“Elə aktyor olmalısan ki, rejissor səni seçməsin, Otellonu oynamaq çoxdankı arzumdur” - FOTO+ÖZƏL
423
09:38, Bu gün

“Elə aktyor olmalısan ki, rejissor səni seçməsin, Otellonu oynamaq çoxdankı arzumdur” - FOTO+ÖZƏL

“Mənim teatrla bağlı arzularım çoxdur. Bu sənəti  həddindən artıq çox sevirəm. Bu gün fikirləşirəm ki, müasir dövrdə çox rollar oynanılıb, təkcə Otello qalıb. Mən Otellonu oynamaq istəyirəm. Düşünürəm ki, bu gün Otello necə ola bilərdi?! Bu məşhur bir obrazdır. Şekspir də klassik yazıçıdır və klassik əsərlər də hər zaman aktualdır”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktyoru Sabir Məmmədov deyib.
 
O daha sonra sənət aləmində baş verən neqativ hallardan danışıb:
 
“Teatr canlı sənətdir. Rejissor düşünür ki, filan aktyor onun aktyorudur. Bu rejissorun müstəsna səlahiyyətidir. Ona heç nə deyə bilmərik. Mən də bir aktyor kimi düşünürəm ki, yox, bu obrazı mən daha yaxşı oynaya bilərdim, amma filan aktyor oynadı. Amma təəssüf ki, bizdə aktyor olaraq seçimimiz çox məhddur. Mən həmişə gənclərə də deyirəm və özümə də bu sözü aid edirəm ki, elə aktyor olmaq lazımdır səni seçməsinlər, sən seçəsən. Zamanında olub ki, mənim oynayacağım rolu başqa aktyora veriblər. Təəssüf ki, bu hallar teatrda baş verir. Neqativ hallardır. Rejissorlarımız da öz düşüncəsində haqlıdırlar. Amma bir kənar baxış da var-tamaşaçı və mütəxəssis rəyi”.
 
Xalq artisti bildirib ki, bu gün Akademik Milli Dram teatrında Milli Teatr günü ilə bağlı tədbir keçiriləcək.
 
“Mən bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Nəinki həmkarlarımı, teatrsevərləri də təbrik edirəm. Çünki bu böyük tarixi hadisədir. Azərbaycan peşəkar teatrı 153 ildən çoxdur yol gəlir. Şərqdə ilk peşəkar teatr olduğuna görə biz bununla qürur duyuruq. Müxtəlif türk dövlətlərinin teatrlarından nümayəndə heyəti gəlib. Tədbirdə mədəniyyət xadimləri, teatrın əməkdaşlıq haqqında memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, eləcə də Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərliyi və əməkdaşları iştirak edəcəklər”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər