İlahiyyatçı deputatdan İranla bağlı ŞOK AÇIQLAMALAR - Tezliklə...
618
14:55, Bu gün

İlahiyyatçı deputatdan İranla bağlı ŞOK AÇIQLAMALAR - Tezliklə...

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Musavat.com-a geniş müsahibə verib.

Moderator.az xəbər verir ki, həmkarımız millət vəkili ilə sensasion fikirlərlə zəngin İran müzakirəsinə keçməzdən əvvəl Ramazan ayından, orucluqdan, onun üstünlüklərindən bəhs edib.

Müsahibəni təqdim edirik.

- Ceyhun bəy, oruc tutmusunuz, eləmi?

- Bəli.

- Allah qəbul eləsin. Orucluq necə davam edir? Narahatlıq olmur ki?

- Xeyr, şükürlər olsun.

- Milli Məclisdə, həmkarlarınız arasında oruc tutanların sayı çoxdur?

– Bəli, oruc tutanlar var. Arada tədbirlərdə görüşürük.

- Bu aralar özünüzü necə hiss edirsiniz?

- Ümumiyyətlə, Ramazan tamam fərqli bir aydır, tamam fərqli bir ab-havası var. Mənim üçün Ramazan ayı daha bərəkətli olur. Daha çox iş görürəm, daha məhsuldar oluram, daha çox tədbirə getmək olur. Düzdür, bir az yuxusuzluqla bağlı məsələlər olur. Amma mühit elə olur ki, adam özündə enerji hiss edir. Görürsən ki, bütün işləri çatdırdın, bütün tədbirlərə gedə bildin. O mənada şükür. Bəzən bilmirsən vaxt necə sürətlə gəldi-getdi. O qədər sürətlə keçir ki... Təbii, bu, həm də işlə bağlı bir məsələdir. Həm də məhsuldarlıq var.

- Gün ərzində nə qədər yatırsınız?

- Bəzən 2-3 saat, bəzən 5 saat. Bilirsiniz ki, mən verilişə də gedirəm. “Space TV” də “İnam” verilişi var. Ora gedəndə daha az yatırıq. Elə gün olur ki, 2-3 saat, elə gün olur 5 saat yatıram. Yəni 5 saatdan çox olmur. Amma Ramazanda belə rejimdə də işləmək olur. Adi vaxtlarda isə o rejimdə işləmək mümkün deyil, çətin və bir az da yorucu olur.

- Qəzanız olmayıb orucluqda?

- Yox, Allaha şükür. Düzdür, bir-iki səfərimiz oldu. Arada Lerikə getdik, gəldik. Düşündüm ki, orucumu açım, yoxsa açmayım? Sonra qərar verdim ki, yox, açmayım, qalsın. Bu həftə Zaqatalaya səfərimiz var idi. Orada da fikirləşdim ki, tutum, yoxsa tutmayım? Amma şükür, tutdum. Bilirsiniz, din icazə verir ki, səfərdəsənsə, oruc tutmaya bilərsən.

- Amma qəzası ağırdır, səhv etmirəmsə, 60 günlük oruc gəlir üzərinə, eləmi?

- Yox, səfərdəsənsə, bir gün. Bilərəkdən pozsan, 60 gündür. Üzrlü səbəbdən pozsan, bir gün qəza olur. Amma sonra onu tutmaq çətin olur. Çünki baş qarışır, işlər, görüşlər olur. Bəzən görürsən ki, aradan çox vaxt keçir və unudursan. Ona görə çalışıram ki, davamlı tutum.

- Qida rasionunda nə kimi dəyişikliklər var?

- Açığı, maraqlıdır, demək olar ki, insan aclığı o qədər də hiss etmir. Ramazanın da bir qəribə məsələsi var ki, adi vaxtlarda günortaya az qalmış artıq insan o həyəcanı yaşayır ki, mütləq yemək yeməlidir. Amma Ramazanda belə deyil. O aclığı çox da güclü hiss etmirsən. Sadəcə Ramazanda bir məsələ var ki, axşam gec yemək yeyirsən, gərək bir az gözləyəsən. Bəzən gözləyə bilirsən, bəzən isə yox. Yəni yemək yeyib, gəzəsən gərək. O da bir az çətin olur. Mən adi vaxtlarda bir az gəzirəm, idman edirəm. Ramazanda isə artıq idman etməyə imkan olmur. Həm də çalışırsan ki, enerjini qoruyasan.

