Boşanmadan sonra alimentin məbləği, vəsaitin xərclənməsinə nəzarət və uşaqların qəyyumluğu məsələsi cəmiyyətdə son zamanlar ən çox müzakirə olunan hüquqi mövzulardandır. Hətta ataların hüquqlarının pozulduğunu deyənlər də az deyil.
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, aliment məsələsi emosional deyil, hüquqi müstəvidə qiymətləndirilməlidir.
O qeyd edib ki, bu mövzu balanslı hüquqi mövqe tələb edir:
"Alimentin ədalətliliyi hər bir konkret iş üzrə fərdi qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi aliment təyin edilərkən uşağın mənafeyini əsas prinsip kimi qəbul edir. Valideynlərin maddi vəziyyəti, gəlirləri, ailə və sosial durumu nəzərə alınır. Lakin praktikada problemlər əsasən real gəlirin gizlədilməsi və qeyri-rəsmi məşğulluqla bağlı ortaya çıxır. Bu səbəbdən bəzi hallarda tərəflərdən biri məbləği yüksək, digəri isə aşağı hesab edir".
Vəkilin sözlərinə görə, alimentin məqsədi qarşı tərəfi cəzalandırmaq deyil:
"Aliment ataya sanksiya deyil, uşağın təminatıdır. Amma ədalətlilik üçün atanın yeni ailə məsuliyyətləri və iqtisadi reallığı da nəzərə alınmalıdır. Əks halda qərar sosial gərginlik yarada və icra problemlərini artıra bilər. Aliment cəza deyil, valideynlik öhdəliyidir - amma ədalətli hesablanmalıdır".
Alimentin xərclənməsinə nəzarət mexanizminə toxunan hüquqşünas mövcud modelin etimad prinsipi üzərində qurulduğunu bildirib:
"Hazırda vəsait uşağın yanında yaşayan valideynə ödənilir və onun uşağın ehtiyaclarına sərf olunacağı prezumpsiyası qəbul edilir. Lakin şəffaflıq və etimad mühiti baxımından alternativ mexanizmlər müzakirə oluna bilər. Məsələn, müəyyən kateqoriya işlər üzrə alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına yönləndirilməsi, iriməbləğli ödənişlərdə hesabatlılıq elementinin tətbiqi və ya tərəflərin razılığı ilə məqsədli xərcləmə modelinin seçilməsi hüquqi baxımdan mümkündür".
O hesab edir ki, bəzi hallarda aylıq hesabat mexanizmi də faydalı ola bilər:
"Əgər ata aliment alan valideyndən vəsaitin həqiqətən uşağa sərf olunub-olunmadığı ilə bağlı sual qaldırırsa, müəyyən hallarda aylıq hesabat təqdim edilməsi ilə bağlı normaların qəbul edilməsi müsbət dəyişiklik ola bilər. Burada məqsəd əlavə konflikt yaratmaq yox, uşağın maraqlarını daha effektiv qorumaqdır".
"Ataların hüquqları qorunurmu?" sualına münasibət bildirən vəkil vurğulayıb ki, qanunvericilikdə bərabərlik prinsipi açıq şəkildə təsbit olunub:
"Qanun qarşısında ana və ata bərabərdir. Həm Konstitusiya, həm də Ailə Məcəlləsi valideynlərin hüquq bərabərliyini təmin edir. Problem daha çox hüquqi normada deyil, tətbiq praktikasında və sosial stereotiplərdə ortaya çıxır. Bir sıra hallarda atalar faktiki olaraq valideynlik hüquqlarından tam istifadə edə bilmədiklərini düşünürlər. Xüsusilə ünsiyyət qaydasının icrasında çətinliklər yaşanır".
O qeyd edib ki, qəyyumluq bir valideynə verilsə belə, digər valideynin, xüsusilə atanın uşaqla ünsiyyət hüququ effektiv təmin edilməlidir:
"Emosional bağın qırılması uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Qəyyumluq məsələsində əsas olan valideynlər arasında mübarizə yox, uşağın sağlam inkişafıdır".
Uşaqların əksər hallarda analara verilməsi məsələsinə gəlincə isə, vəkil bunun avtomatik yanaşma olmadığını deyib:
"Məhkəmələr "uşağın üstün mənafeyi" prinsipini rəhbər tuturlar. Uşağın yaşı, emosional bağlılıq, gündəlik qayğı imkanları və psixoloji mühit kimi amillər qiymətləndirilir. Xüsusilə azyaşlı uşaqlarla bağlı hallarda praktik olaraq ana ilə qalma ehtimalı daha yüksək olur. Lakin bu, hüquqi baxımdan avtomatik norma deyil. Ata stabil gəlirə, sağlam yaşayış mühitinə və uşağın tərbiyəsində real iştirak tarixçəsinə malikdirsə, qəyyumluq imkanları real qiymətləndirilməlidir. Qəyyumluqda avtomatizm olmamalıdır".
Turan Abdullazadə sonda əsas məqamın "Ana haqlıdır, yoxsa ata?" mübahisəsi olmadığını bildirib:
"Əsas məsələ uşağın fiziki, psixoloji və sosial inkişafının təmin edilməsidir. Aliment və qəyyumluq məsələləri valideynlər arasında mübarizə aləti deyil, uşağın gələcəyinin təminat mexanizmi kimi qəbul olunmalıdır. Hüquqi sistemin məqsədi də məhz bu balansı qorumaqdır".