Müharibə qiymətlərə təsir edib? – Bakıdakı İran mağazalarından REPORTAJ
534
15:04, Bu gün

Müharibə qiymətlərə təsir edib? – Bakıdakı İran mağazalarından REPORTAJ

ABŞ, İsrail və İran arasındakı müharibənin İrandan Azərbaycana gətirilən məhsulların qiymətinə təsir etdiyi ilə bağlı fikirlər dolaşır.
 
Bəs, həqiqətən, bu məhsulların qiymətində artım varmı?
 
Moderator.az Lent.az-ın əməkdaşının məsələni aydınlaşdırmaq üçün Bakıda İran məhsullarının satıldığı mağazalardan reportajını təqdim edir.

İran məhsullarının satıldığı mağazalar daha çox "Nizami" metrosu yaxınlığında yerləşdiyi üçün oraya üz tuturam. Metrodan çıxıb 1-2 dəqiqə addımlayıram ki, ədviyyat qoxusundan doğru küçəyə gəldiyimi hiss edirəm. Küçə boyu belə mağazalardan bir neçəsi var. Bu mağazalarda növbənöv şirniyyatlar, xurmalar, kişmiş, çərəzlər, ədviyyatlar, çaylar və sair olur. Qiymət marketlərə nisbətdə daha ucuzdur deyə, insanlar bu cür mağazalara üz tutmağa üstünlük verirlər. Girdiyim ilk mağazanın sahəsi olduqca kiçik olsa da, içəri məhsulla doludur və kifayət qədər müştəriləri də var. Ədviyyat qoxusu içəridə daha kəskin hiss olunur.

Salamlaşıb qiymətlərlə maraqlanıram:

- Deyirlər, müharibəyə görə, İran məhsullarının qiyməti qalxıb...

Satıcı əlindəki ədviyyatı müştəriyə uzadaraq cavab verir:

- Əslində, çox yox, amma bəzi məhsullar qalxıb. 

- Hansılar?

- Məsələn yağlar - müştəriyə tərəf çevrilir - 5 manat, bacı. Əvvəl 18 manata olan yağ indi 22-23 manatdır. Amma yəqin ki, bir neçə günə düzələcək. Biz özümüz də son günlər məhsulları baha alırıq, ona görə, məcburən qiymətlərdə dəyişiklik edirik. 

- Başqa hansı məhsulların qiymətlər qalxıb?

- Bəzi məhsullar var ki, uzun müddət saxlamaq olur. O məhsullardan çox gətirilir. Amma bəziləri də var ki, onlar tez xarab olur deyə, mütəmadi yenilənir. Bax, onların qiymətində bir az fərq var. Məsələn, İran qaymaqları. Kişmiş də 1-2 manat qalxıb...

Satıcı ilə sağollaşıb digər mağazalara baş çəkirəm.

- Xoş gəlmisiz, buyurun.

Mağazaya daxil olan kimi satıcı qarşılayır. Burada da şirniyyatlar, çərəzlər, çaylar və uzun müddətdir görmədiyim kərpic formasında kəllə qənd və sair var. 

- Müharibə sizə təsir edib? Deyirlər, qiymətlər qalxıb...

- Əslində, elə bir dəyişiklik yoxdur. Bəziləri qəsdən şişirdir qiyməti, amma ciddi heç bir fərq yoxdur. Gedib məhsulları aldığımız yerlər bəzən qiyməti artırırlar, bəhanə edirlər ki, yollar bağlıdır. 

Araya müştəri girir. Yanında nəvəsi olan yaşlı bir qadın bir az kişmiş, bir az da xurma götürüb tərəziyə yaxınlaşır. Satıcı məhsulları çəkib qiyməti deyir. Vitrindən bir şokolad götürüb uşağa uzadır:

- Doğrudur, 8 mart keçib, amma bu da məndən sənə hədiyyə. 

Uşaq utana-utana şokoladı götürür, nənəsi satıcıya təşəkkür edir.

- Yollar bağlandı, amma uzun müddətlik yox.

- Elə mən də onu deyirəm, qardaş. Bizdə bir az yağların qiyməti qalxıb, bir də 1-2 xırda-xuruş məhsulun. Belə çox artım yoxdur. 

- Bazar olsun!

Digər mağazaya gəlirəm. Bura insanla doludur. Bir az seyrəlməsini gözləyib içəri daxil oluram. Satıcı İran çayını paketə yığıb müştəriyə uzadır. Mənim də müştəri olduğumu zənn edir:

- Buyurun...

- Müştəri deyiləm, jurnalistəm. Deyirlər, İrandakı müharibə qiymətlərə təsir edib. Sizdə necədir vəziyyət?

- Ən ucuz məhsullar bizdədir. Bir az qaldırıblar bəzi ərzaqların qiymətini, amma ümumi qalxmayıb.

Satıcının danışığı bir qədər Cənubi Azərbaycan şivəsinə oxşayır.

- Cənubi Azərbaycandansınız?

- İranın Rəşt şəhərindənəm. - Bir az duruxur - "Cənubi Azərbaycan" nə deməkdir, başa düşmürəm. Hüquqi cəhətdən elə bir yer yoxdur axı. Beynəlxalq hüquqda da yoxdur. Orada 40 milyona yaxın azərbaycanlı var. Məsələn, Şərqi Azərbaycan Ostanı var, amma Cənubi Azərbaycan nə deməkdir?

- Mən beynəlxalq hüquqdan yox, tarixi faktdan danışıram... Bazar olsun!

Oxşar məhsullar Ordubad mallarının olduğu mağazalarda da satılır. Qayıdanda onların da bir neçəsinə baş çəkirəm. Qiymətlərdə heç bir süni artım yoxdur. Müştərilər bildirirlər ki, bu cür mağazalarda da qiymətlər marketlərə nisbətən daha ucuz və keyfiyyətli olur.

Link kopyalandı!
Son xəbərlər