“Heç kimə boyun əyməmişəm, atam yüksək vəzifələrdə çalışıb, onun kimi qürurluyam” - FOTO+ÖZƏL
1192
09:46, Bu gün

“Heç kimə boyun əyməmişəm, atam yüksək vəzifələrdə çalışıb, onun kimi qürurluyam” - FOTO+ÖZƏL

“Biz sənətdə Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Ceyran Haşımova kimi sənətkarlardan nümunə götürmüşük. Toya biz də getmişik. Toy başqadır, efir başqa. Toyda biz daha çox sifariş ifalar edirdik. Öz repertuarımızı da oxuyurduq, amma toylar əsas sifariş üstündə qurulurdu. Birinci baxır kimin toyudur və orada hansı təbəqəyə münasib insanlar var?! O insanların sifarişi ilə biz toyu oxumuşuq. Mədəniyyəti yüksək olan insanların toy mərasimidirsə orada lirik, klassik əsərlər istənilir. Bayağı mahnılar istənilmir”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Təranə Vəlizadə deyib.
 
O daha sonra əlavə edib:
“Bəzi ara mahnıları var ki, elə gözəl oxuyub ifa etmək olar ki... Bayağı olanda nə olar ki? Sən gərək özün kübar olasan ki, tamaşaçının zövqünü oxşayasan. Öz kübarlığını sən mahnıya qatasan. Pis mahnı yoxdur. Pis ifaçı var. Mahnının səviyyəsi müğənninin ifasından asılıdır. Sən lirikanı elə bərbad oxuya bilərsən ki, yerlə yeksan ola bilər. Ona görə hamı hamını sevə bilmir. Hər sənətkar özünə layiq tamaşaçı seçir. Bayağı ifaçıları tərifləyən sənətkarlar özləri də o səviyyədədirlər. Tamaşaçını aldatmaq olmaz. Özün necəsənsə sənətkarın da elədir”.
 
Təranə Vəlizadə bildirib ki, sənətdə müəllimlərindən başqa heç bir dəstəkçisi olmayıb:
“Birinci Allaha, daha sonra müəllimlərimə borcluyam. Nəriman Əliyev, Gülarə Əliyeva, Ceyran Haşımova kimi sənətkarlar mənə zamanında qiymət verib. Müxtəlif ansambıllarda ifa etmişəm. Arxamda heç bir dəstəkçim olmayıb. Ona görə yox ki, heç kəs mənə təklif etməyib. Ona görə ki, mən heç kimə boyun əyməmişəm, başı yuxarı gəzmişəm. Özümə sığışdırmamışam, qürurlu olmuşam. Bu mənim nəslimdən, kökümdən irəli gəlib. Atam yüksək vəzifələrdə çalışıb, özü də qürurlu insan idi. Heç kəsə baş əymirdi. Əziyyəti ilə o vəzifələrə gəlmiş adam idi. İndi vəziyyət, dövran dəyişib. Əvvəllər şəxsiyyətə, sənətə qiymət var idi. Bu gün nisbətən bayağı müğənniləri efirdə az görürük. Mən bilirdim ki, bu çərxi fələk tərsinə dövran edəcək. Azərbaycan elə bir dilbər guşədir ki, orada musiqi, ədəbiyyat heç vaxt tükənməyib və tükənməyəcək də. Mən çox ölkələrdə olmuşam, amma öz xalqımız kimi gözəl xalq görməmişəm. Həm istedadlıdırlar, həm də insanpərvər. Bir dəfə xarici ölkədə idim, bir qadın yıxıldı, heç kim gedib onu qaldırmadı. Mən tez gedib onun ayağa qalxmasına kömək etdim. Çünki mən azərbaycanlıyam. Amma bizdə biri yıxılsa, 15 qız, 15 oğlan gəlib səni yerdən qaldırar, üstünü təmizləyər, sənə kömək edər. Biz istiqanlı xalqıq”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər