ilk gəncliyindən ədəbi yaradıcılığa şeirlə başlayıb. Gənc adam oyanan torpaq kimidir. Elə ki, üzünə ilk dəfə ömrünün yaz gecə-gündüz bərabərliyi anında Novruz mehi dəyir, onda insanın qəlbi, istək və arzuları çiçəkləyir. “Qızıl Araz” qəzetində 1962-ci ildə ilk dəfə işıq üzü görmüş iki bəndlik “İki arzu” şeiri onun oyanmış ürəyinin əks-sədasına və özünüdərkin ifadəsinə çevrilir:
Sual verdi sevgilim
bir gün üz tutub mənə:
-Nədir arzun həyatda,
cavan oğlan, desənə?
*
Dedim:-Həyatda yalnız
iki arzum var, ay qız.
Biri sənət dağının
zirvəsinə ucalmaq.
Biri də ki, səninlə
ömür sürüb qocalmaq.
Seyran Səxavətin beşcildliyinin birinci cildinin ilk rubrikası “Sevirəm” adlanır. Burada “sevdiyi qızın “başı üstündəki səmanı”, “ayağı altındakı torpağı”, “bağçalarından qızgilin bağçasına axıb gedən arxdakı suların şırıltını”, “gizlənpaç oynayarkən o qız gizlənən təndiri” utancaq bir sevgi ilə vəsf edən, “dağ çayı olub dağ yuxarı axa bilmədiyindən şikayətlənən” Seyran Səxavətin sevgi şeirlərində təbiətindən və gəncliyindən irəli gələn çılğınlıq necə də cazibəlidir. 1964-cü ildə qələmə aldığı “Sallandığın qollar” şeirində isə hirsin və qəzəbin, qəzəbin və əzabın ifadəsi özünü göstərir:
İnsan-uzaq mənzil. Böyükdür adı.
İnsanlar ən uzaq mənzilə yetdi.
Səninsə mənzilin uzaq olmadı...
Bu qoldan başlayıb, o qolda bitdi
Seyran Səxavət 1968-ci ildə qələmə aldığı “İlk məhəbbət-son məhəbbət” şerində yaşantılarını belə yekunlaşdırır:
Sən bir soyuq ulduz, mən gözləri nəm...
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm!
Axı, sən ordasan, sən sıxılarsan!
Onun şeirlərində “alagöz məhəbbət”, “alagöz alma ağacı”, “alagöz xatirələr”, “alagözlülər xəstəxanası”, “ağ bir dəniz”, “ağappaq bir dəniz”, “ağ bir həsrət”, “ağappaq bir yuxu” kimi ifadələr (Bax. “evim-eşiyim” şeiri) 1968-ci iləqədərki şeirlərində geniş yer tutur. Sonrakı şeirləri 1971-ci ildə Bişkekdə (o zamana görə, şübhəsiz ki, Frunzedə-V.As.) yazılmış “Yolsuzluq ucbatı” şeiri ilə davam edir. Ailə-məişət məzmunlu bu şeirlərdə mənəvi sarsıntıların iztirablı poetikası vardır.
Şairin “Yol” (1971) şeirində olduğu kimi:
Yaman səhlənkar olmuşam.
Günahkaram.
Bəs sən?
Bilirəm, heç nə deyə bilməzsən.
Bir zaman yaxın olmuşuq
Aramızdakı məsafənin
Uzunluğu-bir qarış.
İnanmırsan, özündən soruş.
Bu “bir qarış məsafəni” “milyard kilometr” uzatmaq istəyən şair onu əslində “milyard kilometr” qısaltmaq istəyi ilə şeirini bitirir.
Seyran Səxavətin tərcümeyi-halına yaradıcılığı fonunda nəzər saldıqda “Balam nə vaxt iməklər” (1971) şeiri diqqətimi cəlb etdi:
Yəqin nifrət edəcəksən
atana.
Sizdən ayrılana,
Sizi atana.
Qızım mənim!
Quzum mənim!
Mən deyim, sən də bil.
Məndən Balaş olmaz!
Anandan Sevil!
