İran üçün son seçim belədir: Suriya ssenarisi işə salınır - MÜSAHİBƏ
602
15:06, Bu gün

İran üçün son seçim belədir: Suriya ssenarisi işə salınır - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, İran ətrafında yaranmış böhranın nə vaxta qədər davam edəcəyi, gərginliyin daha geniş coğrafiyanı əhatə etmə riskini necə dəyərləndirirsiniz?

- Bununla bağlı dəqiq proqnoz vermək çox çətindir. Amma burada yeni elementləri xüsusi ilə qeyd etməliyik. Faktiki olaraq, Azərbaycana və Türkiyəyə endirilən dron və raket zərbələri İranın dövlət olaraq xeyrinə deyil. Verilən bəyanatlar da bununla bağlıdır. Sözsüz ki, bu müsbət haldır. Azərbaycanın və Türkiyənin İranla bağlı münaqişəyə qoşulmasının qarşısı alınmış oldu. Əslində bu çox vacib idi.

- Bunda kimlər maraqlı idi?

- İranın daxilində və xaricində olan bir çox qüvvələr Azərbaycanın və Türkiyənin bu münaqişəyə qoşulmasına üstünlük verirdilər.

- Nəyə və hansı səbəblərə görə…

- Bu ayrı bir mövzunun söhbətidir. İndi buna aid mövzular da dayanıb.

- İran daxilində nələr baş verir?

- Bu ölkənin daxilində proseslərin artıq mənfi xətt üzrə davam etdiyi müşahidə edilir. Artıq İsrail tərəfi İranın enerji sisteminə ardıcıl zərbələr endirməyə başlayıb. ABŞ isə müxtəlif səviyyələrdə bildirir ki, onlar enerji sisteminin vurulması prosesində iştirak etmirlər. Ağ Ev qismən də olsa, bunun tərəfdarı olmadığını bildirir.

- Bu məsələ nəyə görə önəmlidir?

- Enerji sisteminin sıradan çıxarılması İranda əhalinin vəziyyətinə təsir edən ciddi faktordur. Bunun nəticəsində ən çox zərbə ölkə iqtisadiyyatı və adi insanlar dəymiş olur. İşıq, yanacaq təchizatının sıradan çıxarılması əhalinin problemlə qarşılaşması deməkdir.

- Fars körfəzində limanların zərbə altında olması ticarətin dövriyyəsi üçün nə vəd edir?

- Sözsüz ki, bu böyük risklər yaradır. Beləliklə bir çox mallara, ilk növbədə idxala əngəllər yaranır. Bu da insanların həyat səviyyəsinə ciddi təsir göstərən məsələdir. Sadəcə olaraq, bu yeni bir elementdir və bunu xüsusi ilə qeyd etmək lazımdır.

- İranın müqavimət imkanları fonunda ABŞ və İsrailin hərbi əməliyyatları nə vaxta qədər davam etdirəcəyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Burada daha çox Suriya və Liviya ssenarisi yada salınmalıdır. Demək olar ki, İranın bölünməsi ssenarisi də mövcuddur. İran ərazi və əhali baxımından yetərincə böyük ölkədir. Müxtəlif güc mərkəzləri bundan sonra İranın regionlarında yaranacaq. Yəni, mərkəzi hakimiyyət zəifləyərkən bölgələrdə fərqli siyasi baxışlara malik qüvvələrin yaranması artıq qaçılmazdır. Ümumiyyətlə, İran üçün hazırkı dönəmdə Suriya ssenarisi daha oxşar görünür.

- Münaqişənin konkret hansı tərəfin üstünlüyü ilə başa çatması ilə bağlı proqnozlar necədir?

- İranda vaxtilə İraqdakı kimi Amerika koalisiyasının qələbəsi ssenarisi olmayacaq. Rejimin devrilməsi kimi proseslər istisna edilir. Amma rejimin zəifləməsi, bununla da İranın ayrı-ayrı bölgələrində müxtəlif güc mərkəzlərinin yaranması, daxili çəkişmələrin meydana çıxması istisna edilmir. Mümkün ssenari məhz bundan ibarətdir. Bütün bunlar isə ərazidə baş verə biləcək hadisələrdir. Hava məkanında isə ABŞ və İsrailin dominantlığı hökm sürəcək. Onlar istədikləri hədəfləri məhv edəcəklər.

- İrana qarşı quru hərbi əməliyyatların aparılması ehtimalı varmı?
- Bu ABŞ və İsrailə bəlkə də heç lazım deyil. Onlar yerdə nə istəyirlər edirlər. Yekunda yerdə kimlərin bir-birini qırması məsələsi onları qane edir. Əsas şərt odur ki, kimsə onlara qarşı raket atmasın və nefti ixrac edə bilməsin. Təəssüf olsun ki, biz istəmərik qonşu olan ölkədə itkilər olsun. Amma məlum ssenarinin elementlərini gördükdə onun gələcəyi barədə digər fikirlər səsləndirmək imkanları da var. Bunu deməklə onları arzulayırıq demək demək deyil, istəməsək də, reallıq budur.

Link kopyalandı!
Son xəbərlər