“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə MÜSAHİBƏ
259
15:46, Bu gün

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə MÜSAHİBƏ

Moderator.az Əməkdar artist Gülşad Baxşıyevanın Lent.az-a müsahibəsini təqdim edir.
 
- Gülşad xanım, pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələrlə işləmək necədir?
 
- Artıq 41 ildir pedaqoji fəaliyyətlə məşğulam. Açığı, bu mənim üçün bir enerji mənbəyidir. Tələbə ilə işləmək sevdiyin sənəti daim xatırlamaq və öyrətməkdir. Biz yol öyrədirik, istedad vermirik. Tələbəyə aktyorluq sənətini akademik səviyyədə başa salırıq. Tamaşa qurmaq xatirinə etmirik bunları. Seçdiyimiz əsərlər tələbənin inkişafına xidmət etməlidir. Solğun, bəsit obrazları tələbə ilə işləmək olmaz. Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Şekspir kimi canlı obrazları olan əsərləri işləyirik. Orada bir xarakter olmalıdır. Tələbə daim inkişaf etməli, püxtələşməlidir.

- Bəs indi tələbələrdə istedad hansı səviyyədədir? Razısınızmı onlardan?
 
- Bir bilsəniz, nə qədər istedadlı uşaqlar var. İstedadı vermək olmaz. Bir dəfə tələbəyə nəyisə izah edirdim, görürdüm ki, alınmır. Bilirdim niyə alınmır. Axırda dedim, oğlum, o şey ki səndə var, onu səndən ala bilmərəm, o şey ki səndə yoxdur, onu verə bilmərəm. O da istedaddır. Tələbə hələ-hələ rolu özününküləşdirə bilmir. İstedadlı tələbə müəllimin dediyindən əlavə öz yaradıcılığını da qatır. 
 
Tələbələrin bir çoxu sənəti üstdən, səthi sevirlər. Dərinliyini bilmirlər, öz üzərilərində işləmək istəmirlər. Bu baxımdan çox tənbəldirlər. Onlara verilən tapşırıqları yerinə yetirsələr, nəsə əldə edə bilərlər. Bütün bunlarla yanaşı, çox istedadlı tələbələr də var ki, özlərindən daim narazıdırlar. Onlar sənəti sənətə görə sevirlər. Bir çox universitetlərdə diplom almaq üçün oxuyurlar. 

- Kino və teatrdan uzaqlaşmısınız, daha çox pedaqoji fəaliyyətlə məşğulsuz. 

- Vaxtilə kino və seriallara çəkilmişəm, indi universitetdə kafedra müdiriyəm. Tələbələrin, müəllimlərin problemini həll etmək, onlarla maraqlanmaq lazımdır. Serial da belədir ki, səhər tezdən gedib axşam gəlirsən. Əlimdə iki qarpız tutmaq həvəsim yoxdur. Teatrdan isə çoxdan uzaqlaşmışam. Bəzən filmlərə çəkilirəm. O da ssenariyə baxıram, xoşuma gələndə gedirəm. Yenə də dəvət gəlsə, seçim edəcəyəm.
 
- Seçimi nəyə əsasən edirsiz?

- Rola görə. İki il əvvəl bir tələbəmiz var idi. Dedi ki, Şəkidə bir serial çəkirik. Dedim, ver, ssenarini oxuyum. Dedi, çəkilərsiz bizim seriala? Dedim, rol xoşuma gəlsə, çəkilərəm. Böyük məmnuniyyətlə o seriala çəkildim. İkincisi isə, Şəki aşiqiyəm, ora mənim üçün başqa bir məkandır. Serial çəkiləndən sonra gəlib oturdum, operator dedi, Gülşad xanım, bu sizsiniz? Gözləriniz rol oynayanda başqa, indi başqa idi. Dedim, insan gərək içini hazırlasın o rola.

- Deyirlər, sənət fədakarlıq tələb edir. Sənətə görə özünüzdən, həyatınızdan nəyi fəda etmisiz?

- Ümumiyyətlə, hər bir işdə fədakar olmalısan. Fədakarlıq odur ki, işinə ciddi yanaşasan, məqsədinə çatasan. Elə aktyor var 15 dəfə oynadığı rolu hər dəfə fərqli oynayır, püxtələşir. Eləsi də var, gəlib sözlərini deyir, gedir. Nəyi fəda etmişəm? Bunlar hamısı cəfəngiyatdır. Hamının bir qərəzi var. Ora sənin iş yerindir, fədakar olmalısan. Deyirlər, “həyatımı sənətə qurban verdim”. Heç kim heç nəyi qurban vermir. Gəlib teatrda baxır, siyahıda adı varsa, gedib rolunu oynayır, yoxdursa, baş qaldırır ki, mənim rolum niyə yoxdur? Deyirlər, mən həyatımı, canımı teatra, ekranlara qoydum. Əvəzində də nəsə almısan da. Hardan oldu fədakarlıq?

