ABŞ-ın İran planındakı GİZLİ FİQUR! – Bütün qərarları o verir - FOTO
427
11:34, Bu gün

ABŞ-ın İran planındakı GİZLİ FİQUR! – Bütün qərarları o verir - FOTO

Yaxın Şərqdə ABŞ-İsrail ilə İran arasında getdikcə artan gərginlik Vaşinqtonun regiondakı hərbi strategiyasının mərkəzində olan bir adı yenidən gündəmə gətirdi.
 
Moderator.az xəbər verir ki, Lent.az-ın əməkdaşı bununla bağlı bir sıra nüfuzlu xarici mediaya istinadən araşdırma hazırlayıb. Həmin məqaləni təqdim edirik:

Söhbət ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperdən gedir. Bəs bu şəxs kimdir? Bu müharibədə hansı rolu oynayır və nə işlər görür? Maraqlısı isə odur ki, o, yalnız bir komandan kimi fəaliyyət göstərmir.

Admiral Bred Kuper ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların koordinasiyasını təmin edən ən yüksək səviyyəli komandandır. 30 ildən artıq hərbi təcrübəyə malik olan Kuper təkcə döyüş əməliyyatlarını idarə etmir, eyni zamanda Vaşinqtondakı siyasi qərarvericilər, regiondakı müttəfiq ölkələr və hərbi liderlər arasında mühüm körpü rolunu oynayır.

Onun bu mövqeyə yüksəlişi ani olmayıb. Karyerası boyunca dəniz əməliyyatlarından diplomatik əlaqələrə, Konqreslə münasibətlərdən İsraillə hərbi əməkdaşlığa qədər geniş təcrübə toplayıb və bu, hazırkı vəzifəsinin əsasını təşkil edir.

Xüsusilə 2024-cü ilin yay ayları qlobal dəniz ticarəti baxımından ən kritik dövrlərdən biri olub. Yəməndə fəaliyyət göstərən husilərin Qırmızıdənizdə beynəlxalq ticarət gəmilərinə hücumları dünyanın ən mühüm ticarət marşrutlarından birini ciddi təhlükə altına salıb. Bu gün də oxşar vəziyyət Hörmüz boğazında müşahidə olunur.

Husilərin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar beynəlxalq dəniz daşımalarına birbaşa təsir edib. Qırmızıdəniz marşrutu Avropa ilə Asiya arasında enerji və yük daşımaları üçün həyati əhəmiyyət daşısa da, təhlükəsizlik riskləri səbəbindən bir çox gəmi bu yolu istifadə etməkdən imtina edib. Bunun əvəzinə gəmilər Afrikanın cənubundan keçən daha uzun və baha marşrutlara yönəlib. Bu isə təkcə nəqliyyat sektoruna deyil, qlobal ticarət və enerji bazarlarına da ciddi təsir göstərib.

ABŞ və Böyük Britaniyanın husi hədəflərinə endirdiyi hava zərbələri əvvəlcə çəkindirici addım kimi qiymətləndirilsə də, avqust ayına qədər gözlənilən nəticəni vermədiyi məlum olub. Husilər iki ticarət gəmisini batırıb və hücumlar zamanı bir çox ekipaj üzvü həyatını itirib. Bu isə regiondakı böhranı daha da dərinləşdirib.

Anadolu Agentliyinin məlumatına görə, 15 mart tarixində husilər Hacce şəhərində iftar vaxtı insanların olduğu əraziyə raket hücumu həyata keçirib. İlkin məlumatlara əsasən, aralarında uşaqların da olduğu 8 nəfər həlak olub, yaralananlar var.

Strategiyanı sahəyə daşıyan komandan

Həmin dövrdə ABŞ Mərkəzi Komandanlığında ikinci ən yüksək vəzifədə olan vitse-admiral Bred Kuper böhranı yerində görmək üçün fərqli qərar qəbul edib. O, əməliyyatları Vaşinqtondan izləmək əvəzinə birbaşa bölgəyə gedib.

CNN-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyində Yaxın Şərq üzrə məsul şəxs Den Şapiro bildirib ki, Kuper yalnız hesabatlarla kifayətlənmir, gəmi komandirləri ilə birlikdə dənizə çıxaraq əməliyyatları yerində izləyir. Bu yanaşma qərarların real vəziyyətə daha uyğun qəbul edilməsinə şərait yaradıb və Kuperin karyerası boyu üstünlük verdiyi “sahədən idarəetmə” prinsipini əks etdirir.

