Prezident Əliyev şahı mat etdi: Qafqazın şahmat taxtasından qlobal dərslər
570
14:24, Bu gün

Prezident Əliyev şahı mat etdi: Qafqazın şahmat taxtasından qlobal dərslər

Bjezinski ilə Kissincerin olduğu siyasət dünyasında üçüncü şəxslər tarixin üfüqlərində çox zaman siluet kimi görünürlər və yox olurlar.

Kissincerin 100 yaşını qeyd etdiyi 2023-cü ilin onun üçün başa çatan 29 noyabrından cəmi 50 gün əvvəl Həmasla İsrail arasında son illərin ən böyük müharibəsi baş vermiş, müasir dünya keçmişin xatirələrində yatan ərəb – İsrail savaşlarının son 80 ilinin bir daha gözdən keçirməli olmuşdu.

Kissincer – o adam idi ki, düz bir əsr yaşamış, müasir dünya siyasətinin atalarından biri və “Nizam” qurucu nəzəriyyəçisi idi. O prinsipcə, yaş dövrü olaraq, İsraildən də yaşlı idi, Pəhləvi İranından da, İslam Respublikasından da.

1970-ci illərin dünyasında Orta Şərqdə sözün əsl mənasında bərq vuran, bərli-bəzəkli, qızıl içində üzən bir “Şir-Xurşid” vardı – Rza Şah. Gil ayaqlarını min illərin zəngin tarixinə dayamış, 20-ci əsrin persepolislisi dönəminə qan uddururdu.

Dövlət Katibi Kissincerin çiyinlərinə söykənib, yetənə -yetib, yetməyənə bir daş atan Pəhləvi Şahı bölgənin jandarmı idi. Ağ çəkməli əsgərlərinin sahib olduğu cah-cəlallı cəbbəxana isə dövrün demək olar ki, heç bir dövlətində yox idi. Rza tac qoyduğu – imperator titulunu aldığı, bir növ küllərindən doğduğu 70-lərin sonunda közərən inqilabın odunda yanacaqdı. Onu zirvələrə daşıyıb, öz kölgəsinin böyüklüyünə inandıran Kissincer üçün isə yalnız dostanə xatir üçün, Rzaya ABŞ-da sığınacaq vermək üçün prezidentdə müraciət etmək qalacaqdı. Amma bununla bitsəydi, həmin addım özü ilə girov böhranı doğuraraq ABŞ və İran düşmənliyinin toxumlarını əkmişdi.

Bjezinski isə tamamilə fərqli adam idi, Kissincer qədər loyal deyildi, “Taxta”sini qabağına qoyub, piyadaları oyuna salır, vəziri, vəkili, filini, topu göz qırpmadan qambitə qurban edirdi.

Zbiqnev üçün İran yeri gələndə cəzalandırılacaq bir ünsür idi, SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra Karter doktrinasını yazan və bütün Yaxın Şərqi terror təşkilatları və silahlarla dolduran adam idi, O.

Girovların azad edilməsi əməliyyatı ideyası da onun başının altından çıxmışdı və hər şey heç də Ben Afflekin ekranlaşdırdığı “Argo” filmindəki CİA agenti Toni Mendesin qəhrəmanlığı ilə bitmirdi.

İki real tarixi dühanın nə Nizamı nə də Taxtası İranı yetərincə dolğun görə bilməmişdi. Onların arxasında boylanan, qara eynəkləri ilə daim məşğul gözlərini pərdələyən bir nəfər vardı – simasına qorxu çökmüş, saçları dağınıq, bioloji və mənəvi tənəzzülün həndəvərində olan biri – tarixə bir not düşmüşdü -  "Düşünürəm ki, öz peşəmizə - yəni diplomatiya peşəsinə yeni bir qiymət verdim. Və millətlər və insanlar arasında problemləri necə həll etmək ideyası?"

Bəs necə olmuşdu ki, cəmi 12 həftə əvvəl İranda diplomat fəaliyyətinə başlayan Limbert belə bir qiymət verə bilmişdi.