- Son illər sənət adamlarını sosial verilişlərə çağırıb ekspert kimi danışdırırlar. Sizi də televiziyalara çağırırlar?

- Əvvəl bəzi verilişlərə çağırdılar. Mənlik deyildi. Verilişin tam məğzini başa düşmürdüm. Sonra gördüm, kimsə gəlir və başlayırlar onun problemini müzakirə etməyə. Mən də imtina elədim. Hələ bilmək olmaz o insanın vəziyyətinə düşsəm, nə edərəm. Mənim mənəvi haqqım yoxdur ona məsləhət verməyə. Ona görə də, o verilişlərdən vaz keçdim. Kiməm ki ona məsləhət verim? Ailə qalmaqallarını efirə çıxarmaq olmaz. Elə səviyyədə danışırlar ki... Danışıq maneraları yoxdur, qışqırır hamısı.

Gənclər oradan nə ibrət götürəcək? O ailə-məişət mövzularının açıldığı verilişlərin hamısını bağlamaq lazımdır. Əvvəl o verilişə gedib çıxana qədər böyük distansiyalar var idi, efirdə bir dənə yanlış söz demək olmazdı. İndi fikir verin, hamısında qışqıra-qışqıra danışır, hamısı "alə" deyə müraciət edir. Qadınlarımız manekenə dönüb, heç birində təbiilik yoxdur. Qaşlar, burun, saçlar eynidir, botokslar eynidir. Bir dəfə məndən soruşdular, dedim, son illərdə gələn heç bir müğənnini tanımıram. Hamısı eyni sifətdədir. Manqurtlaşırlar, robot sifəti alırlar. İnsanı redaktə etmək olar, demirəm ki, yuxudan duran kimi efirə çıxmaq lazımdır. O vaxt Rübabə Muradova, Şövkət Ələkbərova var idi... Bazar məişətini efirə çıxarmaq olmaz. Kənardan baxan deyir, Azərbaycan budur? Korifeylərə baxın, görün özlərini necə aparırlar. Televiziyalar gəlir mənbəyinə dönüb, ancaq pul qazanırlar. Televiziyalar insanların mənəviyyatını pozur. Mənəviyyat olmayan yerdə çox pozğunluqlar olacaq. İctimai TV-də, AzTV-də elə gözəl verilişlər olur, deyirəm, yaxşı ki, onlar var. 
 
- Aktyor, aktrisa necə olmalıdır və necə olmamalıdır?
 
- Aktrisa, aktyor kütlədən seçilməli deyil. Hamı kimi sadə, adi olmalıdır. O, işi ilə, sənəti ilə seçilməlidir. Bizdə seçilmək istəyirlər - geyimləri, yaşayışları ilə. Bunu nümayiş etdirirlər. Aktrisa heç bir yerini şişirtməli deyil. Kamera bunu qəbul etmir. Botoks olanda əzələlər işləmir. Aktrisa gülür, amma üz olduğu kimi qalır. Botokslu aktrisa ola bilməz. Cəmiyyət elə olub evdar qadınlar belə botoks etdirir. Olar, amma çox ehtiyac varsa. Başa düşürəm, qocalmaq istəmirlər, amma çox çirkin görünürlər. Evdar qadın rolunu oynayır, baxırsan ki, üzündə botoks var. Belə şey olar? 

-Bəs Aktyor və aktrisanın apardığı rolla əxlaqi keyfiyyətləri arasında bir əlaqə olmalıdır? Əxlaqi keyfiyyətləri apardığı rola təsir edir?

- Aktrisa səhnədə pozğun bir qadını oynaya bilər, amma o demək deyil ki, o pozğundur. Sadəcə aktyorlar və aktisalarda müşahidə qabiliyyəti, intuisiyası çox güclü olmalıdır. Amma əxlaqi keyfiyyətləri aşağı biri əxlaqlı birini canlandıra bilməz. Çünki onun başı həyatı boyu əxlaqsızlığa yönəlib. Nə qədər oynasa da, yenə də o əxlaqsız tərəfi özünü göstərəcək. O gərək nə qədər fitri istedada sahib ola ki, dəyişə bilə. Yoxsa mütləq həyatdakı hərəkətlərini orada göstərəcək. Bir jest, bir mimika onu ələ verəcək ki, bu obraz onun həyatına aid deyil. 

- Hələ də öyrəndiyiniz şey nədir?

- Hələ də insanları, həyatı qavramağı öyrənirəm. Həyatın boyu öyrəndikcə dərinə gedirsən, getdikcə də görürsən ki, heç nə bilmirsən. Dahilər var, hamısı dəlidir. Məsələn, Albert Eynşteyn çox qəribə idi. Stiven Hokinq niyə o gündə idi? Hamısı çox bilməkdən idi.

Link kopyalandı!
Son xəbərlər