"Biz Pəncəlini evdə görməmişik: evə gəlsin, bir gün, iki gün, üç gün evdə qalsın, dincəlsin, yox".
Moderator.az xəbər verir ki, bunu Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasında söhbət zamanı Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.
O, oğlunun son fotosundan da söz açıb:
Vahimə xanım deyir ki, oğlunun xidmətdə olduğu müddətdəki şəkillərini də sonradan onun hərbçi yoldaşlarından alıblar.
"17 il onun yolunu gözləmişəm ki, nə vaxtsa, Pəncəli pensiyaya çıxacaq, qapıdan içəri girəcək, gəlib bizimlə doya-doya oturacaq, söhbət edəcəyik. Amma bu nə ona qismət oldu, nə də bizə… Mən bir şəhid anası kimi Pəncəlidən heç nə eşitməmişəm. Açığı, əvvəl oğlumun gördüyü işlərin çoxundan da xəbərim yox idi. Onun nə iş gördüyünü, harada xidmət etdiyini bilmirdim. Sağlığında bizə bunları deməzdi. Bəzi şəkillərini də sonradan onun hərbçi yoldaşlarından almışıq. Mən oğlum Pəncəlini şəhid olandan sonra tanımışam…"
Vahimə ana deyir ki, sonradan xəbəri olub ki, onun oğlu Azərbaycan, vətən, torpaq üçün çox işlər görüb:
"Bir neçə dəfə Türkiyəyə getmişdi. Orada kurs keçmişdi. Paraşütlə atlanma yarışlarında iştirak edib və iştirakçılar arasında birinci yeri tutmuşdu. Türkiyədə ona diplomlar, sertifikatlar verilmişdi. Hətta "Qızıl bayraq" medalı da təqdim etmişdilər. Biz bunların çoxunu sonradan öyrəndik.
Türkiyəyə gedəndə oradan həmişə əlaqə saxlayar, danışardı. Aprel döyüşləri başlayanda isə nə qədər etdim, mənimlə danışmadı. Sonradan - aprelin 10-da xəbər tutduq ki, aprelin 2-dən 3-nə keçən gecə şəhid olub. Ayın 11-də isə nəşini gətirdilər. Oğlum haqqında çox şeyi biz onun öz dilindən eşitməmişik. Sonradan dostlarından, xidmət yoldaşlarından öyrənmişik…"
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində dünyaya göz açıb. 1986-1998-ci illərdə Astara rayonunun B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində təhsil alıb. 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sonra könüllü olaraq yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda xidmətini davam etdirib və 17 il orduda qulluq keçib.
Gizir Pəncəli Teymurov 2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, Murad Mirzəyev, Samid İmanov və Mühüd Orucovla birlikdə Talış yüksəkliklərinin geri alınması üçün vuruşub. O, 3 aprel 2016-cı ildə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə gizir Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bundan əlavə, o, hərbi xidmətləri zamanı müxtəlif medal və mükafatlarla da təltif olunub. 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.