Müharibənin qaynar fazasında İran ABŞ-la mümkün danışıqlar üçün ultimativ şərtlər irəli sürüb. “Əl Mayadin” telekanalının məlumatına görə, Tehran yalnız bir neçə tələbinin yerinə yetiriləcəyi təqdirdə əlavə addımları müzakirə etməyə hazır olduğunu bildirib.
Bura müharibənin yenidən başlamamayacağına, yəni, gələcəkdə İrana hücum edilməyəcyinə dair ABŞ-nin təhlükəsizlik zəmanəti, nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini tətbiq etməsinə razılıq, bir də hərbi əməliyyatların nəticələrinə görə kompensasiya ödəmək öhdəliyi daxildir...
Göründüyü kimi, İran sərbəst şəkildə atom silahı yönündə səylərini davam etdirmək üçün də ABŞ-dən zəmanət tələb edir. Hansı məsələ ki, problemlərin problemi sayılır.
Aydındır ki, ABŞ kapitulyasiya xarakterli bu tip şərtləri və zəmanəti yaxına buraxmaz. Əsas da ona görə ki, bu, artıq iki dəfə müharibəyə səbəb olmuş şərtlərdir. Daimi sülh üçün isə həqiqətən real və ortaq sülh gündəliyi vacibdir. İranın başının dinc olması üçün, sanksiyalardan qurtulması və normal inkişafı üçün ayrı yol görünmür...
İran rejimi ilk növbədə haram saydığı atom silahına can atmayacağına dünyanı inandırmalıdır. Mexanizmi fikirləşib tapmaq müvafiq beynəlxalq strukturların işi. Axı, nədən o, dinc məqsədlər üçün 3-5% bəs elədiyi halda, 60 faizdən yuxarı zənginləşdirdiyi və 10 atom silahına bəs edəcək 400 kilo uran üzərində bunca əsir?
Bu həm də ona görə vacibdir ki, cənub qonşumuz nüvə dövlətinə çevrilən kimi regionun digər dövlətləri, özəlliklə Türkiyə və Səudiyyə Ərəbistanı da özünün atom bombasına malik olmaq istəyəcək. Düz də edəcək...
Başqa sözlə, bu müharibənin yekunu özündə bir müddət sonra bölgədə növbəti böyük hərbi qarşıdurmanın zəminini daşımalıdır. Əksinə, region daha rahat nəfəs almalıdır. Bu isə ən əvvəl İran hakimiyyətindən asılıdır. Hansı hakimiyyətin ki, monolitliyindən danışmaq çətindir.
Bunun daha bir sübutu yeni seçildiyi deyilən ali dini lider Müctəba Xomeneinin hələ də üzə çıxmamasıdır. Hətta ölkə parlamentində onun liderlik keyfiyyətini şübhə altına qoyan bəyanatlar səslənib. O zaman sual yaranır ki, danışıqları kim aparacaq və mümkün anlaşmalara kim qarant duracaq?
Yenə bu xüsusda legitim prezident sayılan Məsud Pezeşkian yada düşür. Ancaq SEPAH ölkəni böhrandan çıxarmaq üçün ona şans-imkan verəcəkmi?..

Bu arada sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İranla bağlı maraqlı fikirlərini bölüşüb.
Onun müşahidəsinə görə, hazırda vəziyyətin Suriya (Ukrayna, Liviya, İraq və s.) ssenarisinə doğru getdiyinin mənfi dinamikası aydın görünür. Politoloq baş verənləri vahid dövlətin parçalanması prosesi kimi xarakterizə etməyin tərəfdarıdır. Arqumentləri isə aşağıdakılardır:
“- çeşidli xarici amillər səbəbindən siyasi, iqtisadi və sosial sahələrin müxtəlif sektorlarına cavabdeh və sabit fəaliyyət göstərən dövlət qurumlarının (strukturlarının) itirilməsi;
- fəaliyyət sahələrinə, regional və etnik-konfessional göstəricilərə görə hakimiyyətin parçalanması;
- vahid xarici, müdafiə, iqtisadi və sosial siyasət həyata keçirmək qabiliyyətinin itirilməsi;
- konstitusiyaya zidd güc mərkəzlərinin formalaşması və möhkəmlənməsi, eləcə də onların vəziyyətin inkişafına təsiri;
- təhsil sisteminin, səhiyyənin, sosial təminatın, asayişin, məhkəmə sisteminin və s. deqradasiyası və dağılması;
- hava hücumundan müdafiə, hava qüvvələri, elektron kəşfiyyat, hərbi təhsil və s. kimi mürəkkəb, yüksək texnologiyalı müdafiə sistemlərinin dağılması” (Axar.az).
Keçmiş nazirin qənaətincə, bütün bunlar təxminən orta əsr Avropasının şəhər-dövlətləri vəziyyətinə qayıtmaq, bir növ sivilizasiya geriləməsidir. “İranda başlamış deqradasiyasının davam edəcəyini söyləmək olar. Hərbi əməliyyatların mahiyyəti, İran müqavimətinin formaları və taktikaları, o cümlədən hakim rejimin parametrləri qlobal oyunçuların yuxarıda qeyd olunan məqsədlərinə çatmasını təmin edəcək şəkildə formalaşdırılacaq”, - politoloq əlavə edib.
Yaxın günlərdə bu proqnozların doğrulma dərəcəsini görəcəyik. Ancaq bir şey dəqiqdir ki, indiki müharibəyə gətirən səbəblər aradan qalxmayınca İran rejimi yeni və daha dağıdıcı müharibədən sığortalana bilməyəcək... /Musavat.com/