Yoxa çıxan Bazarçayı və itib gedən bir həyət evinin hekayəsi:“Təbriz” mehmanxanasından əvvəlki Naxçıvan
225
12:12, Bu gün

Yoxa çıxan Bazarçayı və itib gedən bir həyət evinin hekayəsi:“Təbriz” mehmanxanasından əvvəlki Naxçıvan

Son zamanlar rəsmi “facebook” səhifəmdə Naxçıvan şəhərinin keçmiş xatirələrini canlandıran köhnə fotoşəkillər paylaşıram. Bu fotoların bir çoxunu mənə atam AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov təqdim edib, bəzi fotoları isə facebook paylaşımlarıma yüksək maraq göstərən tanıdığım və tanımadığım insanlar göndərməyə başlayıb. Atama və bu dəyərli insanların hamısına çox təşəkkür edirəm.


Yaxın günlərdə ictimaiyyətə təqdim etdiyim Naxçıvan şəhərindəki “Təbriz” mehmanxasınının fotosu da çox maraqla qarşılandı. Keçmiş xatirələri yada saldığım üçün mənimlə əlaqə saxlayıb minnətdarlıq edənlər oldu, bəziləri isə gələcəkdə paylaşmağım üçün əlavə məlumatlar və fotolar da verdilər.Onlardan biri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar, dosent hörmətli Nazim Paşa Quliyev oldu. O, hazırda həmçinin Naxçıvan Dövlət Universitetinin musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimidir. Onun mənə verdiyi məlumatlar və bu günədək heç yerdə dərc edilməmiş maraqlı bir nadir fotoşəkil bu məqaləni yazmağıma vəsilə oldu…


Hazırda Naxçıvan şəhərinin simvollarından birinə çevrilmiş 13 mərtəbəli “Təbriz” mehmanxanası bu gün şəhərin memarlıq siluetində xüsusi yer tutur. Lakin çox az adam bilir ki, həmin mehmanxananın inşa edildiyi ərazidə bir zamanlar tamam başqa bir həyat yaşanıb, başqa bir nəfəs dolaşıb.Oxuculara təqdim etdiyimiz bu nadir fotoşəkil məhz həmin keçmişin səssiz, lakin çox şey danışan izlərindən biridir. Şəkildə gördüyünüz məkan “Təbriz” mehmanxanasının tikintisi ərəfəsində sökülən, hörmətli Nazim Paşa Quliyevin dogma dayıları olmuş Əkbər və Abuzər Qardaşbəyovlara məxsus həyət evidir.

Bu fotoşəkil təkcə bir evin görüntüsü deyil. O, Naxçıvanın şəhər yaddaşının, məkan mədəniyyətinin və zamanla dəyişən şəhər simasının canlı sənədidir. Bu baxımdan, uzun illər heç yerdə dərc olunmamış bu nadir görüntü həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.


Qardaşbəyovların şəxsiyyəti barədə bir qədər sonra..


Hörmətli Nazim müəllimin mənə onlayn məkanda ismarişlə göndərdiyi məlumatlar o qədər marağıma səbə oldu ki, onunla görüşmək qərarına gəldim və görüşdük.Açığı desəm, onun paylaşdığı xatirələr və verdiyi bilgilər sayəsində bu foto adi bir şəkil olmaqdan çıxır, bütöv bir dövrün hekayəsinə çevrildi.Nazim müəllimin sözlərinə görə fotoda gördüyümüz həyət evinin sağ tərəfindən təxminən 2-3 metr aralıda Bazarçayı axırdı. Sol tərəfdə isə 1920-1930-cu illərdə tikilmiş, Naxçıvanda “Narkomlar binası” kimi tanınan və şəhərin ilk iki mərtəbəli binası hesab edilən tikili yerləşirdi. Onun dediyinə görə, həmin binada vaxtilə Naxçıvanda fəaliyyət göstərən bir sıra vəzifəli şəxslər yaşayıblar.Hazırda bu bina çəpərlənib və Nazim müəllim belə hesab edir ki, tarixi əhəmiyyətinə görə onu bərpa etmək məqsədəuyğun olar.


