BMT-nin konfransında Azərbaycanın QHT təmsilçiləri də iştirak edir - FOTO
319
11:55, Bu gün

BMT-nin konfransında Azərbaycanın QHT təmsilçiləri də iştirak edir - FOTO

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında Azərbaycan vətəndaş cəmiyyətlərini “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva və təşkilatın idarə heyətinin üzvü, rəqəmsal yaradıcı Günay Həsənova təmsil edirlər.
 
Moderator.az xəbər verir ki, martın 19-a qədər davam edəcək sessiya çərçivəsində Azərbaycan nümayəndələri beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bir sıra görüş və müzakirələr keçiriblər. Müzakirələr zamanı “Qadınların ədalətə çıxışında mədəniyyətin rolu” mövzusuna üstünlük verilib. Həmçinin qadın hüquqlarının müdafiəsi, mədəniyyətin sosial ədalətin təşviqində rolu və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 
Konfrans çərçivəsində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ilə iki beynəlxalq QHT arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədlər gələcəkdə qadınların hüquqlarının qorunması, mədəniyyətlərarası dialoq və sosial layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
 
Azərbaycan QHT təmsilçiləri martın 13-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi yan tədbirə də qoşulublar. Tədbirdə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, gender bərabərliyinin təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılıb.
 
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi sədrinin Nyu-Yorka səfərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib.
Link kopyalandı!
Son xəbərlər