Bizi sosial şəbəkələrdən izləyin:
“Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını 2017-ci ildə ifa etmişəm. Mən bu mahnını oxuyanda bir çoxu həmin əsərə heç müraciət etməmişdi. Məndən sonra bir çoxu götürüb yeni aranjimanda ifa etdi. Niyaməddin Musayevdən hər zaman xeyir-dua almışam. O bütün oxuduğum mahnılara öz münasibətini bildirib. Hallıq gözəl şeydir. Kim halallıq almırsa öz işidir. Biz səhnələr, sənətkarlar görmüşük. Bu günün müğənnisi deyilik ki. Atam da Niyaməddin müəllimi çox istəyirdi. Çalışaq sənətkarları incitməyək. Onlardan çox az qalıb. Hər ucuz mövzularda sənətkarların adını çəkməyək. Yoxsa xalq bizi bağışlamaz”.
Bunu Moderator.az-a açıqlamasında müğənni Səidə Dadaşova bildirib.
O daha sonra əlavə edib:
“Hər zaman özümə də, sənətçi dostlarıma da hörmət etmişəm. Həmçinin də tamaşaçılarıma.. Mən sənət qalmaqallarının, söz-söhbətlərinin içində olmamışam, olmaram da. Mənim nəsil müğənnilər belə qalmaqallardan uzaqdırlar. Ətrafımda belə müğənnilər də yoxdur. Söhbət sənətə son illərdə gələnlərdən gedir. Hansı ki, müğənnilik adını artıq ucuzlaşdırıblar”.
Səidə Dadaşova bildirib ki, illərdir tamaşaçıya sevdirdiyi mahnısını qorumaq sənətkarın haqqıdır.
“Sənətkar mahnısını qorumaqla öz haqqını tələb edir. O demir ki, mahnımı oxuma. Sadəcə deyir ki, düzgün oxu, kantanı doğru vur. Mən möhür sözünü sevmirəm. Möhür vəkillərdə olur. Amma bu sənətkarlar artıq o mahnıları təsdiqləyiblər. Bunlar təsdiq olunmuş ifalardır. Mənim üçün böyük fəxrdir ki, mahnısını oxuduğum müğənni desin ki, filan yerini belə oxu, filan yerində belə boğaz et. Bunu niyə pis qəbul edirlər ki? Oxuya bilmirlər, onlara düzgün istiqamət verən insanların fikirlərini də qəbul etmək istəmirlər. Mən də atamın mahnılarını, əsərlərini qoruyuram. Sabah kimsə götürüb yalnış ifa etsə əlbəttə ki, etiraz səsimi qaldıracağam”, - deyə Səidə Dadaşova bildirib.