Ölkədə mart yoluxması
370
09:00, Bu gün

Ölkədə mart yoluxması

Professor: "Bir çox xroniki xəstəliklərin kəskinləşməsinin məhz bu dövrə təsadüf etməsinin səbəbləri var"

Son dövrlər mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə epidemioloji vəziyyət və müşahidə olunan xəstəliklər yenidən gündəmə gəlir. Xüsusilə məktəblilər arasında mövsümi xəstəliklərin yayılması ilə bağlı müraciətlərin olub-olmaması və yaz mövsümünün yaxınlaşması fonunda vəziyyətin necə dəyişdiyi maraq doğurur. Bununla yanaşı, vətəndaşların, eləcə də məktəb yaşlı uşaqların mövsümi xəstəliklərdən qorunması üçün görülən profilaktik tədbirlər və verilən tövsiyələr də diqqət çəkən məsələlərdəndir.

Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət stabil və nəzarət altında qiymətləndirilir. Onun sözlərinə görə, yaz fəslinin yaxınlaşması ilə əlaqədar olaraq xəstəliklərin strukturunda müəyyən dəyişikliklər müşahidə olunur.

“Mövsümi qripə yoluxma halları azalsa da digər kəskin respirator virus infeksiyaları (KRVİ) hələ də aktivdir. Ümumi tendensiya ondan ibarətdir ki, hava-damcı yolu ilə yayılan infeksion xəstəliklər ciddi şəkildə azalmağa doğru gedir”.

Mütəxəssis-ekspert nəzərə çatdırıb ki, mövsüm dəyişikliyi zamanı məktəblilər ən həssas qruplardan biridir:  “Çünki qapalı məkanlarda uzun müddət bir yerdə olmaq hava-damcı yolu ilə yayılan infeksiyaların sürətini artırır. Mart ayında temperatur tərəddüdləri uşaqların immun sisteminə təsir edir, nəticədə boğaz ağrısı, zökəm və yüksək hərarətlə müşayiət olunan hallara rast gəlinir. Vitamin çatışmazlığı (avitaminoz) nəticəsində qışdan çıxan orqanizmdə enerjinin azalması, yorğunluq və yuxusuzluq halları qeydə alınır. Yazın gəlişi ilə mövsümi allergiyalarla bağlı müraciətlərın artımı gözlənilir. Belə ki, ağacların və bitkilərin tozlanması dövründə asqırma, gözlərdə qaşınma və allergik rinit şikayətlərini çoxaldır. Əlamətlərin oxşarlığı allergik vəziyyətin respirator virus infeksiyası ilə səhv salınmasına səbəb olur”.

Bəs mart ayında niyə respirator xəstəliklər artır? Ümumiyyətlə, hazırkı dərmanların keyfiyyəti respirator xəstəliklərin öhdəsindən gəlirmi?

Adil Qeybulla 

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, respirator xəstəliklərin böyük əksəriyyəti virus mənşəlidir və viruslara qarşı isə hələlik bütün hallarda təsir edən konkret və universal bir maddə mövcud deyil: “Doğrudur, müəyyən antiviral preparatlar var, lakin virusların çox sürətlə mutasiyaya uğraması səbəbindən bu dərmanların təsiri bir çox hallarda gözlənilən qədər effektiv olmur. Yəni viruslar daim dəyişdiyi üçün onların hamısına eyni dərəcədə təsir edə biləcək vahid dərman hələ ki mövcud deyil. Lakin burada əsas məsələ ondan ibarətdir ki, insan orqanizminin immun sisteminin güclü və balanslı vəziyyətdə saxlanılması çox mühüm rol oynayır. Çünki immun sistemi güclü olan insanlarda virus infeksiyalarına qarşı müqavimət də daha yüksək olur. Xüsusilə mart ayı orqanizm üçün müəyyən mənada keçid dövrü hesab olunur. Bu dövrdə qış fəslindən yaz fəslinə keçid baş verir və insan bədənində bir sıra fizioloji dəyişikliklər yaşanır. Xalq arasında bu dövr barədə "qan durulanır" kimi ifadələr işlədilir və bu fikrin müəyyən elmi əsası da var. Əslində burada söhbət orqanizmin oyanması, metabolik proseslərin və hormonal sistemin yenidən tənzimlənməsindən gedir".

