Piylənmə Azərbaycanı “yeyir”
270
14:21, Bu gün

Piylənmə Azərbaycanı “yeyir”

Mütəxəssislərdən SOS: bu, alkoqol kimi asılılıq yaradır, imtina etməsəniz...

Piylənmə müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1 milyarddan çox piylənmədən əziyyət çəkən insan var və 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir. 

2035-ci ildə insanların artıq çəki və piylənmə problemləri ilə bağlı Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər. Bu proqnoz isə hələ bir neçə ay əvvəl Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsində əks olunub.

Hesabatda təqdim edilən məlumatlara əsasən, 2020-ci ildə əhalinin artıq çəki və piylənmə səbəbindən Azərbaycan iqtisadiyyatının itkiləri $1,273 milyard və ya ÜDM-in 2,8%-ni təşkil edib, 2035-ci ildə - isə bu rəqəm 3 milyard 461 milyon dollara (ÜDM-in 4,4%-ni) çata bilər.

Təşkilatın qiymətləndirmələrinə görə, Azərbaycanda səhiyyə sisteminin xərcləri 2030-cu ildə - 165 milyon, 2035-ci ildə - 210 milyon dollar təşkil edəcək. Təşkilatın analitikləri hesab edirlər ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.

Müşahidələrə görə, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir.  Ölkəmizdə  əmək qabiliyyətli insanların orta hesabla 30-40%-nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur.

Piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən  şəkərli diabet və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir. 

Mütəxəssislər hesab edir ki, problemin qarşısını almaq üçün yalnız tibbi tədbirlər kifayət deyil. Dövlət səviyyəsində sağlam qidalanmanın təşviqi, idmanın kütləviləşdirilməsi, məktəblərdə qidalanma standartlarının sərtləşdirilməsi və ictimai maarifləndirmə kampaniyaları böyük əhəmiyyət daşıyır. Əks halda, piylənmə gələcəkdə həm səhiyyə, həm də iqtisadi sabitlik üçün ciddi riskə çevrilə bilər.

Aydın görünür ki, piylənmə ilə mübarizə yalnız həkimlərin işi deyil. Bu, cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma tələb edən məsələdir. Sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin gücləndirilməsi isə bu “səssiz epidemiyanın” qarşısını almağın ən effektiv yolu hesab olunur.

Bəs tibdən əlavə bu məsələdə nələrə diqqət edilməlidir? 

Asim Vəliyev 

Qida eksperti Asim Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Obezitə dediyimiz piylənmə dünyada ciddi problemlərdən biridir. Bu problem, sadəcə, çəki artımı deyil, həm də bədənin maddələr mübadiləsinin pozulmasıdır. Bir tərəfdən dünyada 1 milyarda yaxın ac insan var deyirik, digər tərəfdən piylənmə ilə mübarizə aparırıq. Piylənmənin qarşısını alan möcüzəvi bir qida yoxdur. Amma elə qidalar var ki, insanı daha tez doydurur və uzun müddət tox saxlayır. Bu da gün ərzində artıq yeməyin qarşısını ala bilər.

Ən çox kömək edən qidalar lifli qidalardır. Tərəvəz, meyvə, mərcimək, noxud, lobya kimi paxlalılar belə qidalardandır. Kəpəkli çörək və tam taxıllar da eyni qrupa daxil qidalardır. Bu qidalar mədəni doldurur, acmağı gecikdirir.

Zülal mənbələri də faydalıdır. Zülalla zəngin qidalar maddələr mübadiləsini sürətləndirir. Yumurta, balıq, toyuq, qatıq, kəsmik kimi qidalar toxluq hissini artırır. Şoraba kimi probiyotiklər bağırsaq florasını gücləndirərək çəki atmağa kömək edir. İnsan daha az qəlyanaltı axtarır. Bu, xüsusilə axşam saatlarında özünü göstərir.

Sağlam yağlar da kömək edə bilər. Amma ölçü hər zaman olduğu kimi vacibdir. Qoz, fındıq, tum, zeytun yağı kimi məhsullar faydalıdır. Sadəcə, çox yeyiləndə kalorini artırır. Yəni bir qida sağlamdır deyə nəzarətsiz yeyilməməlidir".