Biz sevilə bilmədik...
Barı, sən sevil.
........................
Gəl,qızım, gəl.
Sən tərəfə uzanıb
bir cüt əl.
Bu yazılar “tənhalığın şaxtasında” üşüyə-üşüyə “öz cəzasını çəkən” insan kimi özündən narazılığın poetikasıdır. “Dilimin ucundan dağıtdım gül kimi ailəmi, Güldürdüm özümə aləmi” “Etiraf-ittiham”ı (1971) da bir yandan... Ayrıldıqlarına görə “On dördü martda” (1972) adlı şeirində təbrik edə bilməyəcəyi üçün qızından üzr istəyən ata , ata faciəsi... necə də təsirlidir! O yenə də qızına müracətlə şeirlər yazır... Onun Frunze (Bişkek ) şeirləri bu motivlərlə davam edir. Bu şeirlər onun 1970-1972-ci illərdə sovet ordusunda tərcüməçi kimi xidmət keçdiyi illərə düşür.
Seyran Səxavətin “Həzin-həzin” rubrikasında toplanan şeirləri də məzmun və mündəricə etibarı ilə lirik şeirlərdir. Bu rubrika “Ürək”şeiri ilə başlayır. Şair ürəyini daha da dözümlü olmağa çağırır:
Hələ yıxmalısan qaranlıqları..
Hələ çıxmalısan neçə dağa sən.
Nə ömür yarıdır, nə də gün yarı...
Nə tez başlamısan ağrımağa sən?
Şairin yaddaşında daha bir dünya da vardır ki, onun adı dostluq dünyasıdır. Yusif müəllimə, Qadir Abbasova, İsmayıl oğlu Bəylərə, tarzən Mahmud Ağayevə ithaf etdiyi şeirlərdə (1960) şair nəbzinin ritmi, şair ürəyinin döyüntüsü görünür:
Gül, gülən gözündə şimşəklər çaxsın.
Mizrabı tellərə vur həzin-həzin.
Bu elin qəlbinə süzülsün, axsın
Segah həzin-həzin, şur həzin-həzin.
Onun “Əsgərxan bulağı” (1962), “Ortaboylu kəndim mənim” (1966), “Sarı yoxuş” (1966) şeirləri uşaqlıq yaddaşında şəkillənən lövhələrin lirik-fəlsəfi ifadəsi olmaqla yanaşı, sevgiylə cilalanan poetikasıdır.
Nə uzun hoqqarsan,
nə də törə
Ortaboylu kəndim mənim.
............................
Evlərin də adamların kimi
seyrək-seyrək.
Yaxud da:
Sınıq-salxaq arabasında
dərz daşıyırdı babam
Sarı yoxuşun ayağından başına.
Sarı yoxuş
bir dəfə də güzəştə getməyib
babamın yaşına.
Babası qocaldıqca dəyişsə də, Şairin yaddaşındakı Sarı yoxuş dəyişməyib. Belə demək mümkündürsə, babasının getikcə əsən əllərinə, titrəyən dizlərinə baxıb sarı yoxuşluğundan əl çəkməyən Sarı yoxuş, azacıq da olsa, sarı enişə çevrilməyib, babasının yaşına “güzətə getməyib”dir. Seyran Səxavət belə şairdir. Babası onun doğması, Sarı yoxuş əzizidir. Onun şeirlərində şəhərə doğru addım-addım yaxınlaşan bir şairin doğma Yağlıvənddəki Ları xoruzun banı da, şəhərdəki zəngli saatın “çığırtısı” da eşidilməkdədir.
Seyran Səxavətin “Seçilməmiş əsərlər”inin “Dəniz azadlığı” rubrikasına “Kimsəsiz adalar, yetim adalar” (1966), “Səxavətli baharım” (1964), “Azərbaycan dağları (1965), ”Gəmilər, limanlar” (1968), “Küləklər, dalğalar” (1967) adlı şeirləri daxil edilmişdir.
Bahar gələr, kainat
Gurum-gurum guruldar.
Bu gurultu heç kəsin
Ürəyini qoparmaz.
