İran-Azərbaycan münasibətlərində gərgin xətt: Naxçıvan hadisəsinin arxa planı
294
16:06, Bu gün

İran-Azərbaycan münasibətlərində gərgin xətt: Naxçıvan hadisəsinin arxa planı

İranın Azərbaycan ərazisinə, Naxçıvana hücum etməsi, bununla bağlı mövqeyi geniş müzakirələrə səbəb olub.

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a açıqlamasında bildirib ki, rəsmi Tehran operativ və aydın mövqe ortaya qoymalı idi.

Ekspertin sözlərinə görə, İranın susqunluğu və səsləndirilən ziddiyyətli açıqlamalar ciddi suallar doğurur:

“Adətən belə məsələlərdə qarşı tərəf hətta günahkar olsa belə, rəsmi münasibət bildirməlidir. İran tərəfindən XİN səviyyəsində ən qısa müddətdə münasibət bildirilməli idi, amma biz bunu görmədik. Əksinə, yalan, saymazyana münasibət göstərilir. Müxtəlif versiyalar səsləndirilir, guya bu, SEPAH-ın xəbərdarlığıdır və s. İran xarici işlər nazirinin müavini isə Azərbaycan mediasına müsahibəsində hadisədən müsahibə zamanı xəbər tutduğunu, araşdırma aparılacağını deyir. Bu onu göstərir ki, İran bu məsələdə günahkar olduğunu bilir, sadəcə hər zamankı kimi Azərbaycana yuxarından baxmaq istəyir. İranda faktiki olaraq başsızlıq hökm sürür. Ölkənin dini lideri yoxdur. Prezident heç bir səlahiyyətə malik deyil, hüquq-mühafizə orqanlarına təsir edə bilmir. Özbaşınalıqdan ən çox yararlanan isə hər zaman olduğu kimi, SEPAH-dır. Təhlükəsizlik Şurasının katibi Laricani aqressivdir. Xüsusilə, Azərbaycana, eyni zamanda bütün dünyaya qarşı aqressiya mövcuddur. O, Trampla heç nəyi müzakirə etməyəcəyini deyir. SEPAH-ın yüksək rütbəli komandirləri yerdə qalan komandirlərə göstəriş verib ki, İrana düşmən bildiyiniz hər hansı obyekti istədiyiniz anda vura bilərsiniz. Artıq hər bir komandir öz bildiyini edir.

Türkiyə ərazisinə düşən raketlə bağlı verilən açıqlamada bildirilib ki, guya hədəf Kipr imiş, orada Böyük Britaniyanın hərbi bazası var, halbuki Birləşmiş Krallıq İranla müharibə etmir. Hədəf ABŞ-nin İncirlikdəki hərbi bazası idi, raket Aralıq dənizindəki hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildi. Ardınca Azərbaycan ərazisinə hücum edildi. “Arash-2” İran istehsalıdır, İran ərazisindən atıldığı da bəllidir. Raketin İsraildən atılması üçün bir neçə ölkənin ərazisindən keçməlidir, bu necə ola bilər? Bu, Azərbaycan ərazilərinin yaxınlığında yerləşən SEPAH komandirlərinin verdiyi qərarlardır. Onlar bizi düşmən kimi görürlər”.

Ekspert qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən mövqeyinin bir neçə səbəbi var:

“Azərbaycan dövlət başçısı öncə başsağlığı verir, ardınca səfirliyə gedir, bundan sonra Pezeşkian dost ölkələrə minnətdarlığını bildirir, amma ortada ciddi cavab, rəsmi münasibət yoxdur. İran Azərbaycanın müstəqilliyini qəbul edə bilmir, cılız, kiçik ölkə kimi görmək istəyir. Amma cənab Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı istər diplomatik, istər hərbi, istərsə də mənəvi-əxlaqi baxımdan dərs oldu. Prezidentin dediyi kimi, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycanın kömək etməsindən sonra çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək kimi bir ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Bu, əxlaq dərsi idi. Eyni zamanda cənab Prezident bildirib ki, Azərbaycan bundan sonrakı vəziyyəti dəyərləndirib, adekvat addımlar atacaq, sərt diplomatik yol seçiləcək. Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğun təxliyə edilməsi bunun aydın təzahürüdür. İran beynəlxalq hüquqa əsaslanan münasibət bildirməlidir”.