Ekspert bildirir ki, şəkəri, qazlı içkilər və hazır meyvə şirələri ən böyük təhlükə mənbəyidir: “Bu içkilərdəki yüksək fruktoza qaraciyərin piylənməsinə səbəb ola bilir. Buna görə risklidir. Qazlı içkilər, enerji içkiləri, şirin paket şirələr, şəkərli qəhvələr burada birinci yerdədir. İnsan bu içkilərlə çox kalori alır, amma toxluq hiss etmir. Piylənməni ən çox artıran qidalar adətən hazır və çox emal olunmuş qidalardır. Çips, şirniyyatlar, fast-food, sosiska-kolbasa tipli məhsullar buna daxildir. Bu qidalar həm çox kalorili olur, həm də porsiyanı böyütmək asan olur.

Bəzi qidalar bədəndə birbaşa yağ yığılmasına səbəb olur. Bunların başında rafinə edilmiş şəkər və ağ un məmulatları gəlir. Ağ çörək, bulkalar və şirniyyatlar qan şəkərini sürətlə qaldırır. Bu zaman bədən həddindən artıq insulin hormonu ifraz edir. Ağ unla hazırlanan un məmulatları da tez-tez və çox yeyiləndə çəki artımını sürətləndirir. Bu o demək deyil ki, heç vaxt yemək olmaz. Sadəcə, gündəlik vərdişə çeviririksə, problem yaradır.

Qızartmalar da eyni riski artırır. Eyni yemək sobada bişəndə başqa, yağda qızaranda başqadır. Yağ kalorini yüksəldir və tez-tez porsiya da böyüyür

Həmçinin, trans yağlar dediyimiz marqarinlər və təkrar qızdırılmış yağlar bədəndə iltihab yaradır. Fast-food qidalar və paketlənmiş hazır qəlyanaltılar piylənmənin əsas hərəkətverici qüvvəsidir.

Piylənmə təkcə qida ilə bağlı deyil. Yuxu az olanda, stress çox olanda, hərəkət az olanda da çəki artır. Bəzən dərmanlar və hormon problemləri də təsir edir.

Marketdən alış-veriş edərkən məhsulların etiketini mütləq oxumalıyıq. Tərkibində qarğıdalı siropu, hidrogenləşdirilmiş yağ olan məhsulları almasaq yaxşı olar. Yemək yeyərkən tələsməməliyik. Qidaları daha çox çiynəməliyik ki, həzmə kömək edək. Beyin doyma siqnalını təxminən 20 dəqiqə sonra qəbul edir. Sürətlə yemək həmişə ehtiyacdan artıq kalori almağa səbəb olur".

Həlimə Qəmərlinskaya – Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi

Həlimə Qəmərlinskaya

Psixiatr Həlimə Qəmərlinskaya isə hesab edir ki, piylənmə multidissiplinar problemdir, onu yalnız dietologiya və ya endokrinologiya çərçivəsində qiymətləndirmək düzgün deyil: “Bir çox hallarda psixiatrik faktor əsas rol oynayır. Çıxışımda vurğuladım ki, həddindən artıq yemək hər zaman yalnız qida davranışı pozuntuları və ya təşviş pozuntuları ilə bağlı olmur. Bəzi hallarda biz qidaya qarşı davranış asılılığı ilə qarşılaşırıq. Bu mexanizm öz mahiyyətinə görə qumar oyunları, onlayn oyunlar, alkoqol və ya digər maddə asılılıqları ilə çox oxşardır. Belə hallarda müalicə yanaşması da tamamilə fərqli olur.

Bu səbəbdən mütəxəssislər üçün ən vacib məsələlərdən biri düzgün anamnez toplamaq və xəstənin niyə həddindən artıq yeməyə başladığını anlamaqdır. Bəzən səbəb uzunmüddətli rutin, darıxma və emosional boşluq olur və qida insan üçün sürətli “dopamin mükafatı” funksiyasını yerinə yetirməyə başlayır.

Belə vəziyyətlərdə psixiatrın müalicə prosesinə cəlb olunması çox vacib ola bilər.

Piylənmə problemini yalnız qidanı məhdudlaşdırmaqla həll etmək mümkün deyil - bəzən asılılıq mexanizminin özü ilə işləmək lazımdır".

Link kopyalandı!
Son xəbərlər