Bahar səxavətlidir,
Bahar gələr, gətirər,
Bahar gedər, aparmaz.
Burada “Qış gecəsi”, “payız” və s.şeirlər təbiət və təbiət hadisələrinə poetik fərdi-fəlsəfi baxışları əks etdirir.
“Subay planet” rubrikasına daxil olan şeirlərdə isə Yer adlı planetin hər yerində dava-dalaş olduğu üçün yerin elə subay qalmasını məsləhət bilir. Bu mənada onun “Acgözlük” şeiri daha çox ibrətamizdir:
İnsan
torpağı yeyir.
Torpaq
insanı...
Sən bir işə bax!
Nə insan doyur...
Nə də ki, torpaq!
“İtə bax, ee”.. şeirində isə maraqlı bir qarşılaşma vardır. Qida məsələsində insan xisləti və təbiəti ilə heyvan xisləti və təbiəti instinktlər baxımından necə də oxşardır. İtin ağzında sümük, insanın əlində ət vardır. İt ağzındakı sümükdən, insan əlindəki ətdən nigarandır. İt də, insan da yeməyinin əlindən alınacağından qorxur. It üçün ət məqbul olsa da, insan üçün sümük məqbul deyildir. İt əti qapıb qaçsa, eyb etməz, insanın sümüyü qapıb qaçması isə gülünclükdür. Dar bir dalanda biri-birinə yol verməkdə güzəştə getmək it üçün də, insan üçün də tərəddüdlü məqamlar yaradır. Şeir bu sözlərlə bitir:
Mən ona baxdım...
O mənə baxdı...
Deyəsən deyirdi:
Çoxmu gözləyəcəyik
Bu dar dalanda.
Yol ver, tələsirəm.
Nolar adam olanda?
1967.
Yekun şairin müdrikliyindən xəbər verir. Bir Saıbaş (Qax rayonunda kənd-V.As.) atalar sözündə olduğu kimi: İt adama hürsə də, adam itə hürməz. Seyran Səxavət kiçik kəndin simasında dünyanın xəritəsini cıza, adi bir hadisənin timsalında beynəlxalq hadisələri ümumiləşdirə bilən filosof-şairdir. Bir misal: Sovet dönəminin şüarlarla dolu çağında Berlində Beynəlxalq seminar keçirilir, orada müzakirə edilən məsələlərdən biri də Los Ancelosda baş verən zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün görüləcək tədbirlərin müəyyən edililməsidir. Bir çox ölkələr biri-birinə əl tutmaq əvəzinə araqarışdırmaqla baş girləyirlər, Frunzedə olarkən yazdığı “Dünya bu gün” (1971) adlı şeirində məhz bu mövzuya toxunan Seyran Səxavət “Yenə cığallıq eyləyir İzrayıl, Canınızı alsın Əzrayıl” şəklində öz fikrini ifadə edir və “Bakıda nə var, nə yox” kimi qəfil bir sualla şeirini tamamlayır. Və bu qəfil sual ində də qulaqlarda səslənməkdədir...
***
Haşiyə:
1971-ci ildən keçən 40 il ərzində qələmini nəsrdə sınayan və “Yüz ilin kişisi”, “Daş evlər”, “Daş köynək”, “Nekroloq”, “Palıd toxumu”, “Qızıl teşt” kimi əsərləri ilə uğurlar qazanan Seyran Səxavət poeziya kimi cilvəli bir gözəldən sanki uzaqlaşmış kimi görünür. Ancaq bu mümkündürmü?... Əsla və əsla! Nə nəsrdən, nə də şeirdən doymaq olur, nə də ki, onları əldən qoymaq da olur!..
***
Seyran Səxavətin özü də etiraf edir və boynuna alır: “Şəhərlə “salamməleküm”ü kəsib həmişəlik kəndə köçdüm. Şeir məni özünə tərəf elə çəkirdi ki... Bir də gördüm ki... Mən ilk şeirimi kənddə yazmışdım... Bu, bir möcüzədir”.
