TƏHLÜKƏLİ arıqlama iynələri – Çəki problemi olanlar OXUSUN!
142
09:05, Bu gün

TƏHLÜKƏLİ arıqlama iynələri – Çəki problemi olanlar OXUSUN!

Azərbaycanda son illər artıq çəkidən qurtulmaq istəyən insanların arıqlama dərmanları və iynələrinə müraciəti xeyli artıb. Bir çox insan uzun müddətli pəhriz və fiziki aktivliklə nəticə əldə etməkdə çətinlik çəkdiyi üçün daha qısa zamanda arıqlama vədi verən preparatlara üstünlük verir. Bu tendensiya xüsusilə sosial şəbəkələrdə və məşhurların açıqlamalarında tez-tez müzakirə olunur.

Müğənni Xatun Əliyeva da xeyli çəki atdığını və bunu dərman və iynə vasitəsilə etdiyini açıqlayıb. Lakin bu cür dərman və iynələrin müəyyən fəsadlara səbəb olduğu halları da müşahidə olunur. Məsələn, müğənni Şəbnəm Tovuzlu bir müddət əvvəl arıqlamaq üçün istifadə etdiyi həbin səhhətində ciddi problem yaratdığını açıqlayıb. O, bildirib ki, həmin dərmanı qəbul etdikdən sonra təzyiqi 50-yə qədər düşüb və səhhətində ciddi narahatlıq yaranıb. Bu kimi hadisələr arıqlama məqsədilə istifadə olunan dərman və iynələrin sağlamlığa təsiri ilə bağlı narahatlıqları artırır.

Bəs arıqlama dərmanları və iynələr nədir?

Son illərdə dünyada arıqlamaq üçün istifadə edilən bir neçə dərman qrupu populyarlaşıb. Bu preparatlar əsasən iki istiqamətdə təsir göstərir: İştahanı azaltmaq - insanın daha az yeməsinə səbəb olur, qanda şəkərin və insulin səviyyəsinin tənzimlənməsi - bu da çəki azalmasına kömək edir

Bəzi iynə şəklində olan preparatlar əslində əvvəlcə şəkərli diabetin müalicəsi üçün hazırlanıb, lakin sonradan onların arıqlamağa kömək etdiyi məlum olub. Buna görə də həkim nəzarəti olmadan istifadə edildikdə ciddi risklər yarana bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu cür preparatların nəzarətsiz istifadəsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Ən çox rast gəlinən yan təsirlər bunlardır: ürəkbulanma və qusma, mədə-bağırsaq pozuntuları, başgicəllənmə və halsızlıq, qanda şəkərin kəskin dəyişməsi, hormonal balansın pozulması
Daha ciddi hallarda isə mədəaltı vəz problemləri, ürək-damar fəsadları və maddələr mübadiləsinin pozulması kimi risklər də yarana bilər. Bundan başqa, sürətli arıqlama nəticəsində dərinin sallanması, vitamin çatışmazlığı və immun sisteminin zəifləməsi də müşahidə olunur.

Sağlam şəkildə arıqlamağın ən yaxşı və təhlükəsiz yolu nədir?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a qeyd edib ki, bu gün artıq çəki problemi ciddi qlobal, tibbi-sosial problemlərdən biri hesab olunur:

“Müasir dövrdə insanların hərəkətsiz həyat tərzi sürməsi, “fast-food” tipli qidaların istehlakının artması bu problemin getdikcə daha da geniş yayılmasına səbəb olur. Nəticədə artıq çəki və piylənmə cəmiyyət üçün mühüm sağlamlıq probleminə çevrilir və onun həlli də kifayət qədər çətin olur. Artıq çəki probleminin yaranmasının müxtəlif səbəbləri mövcuddur. Bir tərəfdən qidalanma ilə bağlı, yəni alimentar yolla baş verən piylənmə halları var, digər tərəfdən isə müxtəlif hormonal pozuntular və orqanizmdə baş verən digər dəyişikliklər nəticəsində yaranan artıq çəki problemləri mövcuddur. Buna görə də bu problemdən qurtulmaq üçün müxtəlif yollar axtarılır və hər bir halda yanaşma fərqli olmalıdır”.

