356
17:52, Bu gün

"Rusiyanın yaz hücum kampaniyası artıq iflasa uğrayıb" - Zelenski 

 
"Ukraynanın zərbələri və cəbhədə dəyişən taktika Moskvanın yaz-yay planlarını çətinləşdirir..."
 
Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşdə bildirib ki, Rusiya ordusunun planlaşdırdığı yaz hücum kampaniyası artıq faktiki olaraq uğursuzluğa uğrayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.
 
Cəbhədə uğursuz yaz kampaniyası
 
Onun sözlərinə görə, Moskva hücumu baharın əvvəlində tam miqyasda başlatmağı planlaşdırsa da, bu planlar həyata keçməyib. Prezident qeyd edib ki, Rusiya ordusu bəzi istiqamətlərdə hücum cəhdlərini davam etdirsə də, bunlar əsasən kiçik miqyaslı sızma və fasiləsiz şturm taktikası ilə məhdudlaşır. Zelenskiyə görə, texnika ilə geniş irəliləyiş mümkün olmur, çünki Ukrayna qüvvələri zirehli texnikanı məhv edir və düşmən böyük əməliyyatlar həyata keçirə bilmir.
 
Ukraynanın zərbələri Rusiyanın planlarını çətinləşdirir
 
Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu "ISW) analitiklərinin hesabatına görə, Ukrayna ordusu son aylarda cəbhədən 20-120 kilometr məsafədə yerləşən rus logistik obyektlərinə, texnikasına və canlı qüvvəsinə daha intensiv zərbələr endirməyə başlayıb.
 
Bu zərbələr Rusiyanın HHM imkanlarını zəiflədir, raket hücumlarının təsirini azaltmağa kömək edir və eyni zamanda Moskvanın planlaşdırdığı yaz-yay hücumunun tempini aşağı salır. Ukrayna qüvvələri xüsusilə işğal olunmuş ərazilərdə komanda məntəqələrini, silah anbarlarını və HHM sistemlərini hədəfə alır.
 
Bundan başqa, Ukrayna ordusu artilleriya və reaktiv yaylım atəş sistemlərinə qarşı zərbələri də gücləndirib. Analitiklər hesab edir ki, bu addımlar Rusiyanın mümkün quru əməliyyatları üçün hazırlıq mərhələsini çətinləşdirə bilər.
 
Müharibənin dayanacağına dair əlamət yoxdur
Zelenskinin sözlərinə görə, Moskvanın müharibəni dayandırmaq niyyəti görünmür. Onun fikrincə, Rusiya hələ də gələcək illər üçün hərbi planlar hazırlayır və əsas diqqəti silah istehsalının artırılmasına yönəldir.
 
Ukrayna rəhbərliyi qeyd edir ki, Rusiya raketlərin sayını müəyyən qədər azaltsa da, pilotsuz uçuş aparatlarının istehsalını sürətlə artırır. Bu isə müharibədə dronların daha geniş istifadə olunacağını göstərir. Nəticədə həm Ukrayna rəhbərliyi, həm də beynəlxalq analitiklər hesab edir ki, cəbhədə taktika dəyişsə də, müharibənin yaxın vaxtda dayanacağına dair real siqnallar hələ görünmür.
Link kopyalandı!
Son xəbərlər