Müğənni Kamil Sərməsovun ölümünün təfərrüatları məlum olub.
Moderator.az xəbər verir ki, mərhumun dayısı oğlu Cəmaləddin Ağayev “Yeni Sabah”a bildirib ki, hadisə sənətçi Bakıdan Sumqayıta gedən vaxt baş verib.
“Hadisə zamanı şəhərdən qayıdırmış. Avtomobildə nəsə nasazlıq yarnıb və Bakı-Sumqayıt yolunda kənara çəkərək saxlayıb. Oğlu da maşında olub. Kamil maşının arxa tərəfinə keçib və TIR sürətlə gələrək onun üstünə çıxıb. Özü TIR-ın altında qalıb, maşının arxası da əzilib. Oğlu qabaqda əyləşibmiş, şükür ki, ona heç nə olmayıb”, - Cəmaləddin Ağayev deyib.
Onun sözlərinə görə, əslən Qubadlı rayonunun Qaralar kəndindən olan müğənni məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb: “43 yaşı vardı. İki övladı yadigar qalıb. Qızı Bakı Dövlət Universitetində təhsil alır. Oğlu isə 11-ci sinif şagirdidir. Mərhumun yoldaşı da əmisi qızıdır. Kamil musiqi fəaliyyəti ilə məşğul olurdu. Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbində müəllim kimi də fəaliyyət göstərirdi. Eyni zamanda müğənnilik fəaliyyəti ilə məşğul idi. Toylara gedirdi. Mərhumun atası Əlövsət Sərməsov da uzun illər həmin məktəbin direktoru olub. Hazırda təqaüdə çıxıb. Özü də qarmon ifaçısı idi”.
Kamil Sərməsov Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisindəki qəbristanlıqda dəfn olunub.
Qeyd edək ki, martın 6-da Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovun idarə etdiyi “MAN” markalı 60 AC 426 nömrəli yük avtomobili ilə “Lexus” markalı 77 GE 211 nömrəli abtomobil və yanında dayanmış sürücüsü, 1983-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub. Hadisə nəticəsində Kamil Sərməsov yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.