Çünki 1979-cu ildə Limbert, Tehrandakı ABŞ səfirliyinə yeni təyin olunmuş Xarici İşlər Xidməti zabiti idi və səfirlik iranlı tələbələr tərəfindən işğal edildi. O, səfirliyin ələ keçirilməsindən cəmi 12 həftə əvvəl diplomat kimi gəlmişdi. 52 digər amerikalı ilə birlikdə bir ildən çox əsirlikdə qaldı. İranda girov kimi yaşadığı təcrübənin onu necə dəyişdirdiyi barədə soruşulduqda belə demişdi. O bir də bunu dilə gətirmişdi: Limbert həmçinin 1979-cu il İslam İnqilabı ilə bağlı yanıldığını qeyd edirdi: "Etiraf edirəm ki, onu əvvəldən və getdiyi istiqamətdə səhv adlandırmışdım. Getdiyi istiqamət - getdiyi bu olduqca sərt, qəddar və dözümsüz istiqamət - məni, şübhəsiz ki, təəccübləndirdi. Bunu gözləmirdim. Həmçinin bizim və iranlıların olduğumuz müddətcə bir-birimizdən uzaq qalacağımızı da gözləmirdim.

2009-cu ilin noyabr ayında Limbert ABŞ-ın İran üzrə ilk dövlət katibinin köməkçi müavini təyin edildi. Təyinatı qəbul edərkən Limbert ABŞ Hərbi Dəniz Akademiyasından məzuniyyət götürdü. Cəmi doqquz ay işdə olduqdan sonra Limbert 2010-cu ilin iyul ayında ABŞ Hərbi Dəniz Akademiyasında müəllimlik vəzifəsinə qayıtmaq üçün vəzifəsindən istefa verdi. Qərarını verərkən Limbert İranla diplomatik irəliləyişin olmamasından məyusluğunu dilə gətirirdi: "Obama administrasiyası artıq bir il yarımdır ki, vəzifədədir və düşünürəm ki, hamı İranla daha yaxşı bir yerdə olacağımızı düşünürdü. Mütləq dost olacağıq demək deyil, amma ən azı bir-birimizlə müntəzəm və sivil şəkildə danışacağıq”.

Bəli, iki böyük və bir sadə siyasət strateqinin doğru yolu tapanı məhz ən praktiki düşünəni, Kissincer Ağ Evdə Nizam haqda nəzəri baxışlarını depolayarkən, İranda girovluqda İslam dövlətinin edam hökmünü gözləyən Con Limbert idi.

 

  1. Maraqlıdır ki, savaşın bütün tərəflərində bütün dövrlərdə dəyişməyən iki tərəf vardı və ya elə indi də var: Yəhudilər və İranlılar. Bjezinski və Kissincer yəhudi, Limbert isə həyat yoldaşı tərəfdən iranlı idi.
  2. Dövrlər dəyişir, regionda dövlətlər belə dəyişdi, İran bir dekabr axşamı SSRİ ilə qonşu kimi yatıb, sabahı Azərbaycan Respublikası ilə qonşu olaraq oyanması da bu tarixi rolu dəyişdirə bilmədi.
  3. Rza Pəhləvini Xomeyni, onu Xamenei əvəz etdi, amma mübarizə bu günə qədər heç bir halda bitmədi.
  4. Bu savaşda yalnız bir qalib var: Dəyişməyən mübarizə və oyun qaydalarında dəyişənlərdən olmamağı üstün tutanların və bu prosesə (indilik)qatılmayanların qalib gəldiyi nəticə - dəqiqdir.

Nəhəng Çinin nəhəng doğuluşu son 20 ilin ən böyük hadisəsi idi. Min illər boyunca özünü dünyanın mərkəzi hesab edən, belə yaşayan və belə də düşünən Çin dünyagörüşü daoizm fəlsəfəsində yatan uzunmüddətli mürgüləmənin verdiyi qapalı enerji potensialını insan resurslarına ötürmüş və Çin Səddini çoxdan aşaraq, çap etdiyi dünyanın siyasi atlasında özünü -  Mandarin dövlətini siyasi qütbün yerinə qoyub, həmlələrə hazırlaşırdı.

Çinin iki böyük silahı vardı – Bəlkə də üç:

İpək, yol və karvan

Bəsit müdrikliyin uğuru da elə bunda idi. Çin dövlət ağlı tarixi İpək Yolunu bərpa edərək onun izi ilə dünya siyasi arenasının fəthinə başladı. Elə cəmi üç il əvvəl Səudiyyə Ərəbistanı ilə İranın bağlanan sazişinə Kissincer ölmədən belə də demişdi: Çinin Yaxın Şərqdə "strateji balansı dəyişdirməsi".