Nazim müəllimin xatirələrində ən çox diqqət çəkən məqamlardan biri də Bazarçayı ilə bağlı söylədikləridir.


Onunla görüş zamanı mənə bir zamanlar Bazarçayının Naxçıvan şəhərinin ortası ilə axıb keçdiyi yeri əyani olaraq da göstərdi.


Daha sonra onunla yaxınlıqdakı bir kafedə əyləşdik və çay süfrəsi arxasında söhbətimizə davam etdik. O, mənə müəllifi olduğu “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrul Cavid” adlı kitabını (Bakı, “Elm və Təhsil”, 120 s.) hədiyyə edərək söylədi ki, kitabın “Bazarçayın zümzüməsi” adlı fəslində bu çay haqqında xatirələrini bölüşüb. Kitaba görə təşəkkürümü bildirib söhbət edə-edə dərhal həmin fəsli açdım.


İlk cümlələrin dahi Azərbaycan şairi və yazıçısı Hüseyn Cavidin həyat yoldaşı Müşkinaz xanımın “Cavidi xatırlarkən” kitabına istinadla verdiyi aşağıdakı hissəni (Bakı, “İşıq”, 1976, s. 13) oxudum: “Mənim (Müşkinaz xanım – Y.X.) ata evim ilə Cavidgilin evləri çox yaxın idi. Cavidgilin evi ilə bizim evin arasında Bazarçayı axırdı. Mən hərdən səhər tezdən Cavidin çayın sahilində var-gəl etdiyini görərdim”.Etiraf edim ki, bu sətirlər məni kövrəltdi.


Nazim müəllimin sözlərinə görə vaxtilə Bazarçayı Naxçıvanın toz-torpağını yuyub aparan, şəhərə canlılıq verən təbii bir axar idi. Bu çay sayəsində Şəhər küləkli, yağmurlu havada təmizlənərdi, sakinlər toz-torpaqdan əziyyət çəkməzdilər…


Nazim müəllimə qulaq asa-asa gözlərim kitabındakı sanki onun sözlərini duyub hayqıraraq “məni oxu”, - deyən bu sətirlərlə qarşı-qarşıya gəldi: “Nədənsə, Bazarçayın – xatirələrin üstü örtüldü. Bazarçayı “dəfn” olundu – torpaq altında qaldı, üstü daşlarla düzüldü. Nə üçün? Cavid əfəndi kimi o da həbs olundumu, yoxsa sürgünə göndərildi? Xoş, saf niyyətlərinəmi görə başına bu müsibətlər gəldi. Hər kəsin qəlbində yaşayan, silinməz hislər həkk edən Bazarçayı? Nə bilim…”Bu sətirləri oxuyarkən xəyallara dalmışdım, Nazim müəllimin səsləməsi məni özümə gətirdi. Üzrxahlıq edib sanki həmin anları yaşadığımı ona söylədim.


Nazim müəllim haqlı olaraq qeyd edir ki, Bazarçayı ilə bağlı naxçıvanlıların yaddaşında bu gün də yaşayan unudulmaz xatirələr var. Onun fikrincə, əgər bir gün Bazarçayının üstü açılsa və o, əvvəlki təbii görüntüsünə qaytarılsa, Naxçıvan daha da gözəlləşər, şəhər öz tarixi nəfəsinin bir hissəsini yenidən qazanmış olar. 

Yenidən kitaba nəzər saldım: “Hər halda üstü örtülməsəydi, bu gün Cavid məqbərəsinin önündən Bazarçayı yenə axardı, gözəllik, yaraşıq gətirərdi şəhərə, Cavid mqbərəsinə. Köhnə tanışlar kimi Cavid əfəndi ilə söhbətləşərdi. Gah sakit, gah da təlatümlü, aşıb-daşan arzularını bölüşərdi…”.