İlham İsmayılın fikrincə, İran elə bir dövlətdir ki, əlində atom bombası olsa, İsrailə də, Azərbaycana da, Türkiyəyə də ata bilər:

“İranın müsəlman ölkələrini özünə düşmən etməsini anlamaq çətindir. Lakin təhlil apararkən aydın olur ki, adını İslam respublikası qoysa da, İranın bütün İslam ölkələri ilə münasibətləri gərgindir, bəzilərinə isə düşmən münasibəti var. İranın dostu Rusiya, Ermənistan, Çin, müəyyən mənada da Şimali Koreyadır. Heç bir İslam ölkəsinə dost münasibəti yoxdur. Hərbi toqquşmaların ilk günlərində körfəz ölkələrinə hücumlar bunu aydın göstərdi. Odur ki, bu rejimin Azərbaycana qarşı addımları təəccüblü deyil. İranın Azərbaycan ərazisində törətdiyi təxribatları, terror aktlarını, terrorun maliyyələşdirilməsi ilə bağlı faktları toplasaq, uzun siyahı alınar. Biz bunu Qarabağın işğalı və azad edilməsi zamanı da görmüşük. Antiterror əməliyyatına qədər ermənilərə yardım ediblər, mütəxəssislər belə göndəriblər. Hətta 2016-cı il döyüşlərindən sonra bəlli olmuşdu ki, Suqovuşanda, Sərsəng tərəfdə HƏMAS üçün yeraltı istehkamları iranlı mütəxəssislər qurmuşdular. Buna görə də bizim orda itkilərimiz çox oldu. Zəngilanda, Cəbrayılda ordumuzun önünə İran hərbi qüvvələri çıxdı, bu səbəbdən əlavə itkilərimiz oldu, azadedilmə prosesi də buna görə ləngidi”.

İranın ABŞ ilə razılaşıb-razılaşmayacağına gəlincə, ekspert hesab edir ki, bu, müəyyən şərtlər daxilində mümkün ola bilər:

“Toqquşmalar davam edəcək. Bunun səbəbkarı ABŞ-dən öncə İrandır. ABŞ-nin tələbləri bəllidir - İran zənginləşdirilmiş urandan imtina etməli, nəzarəti Beynəlxalq Atom Enerjisi Agentliyinə həvalə etməlidir, üstəlik, struktur demontaj olunmalıdır. İran Cenevrə danışıqlarında bu tələblərə qarşı çıxdı, Xamenei isə sərt mövqe ortaya qoydu. Buna görə də hücum ertələndi. Dini lider və başqa rəhbərlər öldürüldükdən sonra belə tələblər yerinə yetirilmir. Əksinə, Laricani sona qədər vuruşacaqlarını bildirir.

Trampın mövqeyi belədir ki, rejim dəyişməsə belə, normal şəxslər tərəfindən idarə olunsun. Əgər İran atom bombası ilə bağlı tələbləri yerinə yetirməkdən imtina etməyə davam etsə, ABŞ və İsrail müharibəni davam etdirəcək. İranda vəziyyət getdikcə gərginləşir, resurslar tükənir, ancaq beyinləri yuyulmuş, manqurtlaşmış kütlə proseslərə “qiyamət müharibəsi” prizmasından yanaşır. Mənasız dirəniş göstərirlər. İran inkişaf etmiş ölkə ola bilərdi. Proksi qüvvələrlə əlaqə olduğu müddətcə bu mümkün olmayacaq. Hizbullah da İsraili hədəfə alır.

Hesab edirəm ki, İran tələblərlə razılaşacaq, təki rejim dəyişməsin. Əgər sanksiyalar davamlı olacaqsa, növbəti iqtisadi gərginlik əhalini bir daha ayağa qaldıracaq, zəifləmiş rejimin sonu gələcək. Tramp da özünün və ABŞ-nin nüfuzunu qorumaq üçün sona qədər gedəcək”.

Link kopyalandı!
Son xəbərlər