- Bilirəm ki, siqaret çəkmirsiniz, eləmi?

- Yox, siqaret çəkmirəm. Siqaret çəkənlər üçün çətindir. Mən hərdən baxıram ki, siqaret çəkənlər iftar vaxtı çatan kimi, ən birinci qaçırlar siqaret çəkib, gəlsinlər yeməyə. (Gülür) Şükür, mən siqaret çəkmirəm, amma onlar üçün çətin olduğunu bilirəm. Çünki onlar vaxtın çatmasını gözləyirlər, dəqiqələri sayırlar ki, siqaret çəksinlər.

- Qədr gecələri siz də oyaq qalırsınız?

- Bəli, demək olar ki, bütün gecəni. Bir gün efirdə keçirdik, gecə saat 1-dən 6-ya qədər. Ötən Qədr gecəsində də demək olar ki, 1 saat yatdım, səhər iclasa gəldim.

- Bu, sağlamlığınıza problem yaratmır ki?

- Bir az yaradır. Yuxusuzluq mənim üçün ciddi problemdir. Amma düşünürəm ki, bayramda bir az kompensasiya edərik. Düzdür, onda da işlər çox olacaq.

- Qədr gecələrində ilk duanız nə olur?

- Müxtəlif dualar olur. Amma səmimi desəm, mənim çox etdiyim dualardan biri ölkəmizlə bağlı olur ki, Allah bizə bu əmin-amanlığı, sabitliyi çox görməsin. Çünki sabitlik qədər önəmli heç nə yoxdur.

- Bölgəmizdə baş verən hadisələr, xüsusilə Ramazan ayında yaşananlar hər birimizi narahat edir. Bütün bunlar sizə necə təsir edir? Belə görünür ki, proseslər İranla məhdudlaşmayacaq, ətrafdakı müsəlman ölkələrini də ağuşuna alacaq. Bu proseslərdən nələr gözləyirsiniz?

- Açığı, hesab edirəm ki, hər bir normal insanı insan ölümü üzməlidir, ona pis təsir etməlidir. Təbii ki, bu qədər insanın həyatını itirməsi çox üzücüdür. Fikirləşəndə ki, dünyamız nəyi bölə bilmir, o da ayrı bir məsələdir. Ən üzücü cəhət odur ki, son illər müsəlman ölkələrində davamlı müharibələr, qarşıdurmalar və insanların həyatını itirməsi çox ciddi təsirləri olan məsələlərdir. Biz də o taleyi yaşamışıq,  torpaqlarımız işğalda olub, doğmalarımızı itirmişik, şəhidlər vermişik. Eyni zamanda İranda yaşayan soydaşlarımızın və ümumiyyətlə, digər insanların həyatını itirməsi də çox üzücüdür.

- Dünyada ən çox azərbaycanlının yaşadığı bir ölkədən söhbət gedir…

- Bəli. Son günlərdə siz də sağ olun, yaxşı bir yazı yazmışdınız. Tarixi abidələrin dağıdılması da çox narahatedici haldır. Bu tarixi abidələr yalnız bir xalqa, bir millətə məxsus deyil, bütün dünya irsinə məxsusdur. Bu müharibədən abidələrin, məktəblərin xətər görməsi, xüsusilə uşaqların həyatını itirməsi çox ağrılıdır, narahatedicidir. Həm də biz qonşuyuq və qonşuda baş verən hadisələr təbii ki, bizi də çox ciddi şəkildə narahat etməlidir. Müharibə artıq region ölkələrinə də ciddi sirayət edib və bu da əslində ciddi təhlükələrdən xəbər verir.

- Körfəz ölkələrinin də İrana qarşı savaş açması, müharibənin miqyasının genişlənməsi təhlükəsi varmı?

- Mən hesab edirəm ki, onlar bunu etməməlidir. Həm də mənim o sahə ilə bağlı uzunmüddətli təcrübəm var, o bölgə mənim araşdırma sahələrimdən biridir. Yəni mən onu qəti şəkildə arzulamıram. Yəni bu, müharibənin bitməsinə qəti şəkildə kömək etməyəcək, müharibəni daha da alovlandıracaq. Ona görə də Körfəz ölkələrinin təmkin nümayiş etdirməsi təqdirəlayiqdir. Düzdür, çox üzücüdür ki, dağıntılar var, insanlar həlak olur, xəsarət alırlar. Amma bir anlıq təsəvvür edin ki, regiondakı müsəlman ölkələri, regindakı dövlətlər hamısı müharibəyə qalxsa, bunun necə ciddi fəsadları ola bilər.