Bəli, möcüzədir. “Nəsrin yolundan sapıb, şeirin ocaq yerində ayaq saxlayan” şairin ayrı yolu ola da bilməzdi. Onu şair edən təbiət, valeh edən insanlar, xeyir-duaları ilə pərvəriş tapdığı doğmalarının əziz ruhuları kövrəldir, “alagöz xatirələr” onu titrədir və özünə döndərirdi. Axı, o kənd ona ilk şeirini yazdırmışdı... Kitabın “Sevirəm” rubrikası ilə başlaması da təsadüf deyildi, zərurətdan doğan möcüzə idi... Ona “nədir arzun həyatda, cavan oğlan, desənə” sualı o kənddə ünvanlanmışdı və o da o qızın o sualına “İki arzum var, ay qız. Biri sənət dağının zirvəsinə ucalmaq. Biri də ki, səninlə ömür sürüb qocalmaq” cavabını o kənddə vermişdi. Bəlkə də, elə buna görə Seyran Səxavətin “Seçilməmiş əsərlər”inin “Yeni dalğa” rubrikasında verilən yeni şeirlərinin “yeni dalğası” daha çarpıcıdır.
“Yeni dalğa” rubrikasına daxil edilən ikinci şeir onun “unudulmaz və danılmaz Rəsul Rza”nın “Rüşvətxor Binamusoviçə açıq məktub” şeiri ilə eyni adlı şeirdir. Çox təəssüflər olsun ki, mən bu şeirə Rəsul Rzanın beşcildliyində rast gəlmədim. Eyni adlı şeirlər baxımından Seyran Səxavətin şeirini “Rüşvətxor Binamusoviçə ikinci açıq məktub” da adlandırmaq olar. Görünür ki, hər dövrün öz və özgə, bir və bir neçə Rüşvətxor Binamusoviçi olur. Seyran Səxavət şeirini belə bir müraciətlə başlayır.
Rəsul müəllim,
yaman görünür yerin.
Bir az tozanaqdı,
bir az istidi,
bir az sərin.
Yaralar da ki, dərin...
Sən sarı
yaman korluq çəkirik.
...............................
Dörd bir yanda
görməzlik, korluq.
Bir yandan da
bu rüşvətxorluq...
28.XI.2011.
Bu o Rəsul Rzadır ki, mənim düşüncəmə görə, onu şəhər küçələriylə, kəndlər xoruz-beçələriylə, inandığı adamlar neçə neçələriylə, əyni köynəkləriylə, gözü eynəkləriylə, dili neynəkləriylə, içi göynəkləriylə, hakim fərmanlarıyla, həkim dərmanlarıyla, dedi-qodu yapanlar ırman-dırmanlarıyla, hazır kökə tapanlar dənsiz xırmanlarıyla sıxsa da, o, vaxt axarından çıxıb özündənsonrakı zamanların axarında gələcəklərə yol almışdır. Bu sıxıntıları Rəsul Rzanın özü də şeirlərində etiraf edir və bəzən özünə təsəlli verirdi də:
Ən dərin dətyalar da
sahillərin çənbəri içindədir.
Görünür,
Darısqallıq kənarda deyil,
hər meyvənin tumunda,
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
1967.
(Bax. R.Rza. Vaxt var ikən. Bakı, “Gənclik”, 1970, s.40)
Burada “darısqallıq” sözünü məcazi olaraq “rüşvətxorluq” sözü ilə əvəz etmək olar. Onda Seyran Səxavət öz zamaınında yaşadığı bu sağalmaz dərdləri Rəsul Rzaya deməsin, kimə desin? Seyran Səxavət də etiraf edir ki, “indi ən hörmətli adam rüşvətxora deyirlər”. Əzabından və qəzəbindən dininə və donuna sığmayan şair rüşvətxorluğun mahiyyətini kəskin ifadələrlə açıqlayır.
Rüşvətxorun uşağının
əyin haram, başı haram.
Beyni haram, yaşı haram.
Üzü, gözü, qaşı haram.
Arvadının üzüyünün qaşı haram.
