Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır - FOTO
197
10:45, Bu gün

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır - FOTO

Bərdəli rəssam Bayram Bayramov təsviri sənət sahəsində yaratdığı əsərlərlə yanaşı, Qarabağa həsr etdiyi yaradıcı layihələri ilə də diqqət çəkir. Yaradıcılığında əsasən hərbi mövzulara və təbiət mənzərələrinə üstünlük verən rəssam hazırda Qarabağın miniatür dəmir yolu maketi üzərində işləyir. Bu layihə həm bölgənin təbiətini, tarixi abidələrini, həm də müharibənin izlərini və regionun gələcək inkişafını əks etdirən böyük bir kompozisiya kimi nəzərdə tutulub.
 
Bayram Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, onun rəssamlığa marağının formalaşmasında ailəsinin mühüm rolu olub. Valideynləri onun bu sənətlə məşğul olmasını istəyib və ailədə yaradıcı insanlara həmişə xüsusi diqqət göstərilib. “Beş yaşından etibarən təsviri incəsənətlə məşğul olmuşam. Məktəbdə oxuduğum illərdə də bu sahəyə böyük maraq göstərirdim. Məktəbimizin direktoru mənim rəsmlərimə xüsusi diqqət ayırırdı. O dövrdə televiziyada yayımlanan “Uşaqlar, rənglər və rəsmlər” adlı verilişə mənim əl işlərimi göndərirdi. Televiziyada rəsmlərimin nümayiş olunması mənim həvəsimi daha da artırırdı”, – deyə rəssam xatırlayıb.
 
Onun sözlərinə görə, məhz həmin həvəs onu Bakıda ali rəssamlıq məktəbinə aparıb. Bu təhsil ocağını bitirdikdən sonra Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub. Rəssamlıq Akademiyasında o, Azərbaycanın görkəmli sənətkarlarından dərs almaq imkanı qazanıb. Bayram Bayramov xalq rəssamı Böyükağa Mirzəzadənin tələbəsi olub. Diplom işinin müdafiəsini isə tanınmış rəssam Tahir Salahov qəbul edib. “Hərbi mövzulara daha çox yer verdiyim üçün Tahir müəllim mənə deyirdi ki, səni batalist rəssam kimi görmək istəyirəm”, – deyə o əlavə edib.

Bayram Bayramov indiyədək 300-dək rəsm əsəri yaradıb. Bu əsərlərin böyük hissəsi satılıb, bir qismi isə rəssamın şəxsi kolleksiyasında saxlanılır. O, sərgilər zamanı həmin əsərləri tamaşaçılara təqdim edir.

Hərbi vətənpərvərlik motivləri və Qarabağ təbiətinin vəsfı Bayram Bayramovun yaradıcılığında üstünlük təşkil edir. Onun əsərlərində milli qəhrəmanların obrazları, döyüş səhnələri və vətənpərvərlik motivləri geniş yer tutur. Rəssamın yaradıcılığında xüsusi yeri olan əsərlərdən biri 2011-ci ildə çəkdiyi “Biz qayıtdıq” adlı tablodur. “2011-ci ildə “Biz qayıtdıq” əsərini işlədim. Əsərdə Azərbaycan ordusunun Xankəndiyə daxil olması təsvir edilib. Sanki o günü görmüş kimi idim. Bu əsər mənim yaradıcılığımda xüsusi yer tutur”, – deyə o bildirib.

Bayram Bayramov “Azərbaycanın hərb tarixi təsviri incəsənətin gözü ilə” adlı layihə də planlaşdırdığını bildirib. Monimental işlərdən ibarət bu layihədə həm Azərbaycanın hərb tarixi, həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər öz əksini tapacaq. Hərbi mövzularla yanaşı, rəssamın əsərlərində Qarabağın təbiəti və mənzərələri də geniş alır. Onun tablolarında Tərtərçay, Xaçınçay, Qarabağın qış mənzərələri kimi mövzular əksini tapır.

Rəssam daha çox kətan üzərində yağlı boya texnikasından istifadə edir. Hazırda isə Bayram Bayramov Qarabağın miniatür dəmir yolu maketinin hazırlanması ilə məşğuldur. Rəssamın sözlərinə görə, bu layihənin ideyası 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra yaranıb. “Müharibədən sonra qəlbimdə çoxlu arzular yarandı. Yaradıcı insan kimi bu işə öz töhfəmi vermək istədim. Bu düşüncə ilə Qarabağın miniatür maketini hazırlamağa başladım”, – deyə o bildirib. Rəssam qeyd edib ki, maketdə Qarabağın müxtəlif şəhər və kəndləri, eyni zamanda, bölgənin tarixi abidələri və təbiət mənzərələri əks olunacaq. Burada Bərdə türbəsi, Ağdamda yerləşən Şahbulaq qalası, Xocalıda Əsgəran qalası, Ağdərədəki Gəncəsar məbədi və Cəbrayıldakı Xudafərin körpüsü kimi tarixi məkanların fraqmentləri də yer alacaq.

İki il əvvəl başlanan layihədə şəhərcik, elektrik xətləri, dəmir yolu və avtomobil yolları, tunellər, eləcə də sürət, yük və sərnişin qatarları təsvir edilib. Maketdə müharibənin izlərini əks etdirən dağıntı elementləri və retro avtomobillər də yer alıb. Maketdə bir dəmir yolu stansiyası artıq hazırdır və gələcəkdə Ağdam, Xocalı və Xankəndi stansiyalarının da yaradılması planlaşdırılır. Rəssam bu layihənin hazırlanmasında müxtəlif materiallardan istifadə edir. Onun sözlərinə görə, maketin hazırlanmasında əsasən tullantı materiallardan – ip, süngər, karton və plastik kimi vasitələrdən istifadə olunur.

Bayram Bayramov yaradıcılığı ilə yanaşı, gənc nəslin incəsənətə marağının artırılması istiqamətində də çalışır. O, Bərdə Rayon Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərir və burada gənclərə rəssamlıq sənətinin sirlərini öyrədir.

Link kopyalandı!
Son xəbərlər