Çin bu balansı kimə qarşı dəyişdirirdi?

Kimlərlə dəyişidirirdi?

Harda dəyişdirirdi?

Cəmi 3  sualda Yaxın Şərqin az qala, Karfagenlərdən üzü bəri davam edən strateji əhəmiyyətinin cavabı dayanırdı.

Çin Yaxın Şərqi nüfuz altına almaqla dünyaya böyük ölçüdə sahib çıxacaq (idi).

Qlobal lojistika, kritik minerallar, neft-qaz ehtiyatları və bol-bol insan resursu, qəribə, absurd ideologiyalarla yanaşı sivilizasiyaların məbədi.

2023-cü ilin mart ayında bağlanan sazişdən sonra Yaxın Şərq bir daha və bir daha əvvəlki kimi olmayacaqdı.

Səhifəni çevirək, başqa bir nöqtədə eyni şərtlərdə, eyni coğrafiyada kilid bir ölkə daha var:

Sərt küləklərin və sərt adamların məmləkəti. Çünki siyasətin öz nirvanasına çatdığı bu bölgənin geosiyasi durumu, əhəmiyyəti dünya və xüsusən Yerginin neft və barıt çəlləyinə oxşatdığı Yaxın Şərqin tıxacı hesab edilən Cənubi Qafqaz.

Dünyanın, Yaxın Şərqin yaşadığı talenin kiçik bir modelini Qafqaz yaşamadan keçməyib. Üç Respublikanın birlikdə və ayrı-ayrılıqda keçdiyi yolda, tarixi virajlarda az qala, dövlətçiliklərini itirmək həddinə çatan qırılmalarla doludur.

Qəribə bir hipotez doğur, bəlkə də bunu manipulyasiya oyunları üçün tətbiq etmək daha maraqlı olar:

Zaqafqaziya Seymi – Qafqaz Birliyi dağılmasaydı, Osmanlılarla İttifaqa sadiq qalmaqla, onun arxasında dünya müharibəsi gedə-gedə cəbhə açılmasa, üç xalqın resursu qorunsa idi, Versalda Vilsonun imzasının gücü başqa cür olmazdımı?

Yaxud da SSRİ tərkibində zorakı formalaşdırılan xəritələrin ucbatından gələcək nəsillərə miras saxlanılacaq ərazi və etnik münaqişələr yaşanmasaydı, bölgənin tarixi proyeksiyası necə ola bilərdi?

Mənə görə, illah da, bölgədə münaqişələr olacaqdı, çünki radikal millətçiliyin doğduğu  daşnakçılıq, Şaumyançılığın gətirəcəyi bəlalar olmalı idi.

Lakin, coğrafi sancıların siyasi ifadəsinin bədəlindən qaçmaq da mümkünsüz hala gəlirdi.

Sadəcə Qafqazın taleyində Yaxın Şərqdə olmayanlar vardı.

Burda Liderlər Dövlətlərdən Böyük idi.

Türkiyənin istedadlı jurnalisti Murat Yetkinin “Meraklısı için entrikalar” kitabında Ümummilli Liderlə səmimi müsahibəsindən qeyd kimi yazır ki, onun KQB generalı kimi oynadığı rolu analiz edirdim, rəhbərlik etdiyi dövrdə qazandığı siyasi bacarıq, güclü strateqliyi sonrakı dövrdə müstəqillik əldə edən ölkənin dövlət ağlına necə çevrilməsindən bəhs edirdi.

Biz o kitabdan da öyrənirik ki, SSRİ Baş katibi Leonid Brejnev vəfatından cəmi 47 gün əvvəl, 1982-ci ilin 24-26 sentyabr tarixlərində Bakıda rəsmi səfərdə olur. Səfər ətrafında erməni lobbisinin və mərkəzi hakimiyyətdə yuvalanan daşnakların qopardığı səs-küy o həddə çatır ki, Ölkənin rəhbəri Heydər Əliyev xüsusi tədbirlər görməli olur.

Tarixdən də görünür ki, Brejnev hər an ölə bilərdi və ermənilərdən ibarət siyasi ansambl bunun Bakı səfərində baş verməsi və uzun illərdir qalib gələ bilmədikləri Əliyevi bu məsuliyyətdə ittiham edərək siyasi səhnədən kənarlaşdırmağı planlayırlar.