“Müdrik” adlı şeirində şəhərdən baş götürüb kəndə qaçandan sonra şəhərdə olduğu kimi orada da vəzifəli hər hansı bir adama “müdrik adamsan” deyildiyini eşidincə mənəvi tarazlığın pozulduğunu görən Seyran Səxavət sarsılır.
Rus fətvası və erməni əli ilə Göyçədə qədim qəbristanlıqların, o cümlədən Aşıq Alı, Aşıq Ələsgər kimi ustadların qəbirlərinin xışlandığını, Qarabağda “Mirzə Həsən” və “İmarət” qəbristanlıqlarının tankların tırtılları altında xıncım-xıncımn doğrandığını, qaçqın və köçkün gününə salınandan sonra birinə “yeraz”, digəirinə “qıraz” deyilməsini görəndə qırx ildən sonra yenidən şeirə qayıdan Seyran Səxavət ağrılarını şeirlə ovudur.
“ATƏT-in Minsk qrupu”, “Avropa standartı, yaxud siyasi kulinariya”, “Qarabağın daşı yaman ağırdı, yaxud tətik” şeirində, əslində poemasında ATƏT-in Minsk qrupu”nun üzvlərini- ABŞ-ni, Rusiyanı və Fransanı “hər şeyə yol axtaran üç bacı” adlandırır. Bu adlar, bu adların ehtiva etdikləri çalarlar onu qorxudur:
Başıma nə gəlirsə
Ürəyimə damandı.
Yenə gəlir üç bacı
Qoyma gəlsin, amandı!
“Avropa standartı, yaxud siyasi kulinariyə” adlı şeirində isə Seyran Səxavət Avropa standartının standart tərifini verir:
-Nə deməkdir standart?
-Heç nə.
Mən bu başdan dartım.
Sən də o başdan dart.
Onun poemaları da şeirləri kimi lirik-fəlsəfi və xəfif-yumoristikdr. “Dördmərtəbəli dünyanın beşinci mərtəbəsi” adlı poemasında xalq dünyagörüşündən çıxış edərək “Bu dünya pəncərədir, hər gələn baxar, keçər” və ya “dünya mehmanxana, sənsə bir qonaq” fikri ilə dünyanı qəribə qonaq evinə bənzədir.
Onun təsvir etdiyi dünyanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbəsinin hər birindən “yanmış ət qoxusu gəlir. Təkcə beşinci mərtəbədən Xrosimanın, Naqasakinin yanıq qoxusu kimi daha kəskin qoxu insanı başını gicəlləndirir.
Dünyanın birinci mərtəbəsi mətbəx iyi verir, orada qəzəb, etiraz, körpə hıçqırtısı, orada dava-dalaş, qorxu-təlaş vardır Birinci mərtəbə “bəstəkarsız, şairsiz və sairsiz” mərtəbədir.
İkinci mərtəbədə bostan, dirlik , öküzlərin və adamların hüquq bərabərliyi (it yiyəsini tanımır-V.As.) var. Orada balıqları qışqırda-qışqırda,çiy-çiy yeyirlər, bic doğmaq qadağan deyil (lap indiki Epşteyn adasında olduğu kimi-V.As.), özbaşnalıqdır. Dünya leş kimidir-sökən-sökənədir-V.As.
Üçüncü mərtəbədə insanlar gördüklərini danışmasınlar deyə ağız tikişxanaları var, görk olsun deyə asılqanlardan adamlar asılıb, körpələr doğulmaq istəmir.
Dördüncü mərtəbəyə gedən yol restoranlardan keçir, sərxoş gözlərdə dünyanın təzə xəritəsi var, burada heç nəyə ümid yoxdur. Adamlar ciblərində atom bombası gəzdirirlər, lüt qızlar balıq kimi akvariumlarda üzür, burada xanımlar da, itləri də, qəbristanlıqlardakı meyitlər də sərxoşdurlar. 13-cü otaqda prezidentə güllə atırlar, 21-ci otaqda qardaşlar itmiş qardaşları ilə görüş keçirirlər, mərtəbə qəzetləri ağlına gələni yazır, qadınlar bir-birin hörükləyir, kişilər bir-birini sürükləyirlər.
