517
13:58, Bu gün

"Putindən sonra Rusiyada hər şey dəyişməyə bilər" - Zelenski

 
"Müharibənin başa çatması üçün əsas təzyiq Ukraynaya deyil, Rusiyaya yönəldilməlidir..."
 
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Ukraynaya qarşı müharibə ilk növbədə Kreml rəhbəri Vladimir Putinin şəxsi qərarı və siyasi iradəsi ilə bağlıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə müsabəsində bəyan edib.
 
Putindən sonra Rusiyada nə dəyişə bilər
 
Zelenskinin sözlərinə görə, Putin onilliklər ərzində ölkədə hakimiyyəti öz ətrafında cəmləşdirib və buna görə də belə böyük dövləti eyni şəkildə idarə edə biləcək başqa bir lider tapmaq asan olmayacaq. Eyni zamanda o hesab edir ki, Putindən sonra hakimiyyətə gələcək şəxs mütləq fərqli düşüncəyə malik olmayacaq. 
 
Zelenski deyib ki, yeni lider oxşar siyasi baxışlara sahib ola bilər, lakin onun bütün sistemi indiki kimi sərt nəzarətdə saxlaya biləcəyi şübhəlidir. Ukrayna prezidentinin fikrincə, belə vəziyyətdə yeni rəhbərlik daha çox ölkədaxili problemlərlə məşğul olmaq məcburiyyətində qala bilər.
 
Orbana sərt tənqid və Tramp haqqında etiraf
Müsahibə zamanı Zelenski Macarıstan baş naziri Viktor Orbanı da kəskin tənqid edib. Onun sözlərinə görə, Orban Ukraynaya maliyyə və hərbi yardımın qarşısını alır, sanksiyaları bloklayır və Avropa İttifaqına inteqrasiya prosesinə mane olur.
 
Zelenski bildirib ki, Orbanın siyasəti bir çox cəhətdən Putinin mövqeyinə bənzəyir. Onun sözlərinə görə, yeganə fərq ondan ibarətdir ki, Macarıstan lideri Ukraynaya qarşı raket və ya dron hücumları həyata keçirmir.
 
Ukrayna prezidenti ABŞ lideri Donald Tramp haqqında da danışıb və bir məsələdə onun haqlı olduğunu etiraf edib. Zelenski bildirib ki, Putinlə münasibətlərinin son dərəcə düşmən xarakterli olması sirr deyil: "Biz bir-birimizə nifrət edirik. Bu məsələdə Tramp haqlıdır".
 
Eyni zamanda Zelenski vurğulayıb ki, müharibənin başa çatması üçün əsas təzyiq Ukraynaya deyil, Rusiyaya yönəldilməlidir. Onun fikrincə, yalnız bu halda real sülhə nail olmaq mümkün ola bilər.
Link kopyalandı!
Son xəbərlər