- Okeanın o tayından savaşa qatılmağa ehtiyac olmaz, eləmi?

- Bəli. Əslində burada bir siyasət də var ki, region dövlətləri prosesə qoşulsunlar.

- Ancaq Azərbaycan nümunəsi də var. Dövlətimizin başçısı qətiyyətli, prinsipial mövqeyini ifadə etməklə yanaşı, təmkinini də nümayiş etdirdi, körpülərin yanmaması üçün əlindən gələni etdi, bu siyasət də özünü tamamilə doğrultdu...

- Əslində biz bəzən əlimizdə olan nemətləri xalq olaraq lazımi qədər dəyərləndirə bilmirik. Amma cənab Prezidentin, dövlətimizin apardığı siyasət bizi bir çox bəlalardan və faciələrdən xilas etdi. Əgər düzgün siyasət qurulmasaydı, Azərbaycan düzgün mövqe sərgiləməsəydi, regionda müharibədən ən çox əziyyət çəkən ölkələrdən biri də biz olardıq. Biz bu uğurlu siyasətə, cənab Prezidentin uğurlu addımlarına və müdrik siyasətinə görə bu münaqişədən bir çox digər region ölkələri kimi əziyyət çəkmirik. Yanlış siyasət, yanlış münasibətlər olsaydı, düzgün davranışlar olmasaydı, bizim itkilərimiz çox olardı. Biz bunun qısa tarixçəsini Naxçıvan nümunəsində gördük, nə qədər təlaş, problemlər yaratdı. Ona görə də bu siyasətin qədrini bilməliyik: bu gün ölkə rəhbərliyi elə bir siyasət həyata keçirir ki, Azərbaycan bu müharibədən ən az itki ilə çıxmaqdadır və belə də davam edəcəyinə inanırıq. İrana ən yaxın ölkələrdən biri bizik və bu proseslər bizim üçün də müəyyən təhdidlər yaradır. Amma yürüdülən siyasət, atılan addımlar imkan vermir ki, bu proseslər bizim ölkəyə də sıçrasın və bizə daha böyük problemlər yaratsın.

- Ceyhun bəy, bəzi ölkələrin, xüsusilə də uzun müddət Azərbaycana qarşı fəaliyyət göstərən paytaxtların yaranmış situasiyada ölkəmizi dəstəkləməsi də səmimi görünmədi. Sizə elə gəlmirmi ki, onlar həm də Azərbaycanı İrana qarşı hansısa münaqişəyə sürükləmək istəyirlər? Sanki Ukrayna nümunəsində olduğu kimi, Azərbaycandan da istifadə etmək cəhdləri var...

- Baxın, əslində bu gün həm də çox ciddi bir informasiya müharibəsi gedir. Eyni zamanda daha çox region dövlətlərinin müharibəyə sürüklənməsinə cəhdlər var. O mənada sizin dediyiniz doğrudur ki, hər zaman Azərbaycanı hədəfə gətirmək istəyən dövlətlər, təşkilatlar, qruplar var. Məsələn, bu yaxınlarda Avropa Şurasında Azərbaycanla bağlı müəyyən çağırışlar, fikirlər oldu. Bizdən əl çəkmirlər, Azərbaycanı hədəfə gətirməyə çalışırlar. Amma Azərbaycan buna getmir. Çünki biz çox ağır proseslərdən keçirik. Son günlər Türkiyədə də bizimlə bağlı aparılan müzakirələr ciddi narahatlıq doğurur. Bizimlə Türkiyənin arasını vurmaq istəyənlər var. Bizimlə İranın arasını vurmaq istəyənlər var. Rusiya ilə bağlı da eyni mənzərədir. Ona görə kifayət qədər mürəkkəb bir dövrdür. Amma dövlətimiz bütün bu məsələləri diqqətə alaraq, çox operativ şəkildə proseslərin qarşısını alır.

- İran ərazisindən Türkiyəyə atılan raketlər də narahatlığı artırır. Bu, hansısa kəşfiyyatın əməlidir, yoxsa İran daxilindəki qüvvələr Türkiyəni savaşa çəkməyə hədəflənmiş ssenaridə yer alır? İran daxilində NATO-nun Türkiyə kimi qüdrətli dövlətinin səbrini daşırmağa cəhd edənlər kimlərdir?

