2026-cı il yanvarın 1-dən etibarən yaşayış sahələrini digər fiziki şəxslərə kirayəyə verən vətəndaşlar üçün vergi qaydalarında dəyişiklik qüvvəyə minib. Vergi Məcəlləsinə edilən düzəlişlərə əsasən, bu kateqoriya üzrə kirayə gəlirlərindən tutulacaq vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Dəyişiklik ilk baxışdan vergi yükünün azaldılması kimi görünsə də, əsas məqsəd kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri leqallaşdırmaq və kölgə iqtisadiyyatını azaltmaqdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a şərhində bildirib ki, bir neçə ay keçməsinə baxmayaraq, kirayə mənzil bazarında ciddi dəyişiklik nəzərə çarpmır:
“Ölkədə 90 faizdən çox daşınmaz əmlak qeyri-rəsmi şəkildə kirayə verilir və kölgə iqtisadiyyatının böyük hissəsini təşkil edir. Vətəndaşların bu məsələyə daha adekvat yanaşması, vergidən yayınmaması üçün verginin azaldılmasını təklif etdim. Bu təklifi verəndə verginin ən azı iki dəfə azalacağını, 5-7 faiz olacağını düşünürdüm, amma cəmi 10 faizə endirildi. Ola bilər ki, bu, ilkin mərhələdə belə olacaq. Bunun isə demək olar ki, heç bir nəticəsi olmadı. Nəzarət mexanizminin gücləndirilməsinə baxmayaraq, kirayədə qalanlar araşdırıldı, qeydiyyata alınıb-alınmadıqları yoxlanıldı və s. Amma bazara heç bir təsiri olmadı. Ehtimal olunur ki, gələcəkdə faiz dərəcəsinin daha da azaldılmasına baxılacaq, yaxud əlavə mexanizmlərin tətbiq olunması məsələsi gündəmdə ola bilər ki, sektora nəzarət gücləndirilsin, cərimələr tətbiq olunsun. İndiki vəziyyətdə isə kirayə mənzil bazarında dəyişiklik baş verməyib”.