Söhbət zamanı Nazim müəllim mənə dedi ki, o, uzun illər Bakıda yaşadıqdan sonra Naxçıvana qayıdıb və Bazarçayının əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı aidiyyəti qurumlara da müraciət də edib.


Söylədiklərinə görə Bazarçayı öz məcrası ilə yeraltından axaraq Köhnə bazarın yaxınlığında “damcı” deyilən yerə tökülür.Onun yenidən yer üstünə çıxarılması və dogma naxçıvanlılara geri verilməsi ən azı Cavid əfəndinin ruhu qarşısında çox böyük bir xidmət ola bilər…İndi isə “Təbriz” mehmanxanasının yerində inşa edildiyi həyət evində yaşamış Qardaşbəyovların kim olduqlarına aydınlıq gətirək…Dərhal qeyd edim ki, onlar Naxçıvanın mədəni həyatında silinməz iz buraxmış iki dəyərli şəxsiyyətdir.


İlk olaraq Əkbər Qardaşbəyov haqqında qısa arayış:


15 mart 1923-cü ildə Naxçıvanda doğulub. Orta məktəbdən aktyorluqla maraqlanıb, dram dərnəklərində çıxış edib. O, Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına 1942-ci ildə daxil olub. Əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb. Realist aktyor məktəbinə mənsubdur. Tipaj yaratmaq, Tiraj oyun üslubuna üstünlük verib, qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə elementlərindən istifadə edib.Əkbər Hacı oğlu Qardaşbəyov 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 12 iyun 1987-ci ildə "xalq artisti" fəxri adları ilə təltif olunub.


Əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları aşağıdakılar olub: Baqqal Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Azər baba ("Fərhad və Şirin", Səməd Vurğun), Mirzə Hüseyn ("Toy", Sabit Rəhman), Bəhruz ("Yarımçıq şəkiİ", Adil Babayev), Elman ("Vətən", Abdulla Şaiq), Şeyx Hadi, Gərşivəz ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov), Molla Abbas, Həkim, Şeyx Nəsrulla ("Dəli yığıncağı", "Anamın kitabı" və "Ölülər", Cəlil Məmmədquluzadə), İnfil ("Azərbaycan, dünyam mənim", Məmməd Araz. 
Poetik-dramatik kompozisiya), Sərvər, Soltan bəy ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Toğrul, Fərhad, Fuad, Səməd bəy, Məmmədəli bəy, Molla Möhsün, Novruz bəy ("Yaşar", "Nəsrəddin şah", "Almaz", "Oqtay Eloğlu", "Sevil", "Solğun çiçəklər" və "Aydın", Cəfər Cabbarlı), Ata ("Astana", Aleksandr Dudarev), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Nuru Sayaner ("Toros canavarı", Əziz Nesin), Knyaz ("Xanuma", Avksenti Saqareli), Verşinin ("Zirehli qatar 1469", Vyaçeslav İvanov).


Əkbər Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib.


İndi isə Abuzər Qardaşbəyov barədə:


O, 09 aprel 1941-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 09 may 1990-cı ildə həmin şəhərdə vəfat edltmiş tanınmış rəssam olub. 1976-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının sədri kimi fəaliyyət göstərib. Leninqrad şəhərində (indiki Sankt-peterburq), V.Serov adına Dövlət Rəssamlıq Məktəbini (1968-1973) və Mərkəzi Komitənin Azərbaycan Kominst Partiyası yanında Marksizm-Leninzm Universitetində təhsil alıb (1979). SSRİ Rəssamlar İttifaqının üzvü olub (1973). Azərbaycan Rəssamlar İttifaqının VIII və IX qurultayının üzvü seçilib. Respublika daxilində və digər ölkələrdə keçirilən bir çox qarı sərgilərdə iştirak edib (1976-1989). Yaradıcılığında doğma diyara məhəbbət, onun tarixi-memarlıq abidələri, füsünkar mənzərələri həmişə ön planda olub. Onun “Möminə xatın türbəsi”, “Yusif Küseyr oğlunun türbəsi”, “Buzxana” “Naxçıvan abidələri”, “Gülüstan türbəsi”, “Qazançı körpüsü”,”Qarabağlar türbəsi”, “Anzır kəndi”, “Doğma diyar”, “Şəhər görüntüləri” tabloları bu baxımdan diqqəti çəkən əsərlərindəndir. Əsərləri  Moskva, Sankt-Peterburq, Tallin, Xarkov, Tibilisi, Bakı kimi şəhərlərdə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix Muzeyində, Qarabağlar Türbə Kompleksində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.