Amma Brejnev Bakıda və sentyabrda deyil, Moskvada, Zareçyedə soyuq bir noyabr günündə vəfat edir.

Noyabrların siyasi fəlsəfəsi də başqa cürdür.

Murat Yetkin qeyd edir ki, Cənab Əliyev ona deyirdi – Brejnevin Bakı səfəri müddətində daim bir təyyarə hava limanında işə salınmış vəziyyətdə onu gözləmişdi.

Leonid Brejnevin Bakıda öləcəyi təqdirdə düşmənlərə imkan vermək olmaz və gələcəyi xilas etmək lazım idi.

Bu, Azərbaycanın dahi şəxsiyyətinin, böyük dövlət xadiminin həyatından yüzlərlə, minlərlə qısa fraqmentdən biridir.

Bu günün Yaxın Şərqi o dövrün Azərbaycanının müharibə dövrü ilə eynidir hardasa.

Lakin qlobal liderləri yoxdur. Əliyev isə fizikən kiçik ölkənin SSRİ qədər nəhəng dövlətdə rəhbərliyə qədər ucalmış giqant lideri idi.

O, məhz Andropov kimi şəxsin təkidi ilə SSRİ-də ikinci-üçüncü şəxsi vəzifəsinə gətirilərək, bütün tikinti, yüngül sənaye kimi strateji sahələrə birbaşa rəhbərlik edir, BAM kimi qlobal tikintini reallaşdırır, müsəlman və türk olması ilə Şərqin kommunistləri arasında ona mühüm üstünlüklər qazandırırdı. Əliyev ölkəyə rəhbərlik etməmişdən qabaq Tetçerlə münasibəti olan adam idi. Ölkənin SSRİ-nin hegemoniyası altında olduğu bir dövrdə Azərbaycan dilini konstitusiyaya dövlət dili kimi salan şəxsiyyət idi. Gələcəkdə qurulacaq dövlətin təməllərini bax beləcə, kərpic-kərpic örmüşdü.

Onun dövlətin faktiki sərhədlərindən böyüklüyü – Əsrin müqaviləsində, Atəşkəs Sazişinin imzalanmasında, ölüm hökmünün ləğvində, yeni müstəqil konstitusiyanın qəbul edilməsində, ölkədən kənarda Gürcüstanda Şeva ilə dostluğunda, Dəmirəllə qardaşlığında, Ata Buşla balıq səyahətində, İranda “Mazandaran” replikasında, Bakıda türk ulduzlarının şousunda, Putinin “ustadım” deməsində və yüzlərlə belə nümunəvi, master-klasslarında idi.

İlk dəfə ölkənin siyasi təqviminin rəngləri dəyişir, adi günlər öz mənasını alır, milli təqvim yaranırdı.

Yaxın Şərqin isə heç vaxt neft siyasəti olmadı – qarşıdurması oldu

Yaxın Şərqdə neft savaşın simvoluna çevrildi, Qafqazda isə sülhün

Azərbaycanın isə bütün bölgəni özünün yandırıcı xassəsi ilə təhdid edən neftin siyasi ram edilməsini həyata keçirə bilməsi qabiliyyəti və ölkənin müstəqilliyinin güclənməsinə tətbiqi – həmin neft alovunu meydanlardan evlərdəki çıraqlara – işığa daşıya bilməsi ilə ön plana çıxdı.

Məhəmməd Əsəd Bəyin imkanı olsaydı, “Şərqdə neft və Qan”-ı Qafqaza zəfər və sülh adı ilə yenidən işləyər, Əli və Nino ayrılıqları dövlətin tənəzzülünə heç vaxt daşınmazdı.

Son 20 ilin tərcümeyi-halının bizim prizmamızdakı əsl halını dünyadakı dərsliklərə salmaq lazımdır.

Balans adı iləmi, diplomatiya gücü iləmi?

Müasir müharibə uğurları iləmi...

Yoxsa üç imperiyanın tarixi varisliyinin müharibələrə, təhdidlərə və qarşıdurmalara da varislik etməsi faktı ilə üzbəüz qaldıqda necə davranmaq sənətinin tədrisi kimi?

Bilmirəm, müasir Azərbaycan diplomatiyasını qələmə almaq üçün 2500 il əvvəl yaşamış Sun Tzunumu günümüzə reinkarnasiya etdirmək lazımdırmı?

