Kollektiv Qərb üçün Hörmüz sınağı – Müharibədən SONRA...
201
14:05, Bu gün

Kollektiv Qərb üçün Hörmüz sınağı – Müharibədən SONRA...

Fevralın 28-dən etibarən başlayan İran böhranı Qərb dünyasının daxilindəki ziddiyyətləri də üzə çıxarıb. Xüsusilə Donald Tramp administrasiyasının sərt ritorikası və Tehrana qarşı maksimal təzyiq strategiyası fonunda ABŞ ilə onun ənənəvi müttəfiqləri arasında gözlənilməz fikir ayrılıqlarının yaranması diqqətdən yayınmır. Avropa paytaxtları və bəzi regional tərəfdaşlar açıq şəkildə hərbi eskalasiyadan yayınmağa çalışır, diplomatik həll yollarını ön plana çəkir. 

Birləşmiş Ştatlar əvvəlki kimi vahid cəbhə formalaşdırmaq gücünü saxlayırmı? Yoxsa müttəfiqlər artıq öz milli maraqlarını önə çəkərək, ABŞ-ın strateji xəttindən məsafə saxlayırlar? Bu qarşıdurma başa çatdıqdan sonra ABŞ müttəfiqləri ilə münasibətlərini yenidən dizayn edəcəkmi?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında qeyd etdi ki, ABŞ-ın müttəfiqlərini bu məsələlərdə başa düşmək lazımdır:

“Həqiqətən də Yaxın Şərqdə İran ətrafında gərginliyin artması təkcə regional təhlükəsizlik məsələsi kimi deyil, eyni zamanda, Qərb dünyasının daxili siyasi balanslarını sınağa çəkən mühüm geosiyasi hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə Tramp administrasiyasının İran siyasətində sərt və konfrontasiya xətti bu ziddiyyətləri daha görünən edib.

ABŞ-nin təşəbbüslərinə münasibətdə Avropa dövlətlərinin daha ehtiyatlı və balanslı mövqe sərgiləməsi əslində başa düşüləndir. Avropa İttifaqı ölkələri hərbi eskalasiyanın davam etməsinin yalnız regionda deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqtisadi sabitliyə ciddi zərbə vuracağından haqlı olaraq ehtiyat edir. Bu baxımdan Hörmüz boğazı ətrafında təhlükəsizlik təşəbbüslərinə birmənalı dəstəyin verilməməsi təsadüfi deyil. Avropa paytaxtları bu cür addımların gərginliyi daha da artıra biləcəyini düşünür”.

Politoloqa görə, bu vəziyyət Vaşinqtonun qlobal liderlik modelində müəyyən transformasiyanın baş verdiyini göstərir:

“Soyuq müharibədən sonra formalaşmış “vahid Qərb cəbhəsi” anlayışı artıq əvvəlki qədər monolit deyil. Vaşinqtonun çağırışlarına avtomatik dəstək verilməsi mərhələsi tədricən arxada qalır. Bunun əvəzində müttəfiqlər daha praqmatik yanaşma sərgiləyərək öz milli maraqlarını ön plana çəkirlər. Xüsusilə enerji asılılığı, regional sabitlik və daxili ictimai rəy kimi faktorlar Avropa ölkələrinin qərarlarına birbaşa təsir edir.

Digər tərəfdən, ABŞ daxilində də İran siyasətinə münasibətdə konsensusun olmaması bu parçalanmanı daha da dərinləşdirir. Sərt xətt tərəfdarları Tehrana qarşı təzyiqlərin artırılmasını zəruri hesab etsələr də, daha ehtiyatlı yanaşmanı müdafiə edən siyasi dairələr bunun uzunmüddətli perspektivdə ABŞ-ın maraqlarına zidd ola biləcəyini vurğulayırlar. Bu isə Vaşinqtonun xarici siyasətinin ardıcıllığı və etibarlılığı ilə bağlı suallar doğurur”.

Ekspert onu da diqqətlərə çatdırdı ki, İranla mümkün qarşıdurma yalnız hərbi müstəvidə deyil, eyni zamanda, diplomatik və siyasi platformalarda da ciddi sınaqlarla müşayiət olunur:

“Əsas məsələ ondan ibarətdir ki, bu prosesdən sonra ABŞ müttəfiqləri ilə münasibətlərini necə formalaşdıracaq. Əgər Vaşinqton daha inklüziv və məsləhətləşməyə əsaslanan yanaşmaya keçərsə, Qərb blokunda müəyyən balans bərpa oluna bilər. Əks halda, birtərəfli qərarların davam etməsi müttəfiqlər arasında etimadın daha da azalmasına və strateji məsafənin artmasına gətirib çıxara bilər. Odur ki, İran böhranı Qərb dünyasında gizli qalan ziddiyyətləri üzə çıxarmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşdığını göstərir. Bu prosesin necə yekunlaşacağı isə yalnız regionun deyil, bütövlükdə qlobal nizamın gələcəyinə təsir edəcək əsas faktorlardan biri olacaq”.

Link kopyalandı!
Son xəbərlər