“Zaur Baxşəliyevin aşıq babası bizə dastan danışardı, hamımız o sarayda doğulmuşuq” - Həmzə Soltan bəy Qaraçorun nəslinin nümayəndəsi - FOTO+ÖZƏL
437
09:00, Bu gün

“Zaur Baxşəliyevin aşıq babası bizə dastan danışardı, hamımız o sarayda doğulmuşuq” - Həmzə Soltan bəy Qaraçorun nəslinin nümayəndəsi - FOTO+ÖZƏL

"Mən əslən laçınlıyam. Daha dəqiq desək, əslim-köküm Laçının Sultanlar kəndindəndirlər. Biz Laçında adlı-sanlı, tanınmış Həmzə Sultan bəy Qaraçorun nəslindənik. Sultanlar qədim, tarixi bir kənddir. Ulu babamızın adını daşıyan Həmzə Sultan sarayı 1736-cı ildə tikilib. Ora hələ 1650-ci illərdə Türkiyə tərəfdən, indiki İran ərazisinin Qaraçorlu məhəlləsindən gəliblər. 1931-ci ildə Hüsü Hacıyevə görə kəndin adı dəyişdirilərək Hüsülü adlandırılıb. Biz həmin nəslin 8-ci uşaqlarıyıq. O sarayda doğulmuşam, orada yaşamışam. Ora məktəb kimi də, anbar kimi də istifadə olunub. Ermənilər ora hücum edənə qədər mən hər yay ora gedib-gəlirdim. Qaçqınçılıq başlayandan sonra ailəmiz məcburiyyət qarşısında Bakıya köçüb gəldi”.
 
Bunu Moderator.az-a açıqlamasında Həmzə Sultan bəy Qaraçorun nəslindən olan Oqtay Cəfərov deyib.
 
O daha sonra əlavə edib:
“Düzdür, ermənilər abidəni bərpa edib, amma bizim istədiyimiz kimi bərpa etməyiblər. Kəndimiz işğaldan azad olunandan sonra ora iki alimlə getdik. Gördük ki, ermənilər abidəni öz memarlıq ən-ənələrinə uyğun bərpa ediblər. Sanki erməniləşdirmək istəyiblər. Hətta oranı dünyaya hansısa milyonçu erməninin sarayı kimi təqdim edirdilər. Ermənilər orada qəbirstanlıqda bütün məzarları dağıdıblar, amma atamın məzarına dəyməyiblər. Düzdür, güllə atıblar, amma əl vurmayıblar. Hazırda orada hərbi hissə yerləşir. Bizim istəyimiz odur ki, həmin abidə yenidən bərpa olunsun və içərisindəki iki mərtəbəli ev yenidən təmir olunsun. Biz orada hansısa şərait yaratmaq, bağ salmaq istəyirik. Həm də istərdik ki, orada yaşayaq. Düzdür, Mədəniyyət Nazirliyi təzəlikcə aparıb ora lövhə vurub. İstərdik ki, tezliklə abidənin bərpası aparılsın. Sarayın özü muzey kimi qala bilər, abidənin ətrafında əlavə evlər var. O evlər sonradan tikilib. Onları qonaq evləri kimi saxlamaq olar. Atam dövlət qulluqçusu idi, bununla belə əkin sahələrimiz də var idi, heyvanat da saxlayırdıq, arıçılıqla da məşğul olurduq. 30 il işğal dövründə sanki ömrümüzdən kəsildi. Anam da vəsiyyət etmişdi ki, məni atanızın yanında dəfn edərsiz. Amma anam dünyasını dəyişəndə torpaqlarımız işğaldan azad olunmamışdı. 4 dəfə gedib gəlmişəm kəndə. İcazə versəydilər özümüz də bərpa proseslərində iştirak edərdik. Çünki oranı bizim qədər yaxşı tanıyan yoxdur. Övladlarım, qardaşım oğlu, xanəndə Yusif Cəfərbəyli ora gedib yaşamaq, çalışmaq və orada fəaliyyət göstərmək arzusundadırlar. Onlar da kökləri, ulu babaları ilə fəxr edirlər”.
 
Müsahibimiz bildirib ki, Qaraçorlu mahalı hər zaman sənətə, musiqiyə böyük önəm verib:
“Bizim kəndimiz çox ziyalı insanlar da yetişdirib. İnsanlarda aşıq sənətinə, muğama böyük həvəs olub. Yadımdadır ki, o dövrün ziyalısı, aşıq Nəcəf ildə iki dəfə bizə gələrdi. Təsəvvür edin, atla Dərələyəzdən birbaşa Sultanlar kəndinə gəlirdi. Orada bütün kənd yığışardı, aşıq Nəcəf iki gecə dastan danışardı. Biz 1961-ci ildə yeni evimizə köçəndən sonra da iki-üç il gəlib-getdi. O dövrdə at sürən xanımlar az olardı. Hətta oğlu üçün buradan bir at sürən xanım da almaq istəyirdi. Qeyd edim ki, aşıq Nəcəf tanınmış teleaparıcı Zaur Baxşəliyevin doğma babasıdır. Qardaşım oğlu Yusif Cəfərbəyli 9-cu Televiziya Muğam Müsabiqəsinin finalçısı oldu. Laçında çıxış etmək ən böyük arzusu idi. Ona da nail oldu. O Laçını işğaldan azad olunandan sonra gördü, amma uşaqlıq illərindən Laçın sevgisi ilə böyüyüb”, - deyə Oqtay Cəfərov bildirib.
Link kopyalandı!
Son xəbərlər