- Əslində bu məsələdə ciddi suallar var.

- İki ölkə arasındakı gərginlik müharibəyə səbəb ola bilərmi?

- Yox, mən inanmıram müharibə səviyyəsinə çatan gərginlik olsun. Çünki xüsusilə Türkiyə çox təmkinli davranır və bu, təqdirəlayiqdir. Məsələ burasındadır ki, Türkiyəyə atılan raketlər, Azərbaycan istiqamətinə göndərilən dronlardan sonra İranın rəsmi qurumları israrla bildirdilər ki, bu addım onlar tərəfindən atılmayıb. Bu isə ciddi suallar yaradır. İran da bəyan etmişdi ki, mən bütün region ölkələrini hədəfə alacağam. Əslində müharibədən əvvəl müharibənin regional müharibəyə çevriləcəyi barədə açıqlama vermişdi. Ancaq İran tərəfinin inkarından sonra suallar yaranır. Suallardan biri budur ki, deməli, İranda vahid komandanlıq yoxdur, SEPAH-a bağlı qüvvələr bəzi addımları özbaşına ata bilir. Amma mən bu ehtimala çox da inanmıram. Çünki ali dini lider seçilərkən İranda o mütəşəkkilliyi gördük. Burada ya SEPAH-ın fəaliyyətidir, ya hansısa qüvvələr İran ərazisinə sızıb, o qüvvələr Azərbaycan və Türkiyəyə qarşı hansısa addımlar atırlar, ehtimal olunan kimi. Yaxud da hansısa silah və texnologiyalar var ki, bu raketlərin istiqamətinin hansısa formada dəyişdirilməsinə nail olurlar. Yəni indiki vəziyyətdə, sağlam məntiqlə İran tərəfindən həm Azərbaycan, həm də Türkiyənin hədəfə alınması doğru deyil. Çünki Türkiyə müharibənin dayandırılmasını ən çox istəyən ölkələrdən biridir.

- Azərbaycan da həmçinin…

- Bəli. Azərbaycan həmişə regionda sabitliyin tərəfdarı olub. Cənab Prezident İran səfirliyinə getdi, İrana humanitar yardım göndərdi…

- Bu savaş Ukrayna müharibəsi kimi illərlə davam edə bilərmi?

- Mən inanmıram. Əslində hesab edirəm ki, müharibəni dayandırmağın vaxtı artıq çatıb.

- Müharibənin qalibi kim olacaq?

- Bu müharibənin qalibi yoxdur. İran elə bir ölkədir ki, onu qısa müddətdə sıradan çıxarmaq çətindir. İran bu cür müharibəyə illərlə hazırlaşıb. İran hakimiyyəti hər zaman bu müharibəni gözləyib.

- İran daxilində parçalanma baş verə bilərmi? Belə görünür, Tramp və Netanyahunun bəyanatları nəticə vermədi…

- Yox. Məncə, bu, çətindir. Çünki belə bir tendensiya var, məncə, onlar bunu nəzərə almalı idilər. İrana qarşı həmişə xarici təzyiq olanda daxildə parçalanma yox, əksinə, birləşmə baş verir. Ona görə də onlar bu amili nəzərə almalı idilər. İran daxilində parçalanma olmayacaq. Baxın, ali dini lider seçildi. Prezident ona tabeliyini bildirdi, həmçinin ziyalılar, güc strukturları mövqelərini açıqladılar. Yəni İran daxilində parçalanmaya nail olmaq çox çətindir. Çünki struktur, sistem güclüdür və daxildə vahid müxalif qüvvə, onun təsir imkanları yoxdur. Bu səbəbdən İran uzun müddət müharibəni davam etdirmək imkanlarına malikdir.

- Etnik qarşıdurma yaratmaqla bağlı illüziyalar da özünü doğrultmadı… Silahlı kürdlərlə bağlı gözləntilər də…

