527
13:00, Bu gün

"Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr həyata keçirilib" - Ukrayna KİV-ləri

 
"Tərəflər həm döyüş meydanında, həm də arxa cəbhədə hücumları genişləndirir..."
 
Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz aparatlarla növbəti hücum həyata keçirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Xarkovda dron hücumu: ölənlər və yaralananlar var
 
Məlumatda deyilir ki, zərbə şəhərin Şevçenko rayonunda yerləşən mülki müəssisələrdən birinə endirilib. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində ən azı iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb. Hadisə yerində güclü yanğın baş verib və fövqəladə xidmətlər dərhal əraziyə cəlb olunub.
 
Yaralananlar arasında 47, 50 və 60 yaşlı qadınlar, həmçinin 39 və 49 yaşlı kişilər var. Onların hamısına partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub. Daha sonra xəstəxanaya 33 və 36 yaşlı iki kişi də gətirilib. Xarkov son aylarda Rusiya ordusunun ən çox hədəf aldığı şəhərlərdən biridir. Şəhər demək olar ki, hər gün raket və dron hücumlarına məruz qalır.
 
Ukrayna Rusiyada hərbi və sənaye obyektlərini vurub
 
Eyni zamanda Ukrayna Silahlı Qüvvələri də Rusiyanın arxa bölgələrində bir sıra mühüm obyektlərə zərbələr endirib. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Bryansk şəhərində yerləşən və Rusiya raketləri üçün idarəetmə sistemləri istehsal edən zavod vurulub.
 
Zelenski bildirib ki, əməliyyatın uğurla həyata keçirilməsi barədə ona Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski məruzə edib. Prezident bu zavodun Rusiya arsenalındakı müxtəlif tip raketlərin idarəetmə sistemlərini istehsal etdiyini qeyd edib və hərbçilərə təşəkkür edib.
Bundan başqa, Ukrayna qüvvələri Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində yerləşən böyük kimya müəssisələrindən biri olan "KuybışevAzot" zavoduna da zərbə endirib. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın baş verdiyi bildirilir.
 
Bu zavod Rusiyada kimya sənayesinin əsas müəssisələrindən biri hesab olunur və burada kaprolaktam, poliamid, ammonyak, karbamid və digər kimyəvi məhsullar istehsal edilir.
 
Müharibə cəbhədən kənara yayılır
Son günlər tərəflər yalnız cəbhə xəttində deyil, həm də strateji sənaye və logistika obyektlərinə zərbələr endirməklə qarşı tərəfin hərbi imkanlarını zəiflətməyə çalışır. Ukrayna ordusu daha əvvəl də Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi və sənaye obyektlərinə hücumlar edib. O cümlədən, pilotsuz aparatların idarəetmə stansiyaları məhv edilib, həmçinin neft məhsullarının daşınması ilə bağlı mühüm logistika məntəqələrindən biri vurulub.
Link kopyalandı!
Son xəbərlər