Dördmərtəbəli dünyanın beşinci mərtəbəsi vələdüznaların əli ilə qurulmaqda olan mərtəbədir və onun tüstüsü yaxşı adamların təpəsindən çıxır. Çalınan orkestrə oynayanların başına Amerika dolları tökülür ki, yaxşı oynasınlar. “İşsizlik” mahnısı oxuyan xor kapellası da bir yandan...
Insan qanı içənlər “Kursio Molaparta” deyə qışqırır, “Ante Paveliçə 20 kilo insan gözünü hədiyyə verənlər” də o biri yandan... Dünya budaqlarına üç milyard (indi 8 milyard- V.As.) adam qonmuş bir ağac kimi titrəyir. Lap elə “Edda”dakı İqdirazil kimi. Bir tərəfdə nsanların göz yaşlarından axan sular durulmağa başlasa da, digər bir tərəfdə milyonların qanı sorulur.
Əsər 1971-ci ildə yazıldığından Marksizm-Leninizm notları ilə sonlandırılsa da, dünya ağacının budaqlarından körpə yelləncəkləri asılacağı ümidi ilə sonlandırılır.
Seyran Səxavətin ikinci poeması da birinci poeması kimi 1971-ci ildə qələmə alınmışdır. Birinci poeması “Beş mərtəbə” olduğu kimi, ikinci poeması da “Beş guşə”dir.
Birinci güşədə insan insan dünyaya gəlir.
İkinci guşədə insanlar artır və çoxalır, qitə-qitə yayılır, millətlərə, şəhərlərə, kəndlərə, dövlətlərə bölünür,
Üçüncü guşədə bölünmələr insanları bədbəxt edir. “Sağa-sola bölünmələr
Araz boyda sərhədə, Vyetnam boyda dərdə gətirib çıxarır”. Bu dərdin necəliyini indi dünyamıza qənim kəsilən ABŞ-İsrail birgəliyində, açıq və gizli koalisiyaların simasında da aydınca görürük.
Dördüncü guşədə isə insan ölür, ölən insanın ulduzu axıb yox olur. Yerdə insan, göydə ulduz azlır. Rəsmi və qeyri-rəsmi qəzetlərdə ölən ulduzların nekroloqları çap edilir. Çap edilməyənləri də olur. Rəsmi ölüm və böyük ulduzların yanında dəfn edilmək şərəf sayılır.
Beşinci guşədə dünya boşalmadan dolur. İnsan-Ulduz qırğını lazımdır. Artıq ulduz doğandan vergi alırlar. Əlac ondadır ki, hərə öz ulduzuna çəkilsin. Poema bu sətirlərlə bitir:
Hərənin öz ulduzu var
Hərə öz ulduzuna çəkilsin.
.......................................
Sizi öz əlimlə yola salacam.
Yer də mənimdir!
Mən yerdə qalacam!
***
Haşiyə: Seyran Səxavəti adi və sadə bir yazıda dəyərləndirmək, mümkün deyildir.
Şəxsiyyəti və yaradıcılığı daha ciddi bir yanaşma tələb edən 80 yaşlı Seyran Səxavət müasir nəsrimiz və poeziyamızda yeni bir qat və yeni mərhələdir. Onu öz ədəbi yüksəkliyi və öz bədii öngörücülüyü ilə öyrənmək ədəbiyyatşünaslığımızı daha da zəngin və daha da möhtəşəm edəcəkdir.
Sonda Seyran Səxavəti dostu və oxucusu kimi bağrıma basır və deyirəm: “Əziz Seyran Səxavət, 80 yaşınız mübarək! Gələcək illərə qənşər gedişiniz uğurlu olsun! Doğmalarının və dostlarının əhatəsində məğrur və xoşbəxt görünürsünüz”!
Aztv-də “Körpü”verilişindən sonra. Soldan: Vaqif Aslan, Sayman Aruz, Seyran Səxavət, Allahverdi Məmmədli və Mahir Qəribov.
Vaqif Aslan
AYB Şəki bölməsinin sədri