- Yox. Ümumiyyətlə, quru qoşunları ilə müharibə effekt verməyəcək, daha böyük itkilərlə nəticələnəcək. Ona görə də inanmıram ki, kürdlər bu riskə getsinlər. Onlar Suriyada bunu yaşadılar və nəticə etibarilə itirdilər. Bu gün bu müharibə kimin işinə yarayır, sualına gəldikdə, maraqlıdır ki, Rusiya neft satışından böyük gəlir əldə edir. İran hələ də öz neftini satır, pulunu qazanır. Eyni zamanda bu müharibə ABŞ və İsrail üçün heç də az vəsaitə başa gəlmir. Əsas haqq-hesab bu müharibədən sonra olacaq. Çünki ABŞ Körfəz ölkələrini qorumalı idi, orada hərbi bazaları var idi, amma qorumadı. Müharibənin davam etməsi neftin qiymətini daha da artıracaq. Artıq bir çox Qərb ölkələri həyəcan təbili çalmaqdadır. ABŞ Rusiyadan neft alışına icazə verir, neftin alışı ilə Rusiya güclənəcək. Bu zaman Rusiya Ukraynada daha çox üstünlüklər əldə edəcək. Eyni zamanda proses belə davam edərsə, biz dünyada növbəti iqtisadi böhranın şahidi olacağıq, bu isə sərf edən nəticə deyil. Buna görə hesab edirəm ki, müharibəni dayandırmağın vaxtı çatıb.

- Belə olduğu halda müharibəni niyə başlatmışdılar? Rejim dəyişikliyi, nüvə enerjisindən imtinası mümkün olmayacaqsa, İranın çökdürülməsi alınmayacaqsa, onda Trampla Netanyahu öz əhalisinə nə cavab verəcək?

- Müharibənin başlamasında əsas hədəf rejimin dəyişməsi idi, bu baş vermədi, situasiya düzgün qiymətləndirilmədi. Belə bir illüziya var idi ki, hücum edəcəklər, daxildə xalq ayağa qalxacaq, hakimiyyəti dəyişəcək, bu olmadı. Nüvə tədqiqatları və əldə olunan nəticələrə gəldikdə, düşünürəm ki, İran bu ehtiyatları daha təhlükəsiz yerlərdə gizlədib. Silahlar da eyni zamanda…İranın gizli bunkerləri, gizli saxlanc yerləri var.

ABŞ və İsrail nəyə nail oldu? İranın hərbi strukturlarını müəyyən mənada zədələdilər, silahlarla sıradan çıxardılar, bu ölkəni müəyyən dərəcədə zəiflədə bildilər. Amma bu, İranın tamamilə sıradan çıxarılmasına gətirib çıxarmadı. Əgər müharibə dayancaqsa, İran bir müddət sonra özünü yenidən bərpa edəcək.     

- İranda olmusunuz?

- Bəli, Tehranda olmuşam. İran dünyanın qədim mədəniyyət mərkəzlərindən biridir və orada çoxlu tarixi abidələr var. Bu gün o abidələrin dağıdılması prosesi gedir. “Gülüstan” sarayı buna nümunədir. Xüsusilə də Səfəvilərə, Qacarlara, ümumiyyətlə, tarixə aid bir çox abidələr dağıdılmaqdadır. Təbii ki, bunlar adamı çox narahat edir. Müharibə davam etdikcə, abidələrin dağıdılması da davam edəcək. Təəssüf ki, beynəlxalq təşkilatlardan da reaksiyalar yoxdur…Eyni prosesləri biz Suriyada da gördük. Suriyada çoxlu tarixi abidələr, tarixi məhəllələr dağıldı. Gözümüzün qabağında dünya mədəniyyətinin məhvi prosesi gedir. Məsələn, Palmir şəhərində - ərəblər Tədmur deyir - çoxlu qədim abidələr, muzeylər var idi və onların hamısı məhv edildi. Oxşar hadisələr İraqda və Əfqanıstanda da baş verdi.

Məsələn, Qarabağda bizim abidələr dağıdılarkən bu qədər reaksiya verilmirdi. Amma əvəzində biz ittihamlarla üzləşmişik. UNESCO bizi ittiham edirdi ki, guya “erməni iris” dağıdılır. Həmçinin Avropa Şurası, dünya parlamentləri. Bəs onda niyə biz dağıdılmış abidələrimizi göstərəndən sonra onlar lal, kar, kor oldular? Niyə UNESCO gəlib Qarabağda bir tədqiqat aparmadı? Qərbi Azərbaycanda, İrəvanda bizim çoxlu abidələrimiz dağıdılıb. Sərdar məscidi, Təpəbaşı məhəlləsi…Qalıqlar qalıb, amma hanı reaksiya? Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələlərə çox zaman ikili standartlarla yanaşırlar. Bu da ciddi narahatlıq doğuran məsələdir.

Link kopyalandı!
Son xəbərlər