Mütəxəssis qeyd edib ki, əgər artıq çəki ciddi mübadilə pozuntuları və ya hormonal problemlər nəticəsində yaranıbsa, bu halda tibbi müdaxilə və müalicə tələb olunur:

“Belə vəziyyətlərdə həkim tərəfindən ciddi müayinə və araşdırma aparılmalı, problemin əsas səbəbləri müəyyən edilməli və buna uyğun müalicə üsulları seçilməlidir. Yalnız səbəblər dəqiqləşdirildikdən sonra effektiv müalicə planı hazırlamaq mümkündür. Lakin qidalanma ilə bağlı yaranan, yəni alimentar piylənmə hallarında düzgün qurulmuş pəhriz və həyat tərzinin dəyişdirilməsi daha səmərəli nəticə verə bilər. Bununla belə, bu problemdən özbaşına və nəzarətsiz şəkildə qurtulmağa çalışmaq olduqca yolverilməzdir. Çünki hətta alimentar piylənmə zamanı belə aqressiv və düzgün planlaşdırılmamış pəhrizlərin insan tərəfindən özbaşına tətbiq edilməsi bir sıra hallarda ciddi fəsadlara, hətta həyati təhlükələrə gətirib çıxara bilər. Bu problemlərin həlli üçün mütləq şəkildə orqanizmin ümumi vəziyyətinin öyrənilməsi vacibdir. Yəni insanın fizioloji statusu qiymətləndirilməli, yanaşı xəstəliklər və digər sağlamlıq problemləri araşdırılmalıdır. Bundan sonra seçilən müalicə və ya pəhriz metodunun orqanizmə necə təsir göstərə biləcəyi nəzərə alınaraq qərar qəbul edilməlidir. Bundan başqa, arıqlama prosesi mütləq nəzarət altında aparılmalıdır. Çünki prosesin gedişində, hər bir mərhələdə müxtəlif fəsadlar yarana bilər. Belə hallarda isə müalicə taktikasının dəyişdirilməsi və ya yeni yanaşmaların tətbiq edilməsi zəruri ola bilər”.

Zülfüqar Yusifov həmçinin vurğulayıb ki, bəzi insanların bir-birindən eşitdiyi məlumatlara əsaslanaraq müxtəlif dərman maddələrini qəbul etməsi və ya iynələr vasitəsilə arıqlamağa çalışması qətiyyən yolverilməz və olduqca təhlükəlidir:

“Çünki hər bir dərman maddəsi, hətta ən sadə hesab olunan preparatlar belə müəyyən yan təsirlərə malikdir. Bu dərmanların özbaşına istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə arıqlamaq məqsədilə istifadə olunan bəzi dərman vasitələri orqanizmə müxtəlif və bəzən gözlənilməz təsirlər göstərə bilir. Hətta bəzi hallarda bu cür preparatların nəzarətsiz istifadəsi ciddi sağlamlıq fəsadlarına və həyati təhlükələrə gətirib çıxara bilər. Məhz buna görə də bu cür vasitələrin özbaşına qəbulu qəti şəkildə yolverilməz hesab olunur. Ümumiyyətlə, tövsiyə etmək olar ki, əgər orqanizmin ümumi vəziyyəti imkan verirsə, ilk növbədə həyat tərzində dəyişikliklər etmək lazımdır. Məsələn, gündəlik fiziki aktivliyin artırılması, qidalanmanın tənzimlənməsi, axşam saatlarında qida qəbulunun azaldılması, xüsusilə yüksək kalorili qidalardan imtina edilməsi kimi üsullar daha sağlam və təhlükəsiz nəticə verə bilər. Bununla belə, bəzi hallarda artıq çəki problemi daha ciddi tibbi səbəblərlə bağlı ola bilər. Belə vəziyyətlərdə isə mütləq şəkildə həkimlə məsləhətləşmək və mütəxəssis nəzarəti altında müalicə aparmaq lazımdır. Yalnız bu halda həm təhlükəsiz, həm də effektiv nəticə əldə etmək mümkündür”.

Link kopyalandı!
Son xəbərlər