Axı deyildiyi kimi, vətən savaşında əldə edilən qalibiyyətin, suveren bütövləşmə ilə başa çatmasına, daha sonra sülh quruculuğuna gedən Zəngəzur dəhlizini açmaq kimi cahanşümul işləri nəinki 2500 il əvvəl, 250 il əvvəl belə at minib, qoşun töküb, həll edirdilər.

İndi isə Azərbaycan üç iddialı imperiya varisinin, regional gücün qonşuluğunda nəinki “Sağ qalmaq sənəti”nin kitabını yazır, Zəfər sənətini və sənədinin salnaməsini yazanlar üçün yaxşı PDF və datalar, elektron tarixlər qoymağa davam edir.

Bir ölkə üçün onun coğrafi cəhətləri həm də mühüm gəlir mənbəyi, inkişaf səbəbi olmalıdır.

Ortaq amplitudanın yüksək cərəyan etdiyi coğrafiyalarda insanlar aqressiya ilə silahlanırlar. Sanki hamı qaynar qazanın içərisində və ya tiyana atılan qarğıdalı dənəsi kimi dərhal, şiddətli səslə partlamağa hazır vəziyyətdədir.

Emosional sabitliyin pozulması ilk növbədə siyasi təlatümlərə səbəb olur.

Coğrafiya taledir deyən deterministlərə haqq verməyə məcburuq.

Belə bir regionda dövlət olmaq olmağın özü qədər çətindir.

Şimalımızda müharibə gedir, Cənubumuzda müharibə gedir və ən dəhşətlisi bu savaşlar ikili mahiyyətə aid deyil, regional və qlobal savaşlar, qlobal nizam savaşlarına aiddir.

Gündoğarımızda can suyu Xəzər – Qərbimizdə hələ yenicə sülh qurmağa hazırlaşdığımız Ermənistan, digər tərəfdə Gürcüstan.

Hər biri bizsiz, özü -özlüyündə müharibə ocağına səbəb olacaq potensiala malikdir. Barıt anbarları ilə əhatə edilmişkən, Prezident İlham Əliyevin diplomatik gücü ön plana çıxır.

Bu hadisəyə siyasi və sosio-psixoloji nəzəriyyə “İki kişilik” imkanlar kompleksi kimi ad qoyur.

İlham Əliyevin siyasi gücünün, imkanlarının, bacarığının və qiymətləndirməsinin arxasında möhtəşəm bir məktəb ənənəsi  - Heydər Əliyev məktəbinin təchizatı dayanır, irsi və praktiki ötürülmüş imkanlar.

Əminik ki, bu gün heç bir dünya lideri nə regionu, nə də İranı Prezident İlham Əliyev qədər dərindən tanıyır. Bu tanıma metodlara və hansısa kəşfiyyat məlumatlarına, statistik qiymətləndirmələrə söykənmir. Son min ilin tarixi virajına, yaşantılara, həyatın özünə və irsə söykənir.

Azərbaycana rəhbərlik etmək üçün Azərbaycandan böyük olmağı tələb edir. Burda müqayisə qətiyyən, emosional və hissə aid deyil, Azərbaycana rəhbərlik edən şəxs Gülüstana, Türkmənçaya, Kürəkçaya, son min il Orta Şərq coğrafiyasını idarə edən Səlcuqlara, Səfəvilərə, Qacarlara, Əfşarlara sahib çıxmağa, Nizamiyə, Füzuliyə ev olmağa qabil və məcburdur.

Ona görə indiki İran dedikdə, Azərbaycanın mövqeyi dünya tərəfindən geniş tədqiqat mövzusu olmalıdır.

Ceyms Oldriçin “Diplomat”larını əvəz edin smart siyasətçilərin tarixdən xəbərsiz olması İranı, Şərqi anlamağa imkan vermir.

Azərbaycan növbəti dəfə tarixi mərhələdən keçir. Yeni geosiyasi reallıqlar mütləq ki, formalaşacaq. Artıq tarixi öz məhvərindən tərpədiblər. Şərqə endirilən bombalardan əlbəttə nə gül bitər, nə də sülh.

Amma Azərbaycan Şəhriyar demişkən, Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram”.

Azərbaycan müasir dünyanın yeganə sülh dəyəridir, yeganə sülh nəsnəsidir.

Və bu, bizim ən güclü silahımızdır.



Əziz Əlibəyli

Siyasi elmlər üzrə dissertant

Link kopyalandı!
Son xəbərlər