Qardaşbəyovlar barədə məlumatları da aldıqdan sonra çay süfrəsi arxasında Nazim müəllim, bu ailənin şəcərəsi haqqında “qan donduran” daha maraqlı faktlardan söhbət açdı. Bu söhbətlər isə artıq başqa bir məqalənin mövzusudur…İnşallah yaxında yenidən görüşmək diləyilə…


Sonda isə onu deyə bilərik ki, bəzən bir şəhərin tarixini uzun salnamələr deyil, köhnə bir foto və keçmiş xatirələr daha dərindən izah edir. Bu nadir şəkil və kiçik xatirə də məhz belə bir yaddaş sənədi və arayışıdır. O, bizə xatırladır ki, şəhərlər yalnız binalardan ibarət deyil, onlar insanların taleləri, ailələrin xatirələri, sənətkarların izi və zamanın üstünü örtdüyü məkanlarla bütövləşir. “Təbriz” mehmanxanasının bugünkü möhtəşəm görüntüsünün arxasında da belə görünməyən, amma unudulmamalı bir tarix dayanır. Həmin tarixi yaşatmaq, toplamaq və gələcək nəsillərə çatdırmaq isə bizim mənəvi borcumuzdur. Bu işdə media da fəal olmalı, keçmiş xatirələri işıq üzünə çıxarmalıdır. Çünki keçmişini unudan şəhər öz ruhunu itirə bilər, yaddaşını qoruyan şəhər isə zaman keçsə də yaşayır.

P.S. Nazim müəllimlə görüşdən sonra evə gəldim. Axşam facebook səhifəmdə onunla söhbətə işıq tutan qısa bir video təqdimat paylaşıb yaxında maraqlı bir məqalə ilə izləyicilərimin hüzuruna gələcəyimi bəyan edən anons yayınladım. Çoxsaylı şərhlərdə Naxçıvan ictimaiyyətindən maraqlı xatirələr paylaşıldı.Onlardan birini şəxsiyyətinə böyük hörmət bəslədiyim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, hörmətli Lütviyyə Əsgərzadə yazdı. 


Olduğu kimi paylaşıram: “Təşükkürlər, Yunis Xəlilov. Bizə xoş təəssüratlar yaşadırsınız. Əvvəllər Bazar çayının üstü örtülü deyildi. Hər iki tərəfində evlər vardı. Həyətlərin divarlarından ağacların budaqları sallanırdı. 10-12 yaşlarında idik. Məktəbimizdə bizə biletlər satılırdı. Pioner baş dəstə rəhbəri və ya sinif müəllimimiz bizi Bazar çayının qırağı ilə kinoteatra gətirirdi. Hətta bazar çayının üstündə bir foto da vardı. O yol bizi düz kinoteatra gətirirdi. İndiki “Təbriz” hotelindən bir az qabaqda Zəviyyə məscidi ilə şəhər məscidinin ortasında bazar var idi”.


Bu şərhdən dərhal sonra hörmətli Lütfiyyə xanımla əlaqə saxladım və Bazarçayının fotosunun onda olub-olmadığını soruşdum. O mənə bu fotonu göndərdi.

 

Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi, tədqiqatçı-hüquqşünas

 

Link kopyalandı!
Son xəbərlər