176
11:43, Bu gün

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verildi

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verildi.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, BŞH 24-26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək yarış üçün marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edir.

Qeyd edək ki, builki yarış Azərbaycanın "Formula-1" təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.

Marşal ol, "Formula-1" həyəcanını yerində yaşa!

Sürət və adrenalinin zirvəsi hesab olunan "Formula-1" yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilər.

Marşallar trekdə operativ dəstək göstərərək yarışın təhlükəsiz və uğurlu keçirilməsinə töhfə verirlər.

Beynəlxalq rəsmi lisenziya əldə etmək fürsəti

Azərbaycan Avtomobil Federasiyası (AAF) marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula-1" və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, ötən il keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi zamanı yarışın təhlükəsiz və uğurlu təşkilində 1 200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu xarici ölkələrdən qatılıb.

Necə qoşulmaq olar?

Marşal proqramı haqqında daha ətraflı məlumatı BŞH Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə edə bilərsiniz.

"Bu unudulmaz təcrübənin bir hissəsi olun və "Formula-1"in həyəcanını ən yaxın məsafədən yaşayın!" - deyə məlumatda qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər