Aliment verməyənlərin KÜTLƏVİ HƏBSİ – Xəbərdarlıq gəldi
337
08:36, Bu gün

Aliment verməyənlərin KÜTLƏVİ HƏBSİ – Xəbərdarlıq gəldi

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib ki, aliment işləri üzrə icraatda olan sənədlərin sayı hər il təxminən 10 faiz artır. Statistikaya əsasən, son 5 ildə aliment işlərinin sayı təxminən 10 min artıb. Təkcə 2025-ci ildə icraatda 141 min aliment işi olub. Aliment ödəməkdən yayınan 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu işlərdən 3 083-ü üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2 344 nəfər isə inzibati qaydada həbs edilib. Bununla yanaşı, 286 halda şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verilib və nəticədə 235 cinayət işi başlanıb.

Bu rəqəmlər aliment ödəməməyin artıq ciddi hüquqi nəticələrə səbəb olduğunu göstərir. Diqqət çəkən məqamlardan biri də odur ki, son illər yalnız aliment ödəməyən kişilərin deyil, aliment ödəyən qadınların da sayında artım müşahidə olunur. Bu isə ailə strukturlarında və boşanma sonrası məsuliyyət bölgüsündə müəyyən dəyişikliklərin baş verdiyini göstərir.

Bütün bu faktlar fonunda cəmiyyətdə mühüm bir sual gündəmə gəlir: sərt cəzalar və kütləvi həbslər problemi həqiqətən həll edirmi? Yoxsa aliment borcunun ödənilməsi üçün daha effektiv mexanizmlər – məsələn, əmək gəlirlərindən avtomatik tutulma, sosial nəzarət mexanizmləri və ya xüsusi fondların yaradılması kimi alternativ yollar tətbiq olunmalıdır?
 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a deyib ki, qanunvericilikdə aliment məsələsi ilə bağlı dəyişikliklərin edilməsi mütləqdir

“Vəziyyət göstərir ki, bəzi hallarda aliment ödəməyən şəxslərin sadəcə cərimələnməsi və ya həbs edilməsi problemin real həllinə gətirib çıxarmır. Əgər bir şəxs alimenti ödəməkdən yayınırsa və ya müxtəlif səbəblərlə bunu edə bilmədiyini bildirirsə, bu halda dövlət tərəfindən daha sərt və praktik mexanizmlər tətbiq olunmalıdır. Ən vacib məsələlərdən biri aliment ödəməyən şəxslərin məcburi əməyə cəlb edilməsidir. Yəni belə şəxslər dövlət tərəfindən müəyyən işlərə yönləndirilməli və həmin əmək fəaliyyətindən əldə olunan vəsaitdən aliment borcu tutulmalıdır. Bu işlər müxtəlif sahələrdə ola bilər – tikinti sahəsində fəhlə kimi çalışmaq, kommunal xidmətlərdə işləmək, küçələrin təmizlənməsi və ya digər ictimai işlər. Əsas məqsəd odur ki, şəxs hər hansı formada əmək fəaliyyəti ilə məşğul olsun və uşağın hüququ olan aliment ödənişi təmin edilsin. Çünki uşağın qidalanması, geyimi, təhsili, sağlamlığı və digər ehtiyacları gözləyə bilməz”.

Novella Cəfəroğlu qeyd edib ki, digər mühüm mexanizmlərdən biri dövlət tərəfindən aliment fondunun yaradılmasıdır:

“Belə bir fond vasitəsilə aliment almaq hüququ olan uşaqların aylıq ehtiyacları müəyyən edilə və həmin vəsait dövlət tərəfindən müvəqqəti şəkildə ödənilə bilər. Çünki bəzən illərlə davam edən məhkəmə və icra prosesləri uşaqların sosial vəziyyətinə mənfi təsir göstərir. Əgər aliment fondu fəaliyyət göstərsə, dövlət əvvəlcə uşağın ehtiyaclarını qarşılaya bilər, daha sonra isə həmin vəsaiti aliment ödəməli olan şəxsdən müxtəlif yollarla – məcburi əmək, gəlirlərin müsadirəsi və digər hüquqi mexanizmlər vasitəsilə geri ala bilər. Bu məsələyə ciddi yanaşmaq vacibdir. Çünki bir çox hallarda aliment ödəməyən şəxslərin əslində gəliri olur, lakin onlar bunu rəsmi şəkildə göstərmirlər. Praktikada tez-tez rast gəlinən hallardan biri də odur ki, həmin şəxslər bir neçə yerdə işləyir, biznes fəaliyyəti ilə məşğul olur və kifayət qədər gəlir əldə edirlər, lakin rəsmi sənədlərdə işsiz kimi görünürlər. Bu isə aliment ödənişindən yayınmağa imkan yaradır. Ona görə də gəlirlərin gizlədilməsinin qarşısını alan mexanizmlər də qanunvericilikdə daha sərt şəkildə tənzimlənməlidir.

Digər tərəfdən, bəzən həqiqətən də sosial və iqtisadi səbəblərdən alimenti ödəməkdə çətinlik çəkən şəxslər də olur. İşsizlik və maddi imkanların məhdudluğu bu problemləri yarada bilər. Lakin belə hallarda da həbs çıxış yolu deyil. Çünki bir şəxs həbs edildikdə nə işləyə bilir, nə də aliment ödəyə bilir. Bu isə nəticədə yenə də uşağın hüquqlarının pozulmasına gətirib çıxarır. Məhz buna görə də həbsdən daha çox məcburi əmək mexanizmi tətbiq olunmalıdır”.

Novella Cəfəroğlu ölkədə aliment ödəyən qadınların sayının artmasından da söz açıb:

“Son dövrlərdə diqqət çəkən başqa bir məqam isə aliment ödəyən qadınların sayının da artmasıdır. Müşahidələr göstərir ki, belə halların əksəriyyəti sosial və ailədaxili problemlərlə bağlıdır. Xüsusilə regionlardan şəhərə gəlin köçən bəzi qadınların taleyi bu baxımdan daha çətin olur. Bəzən ailədaxili münaqişələr nəticəsində qadın evdən uzaqlaşdırılır və uşaq atanın yanında qalır. Kişinin yaşayış yeri və maddi imkanı olduğu üçün uşaq onun himayəsində qalır, ana isə həm uşağından ayrı düşür, həm də aliment ödəmək məcburiyyətində qalır. Bu kimi halların sosial və hüquqi aspektləri də ciddi şəkildə araşdırılmalıdır. Digər mühüm məsələ isə nikah müqavilələrinin geniş tətbiqidir“.

Link kopyalandı!
Son xəbərlər