Adil Qeybulla həmçinin vurğulayıb ki, bir çox xroniki xəstəliklərin kəskinləşməsinin məhz bu dövrə təsadüf etməsinin səbəbləri var: “Mədə-bağırsaq sistemi xəstəlikləri, sinir sistemi problemləri, allergik xəstəliklər və digər bəzi patologiyalar yazın ilk aylarında daha çox müşahidə olunur. Bu səbəbdən də həmin dövrdə respirator xəstəliklərin yayılma ehtimalı artır. Bunun səbəblərindən biri də insanların dəyişkən hava şəraitinə uyğun geyim seçməməsidir. Yaz aylarının əvvəlində hava tez-tez dəyişir, gün ərzində temperatur fərqi böyük olur. İnsanlar isə bəzən buna uyğun geyinmir və nəticədə soyuqdəymə və respirator xəstəliklər daha çox qeydə alınır. Digər tərəfdən, qış aylarından sonra orqanizmdə vitamin çatışmazlığı - yəni avitaminoz da müşahidə olunur. Qış mövsümündə günəş şüalarının az olması, qidalanmada təzə meyvə-tərəvəzin məhdud olması və fiziki aktivliyin azalması nəticəsində bədəndə müəyyən vitaminlərin səviyyəsi aşağı düşür. Bu da immun sistemini zəiflədir və nəticədə virus infeksiyalarına yoluxma riski artır. Yəni respirator xəstəliklərin yazın əvvəlində daha çox yayılmasının bir neçə səbəbi var və bunların hamısı birlikdə bu vəziyyəti formalaşdırır”.

Professor dərmanların effekti ilə bağlı da danışıb: “Dərmanların keyfiyyəti barədə cəmiyyətdə tez-tez müxtəlif müzakirələr aparılır və müəyyən söz-söhbətlər dolaşır. Etiraf etmək lazımdır ki, bu iddiaların bir hissəsi tam əsassız deyil. Lakin məsələ yalnız dərmanların keyfiyyəti ilə bağlı deyil. Təəssüf ki, respirator xəstəliklər zamanı insanların ən çox etdiyi səhvlərdən biri antibiotiklərdən düzgün istifadə etməmələridir. Əksər hallarda soyuqdəymə və virus mənşəli xəstəliklər zamanı insanlar özbaşına antibiotik qəbul edirlər. Halbuki antibiotiklər viruslara təsir etmir. Onlar yalnız bakterial infeksiyalara qarşı istifadə olunur. Antibiotiklərin əsassız və nəzarətsiz qəbulu isə əksinə, daha ciddi problemlər yarada bilər. Bu dərmanların müxtəlif yan təsirləri mövcuddur və orqanizmə əlavə yük yaradır. Ona görə də respirator xəstəliklər zamanı dərman qəbul edərkən mütləq həkim məsləhəti nəzərə alınmalıdır. Məsələn, qızdırma zamanı istifadə olunan parasetamol və digər preparatlar dünyanın bir çox ölkəsində sərbəst satılsa da, onların da düzgün və təhlükəsiz istifadəsi üçün həkim tövsiyəsi vacibdir. Yəni həkim təyinatı olmadan müxtəlif dərman preparatlarının qəbul edilməsi qətiyyən məqsədəuyğun deyil. Bəzən insanlar dərmanların təsir etmədiyini düşünürlər. Əslində isə bir çox hallarda problem dərmanın keyfiyyətində deyil, onun düzgün seçilməməsində olur. Çünki dərmanlar çox vaxt özbaşına alınır, tanışların və ya yaxınların məsləhəti ilə istifadə olunur. Bu isə düzgün yanaşma deyil. Hər bir xəstəliyin müalicəsi fərdi yanaşma tələb edir və düzgün diaqnoz qoyulmadan dərman qəbul etmək həm faydasız, həm də zərərli ola bilər”.

Adil Qeybulla bu dövr üçün öz məsləhətlərini də qeyd edib: “Bu dövrdə insanlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Vitaminlərlə zəngin qidaların qəbul edilməsi, fiziki aktivliyin artırılması və sağlam həyat tərzinin qorunması çox vacibdir. İnsanlar mümkün qədər tənbəlləşməməli, daha çox hərəkət etməli, açıq havada gəzməli və balanslı qidalanmalıdırlar. Az yemək, lakin daha çox hərəkət etmək sağlamlıq üçün mühüm şərtlərdən biridir. Bundan əlavə, əhalinin böyük bir hissəsində vitamin çatışmazlığı müşahidə olunur. Xüsusilə D vitamini ilə bağlı problemlər geniş yayılıb. Bu vitamin immun sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də D vitamininin səviyyəsinə nəzarət etmək, lazım gəldikdə isə həkim məsləhəti ilə onu qəbul etmək vacibdir”.

Link kopyalandı!
Son xəbərlər