İrana qarşı əməliyyat planı

Qırmızıdəniz böhranından sonra Bred Kuperin rolu daha da artıb. Admiral rütbəsinə yüksələn Kuper hazırda ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi əməliyyatlarına rəhbərlik edən CENTCOM-un başındadır.

28 fevralda ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat əmri verməsindən bir gün əvvəl Kuper Ağ Evdə keçirilən təhlükəsizlik iclasında prezidentə geniş hərbi brifinq təqdim edib. Bu iclasda İranla bağlı mümkün hərbi ssenarilər müzakirə olunub. Bu brifinq ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlarının başlanmasında həlledici rol oynayıb. Əməliyyatların başlaması ilə regionda gərginlik sürətlə artıb. İranın ABŞ hərbi bazalarına, Körfəz ölkələrinə və ticarət gəmilərinə hücumları münaqişənin regional müharibəyə çevrilməsi riskini artırıb. Bu isə qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Münaqişənin ilk mərhələsində ABŞ ordusu da itkilər verib. Bundan əlavə, ABŞ-ın İranda qız məktəbinə hücumu nəticəsində 168 uşağın öldüyü iddiası Vaşinqtonda siyasi mübahisələrə səbəb olub. Konqresdə bu hadisə ilə bağlı araşdırma tələb edilib.

CENTCOM komandirlərinin tarixi rolu

ABŞ Mərkəzi Komandanlığı ölkənin ən mühüm hərbi strukturlarından biridir və Yaxın Şərqdəki əməliyyatlara rəhbərlik edir. Tarixdə Norman Şvartsqopf və Devid Petraeus kimi tanınmış generallar da bu vəzifədə çalışıb. Bu gün Bred Kuper də eyni səviyyədə məsuliyyət daşıyır. Pentagonun illərdir hazırladığı İran planlarının həyata keçirilməsi onun rəhbərliyi altında baş verir. Lakin bu planların tətbiqi həmişə regional müharibə riskinə görə ehtiyatla yanaşılıb.

Kuperi fərqləndirən əsas xüsusiyyətlərdən biri Vaşinqtondakı siyasi dairələrlə güclü əlaqələridir. 1989-cu ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirən Kuper Harvard və Tufts universitetlərində təhsil alıb, strateji kəşfiyyat üzrə magistr dərəcəsi əldə edib. O, Ağ Evdə hərbi müşavir, Müdafiə Nazirliyində rəhbər və ABŞ Donanmasının qanunvericilik işləri üzrə rəhbəri kimi çalışıb. Bu təcrübə ona qərarvermə mexanizmlərini yaxından anlamağa imkan verib.

Obama dövründə Ağ Evdə rolu

Barak Obama dövründə Ağ Evdə çalışan Kuper İraqdakı ABŞ hərbi qüvvələrinin azaldılması prosesində iştirak edib. Eyni zamanda Mişel Obamanın qazilərə dəstək proqramında koordinasiya rolunu oynayıb. Bu, onun yalnız hərbi deyil, sosial və siyasi sahələrdə də aktiv fəaliyyət göstərdiyini göstərir.

İsraillə yaxın əlaqələr

Kuperin karyerasında İsraillə sıx əməkdaşlıq xüsusi yer tutur. ABŞ Donanmasının Beşinci Donanmasına rəhbərlik etdiyi dövrdə Bəhreyndə yerləşən bazada İsraillə yüksək səviyyəli hərbi əməkdaşlıq qurulub. İki ölkə arasında birgə əməliyyatlar, zabit mübadiləsi və regional dəniz nəzarət şəbəkəsi yaradılıb. Bu əlaqələr hazırkı müharibədə koordinasiyanı asanlaşdırıb.

Kuper həmçinin ABŞ rəsmiləri ilə birlikdə Oman vasitəsilə İranla aparılan dolayı danışıqlarda da iştirak edib ki, bu da hərbi rəhbər üçün nadir hal hesab olunur.

Müharibənin mərkəzində, nəticə isə qeyri-müəyyəndir

Hazırda Bred Kuper ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatların mərkəzindədir. Lakin müharibənin necə nəticələnəcəyi hələ də qeyri-müəyyəndir. Ekspertlərin bildirdiyinə görə, onun üzərinə düşən əsas vəzifə siyasi qərar qəbul edilənə qədər əməliyyatların davamlılığını təmin etməkdir və bu, müasir ABŞ hərbi tarixində ən mürəkkəb missiyalardan biri hesab olunur.

Link kopyalandı!
Son xəbərlər