Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq? - ŞƏRH
514
15:47, Bu gün

Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq? - ŞƏRH

Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna edilən dəyişiklik sürücülər arasında müzakirələrə səbəb olub. Məlum olur ki, bir çox sürücülər qəbul edilən yeniliyin mahiyyətini tam şəkildə anlamaqda çətinlik çəkirlər.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, sürücülərin bir qismi dəyişiklikdə konkret olaraq nəyin yeniləndiyi ilə maraqlanır.
 
Onlardan biri bildirib ki, qanun layihəsində nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati işə xitam verildiyi halda avtomobilin duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğin sahibinə qaytarılacağı qeyd olunur.
 
"Axı bu əvvəldən də belə idi. O zaman dəyişən nədir?" - deyə sürücü sual edib.
 
Digər bir sürücü isə qəbul edilən dəyişiklikdə duracaq üçün ödənişin necə hesablanacağı və hansı qaydada geri qaytarılacağı məsələsinin ona tam aydın olmadığını vurğulayıb.
 
Məsələ ilə bağlı Oxu.az-a açıqlamasında tanınmış ekspert Əziz Talıbov bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulur və bu norma qanunvericilikdə açıq şəkildə göstərilib.
 
 
Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, avtomobil cərimə meydançasına gətirilən andan etibarən saxlanma vaxtı hesablanırdı və növbəti gün artıq bir gün kimi qiymətləndirilərək ödəniş tələb olunurdu. Yeni dəyişikliklər isə bu hesablanma qaydasını müəyyən qədər fərqli şəkildə tənzimləyir.
 
"Yeni qaydalara görə, nəqliyyat vasitəsi gətirildiyi gün saat 00:00-a qədər saxlanıla bilər və bu müddət üçün ödəniş tələb olunmur. Saat 00:00-dan sonra isə bir günün saxlanma haqqı hesablanır", - deyə ekspert izah edib.
 
Ə.Talıbov əlavə edib ki, ödənilən məbləğin sahibinə qaytarılması məsələsi də qanunvericilikdə müəyyən halları əhatə edir. Belə ki, nəqliyyat vasitəsi qayda pozuntusuna görə qanunauyğun şəkildə cərimə meydançasına gətirilibsə, inzibati tənbeh üzrə cərimə ödənildikdən və ya səbəb aradan qaldırıldıqdan sonra avtomobil dərhal sahibinə qaytarılır. Bu qayda əvvəllər də qüvvədə olub və hazırkı qanunvericilikdə də dəyişməz qalır.
 
Ekspertin sözlərinə görə, daha mühüm məqam isə odur ki, əgər sonradan aparılan araşdırma nəticəsində nəqliyyat vasitəsinin cərimə meydançasına gətirilməsinin qanunsuz olduğu müəyyən edilərsə, bu zaman avtomobil sahibinə qaytarılır və saxlanma müddəti üçün ödənilmiş məbləğ də geri verilir.
 
"Hətta sürücü inzibati cərimə ödəyibsə və sonradan məhkəmə qərarı ilə işə xitam verilərsə, ödədiyi cərimə də ona geri qaytarılır", - deyə Ə.Talıbov qeyd edib.
 
Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanuna edilən dəyişiklik Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Dəyişiklikdə diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda avtomobilin duracağa aparılması və saxlanılması üçün ödənilmiş məbləğin sahibinə qaytarılması məsələsinin qanunda ayrıca qeyd edilməsidir.
Link kopyalandı!
Son xəbərlər