Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib. Icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin isə 36 əməkdaşı vəzifələrindən azad ediliblər.
Bu gedişat nədən xəbər verir? İH-lərin maliyyə vəziyyəti ağırlaşıb, yoxsa prosesin məntiqi sonu icraların ləğvi olacaq?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, bu gün ölkəmizdə dövlət qulluğu və buna bərabər tutulan vəzifələrdə çalışıb, dövlət büdcəsindən əmək haqqı alan işçilərin kütləvi ixtisarı təəccüb doğurmur. Bu nə vaxtsa baş verməliydi. Çünki on illərdir ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların sayı heç bir əsas olmadan durmadan artırılırdı: “Bu gün təkcə rayon İcra Hakimiyyətlərində deyil, bizdə elə dövlət qurumları var ki, son 30 ildə onlarda çalışanların sayı 6-8 dəfəyə qədər artırılıb. Bu, fantastik bir göstəricidir. Əslində hər bir ştat artımının ciddi iqtisadi, texniki əsaslandırmaları olmalıdır. Bəs bizdə bu necə baş verir? Hansısa bir məmurun ağlına gəlir ki, o rəhbərlik etdiyi qurumda kadrların sayını artırmaqla uğur qazanacaqdır. Təbii ki, bu yanaşım kökündən səhvdir. Kəmiyyət heç vaxt doğru nəticələrə gətirib çıxarmır. Son 30 ildə ölkədə əhalinin sayı nə qədər artıb? Cəmisi 32,0%. Bəs belə olan halda necə ola bilir ki, əhaliyə xidmət göstərən dövlət qurumlarında çalışanların sayı bir neçə dəfələrlə arta bilibdir?
Bu problem hökuməti ciddi düşündürməli və hökumət onun həlli yolunu həmin işçiləri az bir zaman kəsiyində ixtisar etməkdə görməməlidir”.
Sabiq nazirin sözlərinə görə, bu gün işini itirən adamların çoxunun gənclər olduğu unudulmamalıdır:
“Onların əksəriyyətinin banklarda kreditləri və bir çoxunun isə ipoteka kreditləri var. Ona görə də ixtisarla yanaşı hökumət əmək bazarında yeni iş yerlərinin artırılması yollarını aramalıdır. İxtisar olunan şəxslərin yeni iş yerləri tapmaq şansları olmalıdır. Bir sözlə, bu prosses sadəcə insanların tutduqları vəzifələrdən ixtisar edilməsi ilə müşahidə olunmamalıdır. Bu problemin həllinə kompleks yanaşımaq lazımdır. İcra Hakimiyyətlərinin ləğvi məsələsinə gəlincə, bu məsələ Konstitusion məsələdir. İcra hakimiyyətlərinin ləğvi yalnız Konstitusiyada dəyişikliklə həyata keçə bilər. Hazırda isə gündəmdə ana qanunumuzda dəyişiklik məsələsi müşahidə olunmur”.