Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mihay Popşoy ilə görüşüb.
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov və nazir Mihail Popşoy arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşlər zamanı Azərbaycan ilə Moldova arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamikası müzakirə olunub, ikitərəfli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi, enerji, alternativ enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və regional nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd edilib. Bu çərçivədə, Moldova tərəfi ölkəmizdə olan azad iqtisadi zonaların yaratdığı imkanlardan faydalanmağa çağırılıb.
Humanitar sahədə, o cümlədən mədəniyyət, elm və təhsil istiqamətləri üzrə əməkdaşlığın davam etdirilməsinin, tələbə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada həyata keçirilən layihələr məmnunluqla diqqətə çatdırılıb. Bununla yanaşı, birbaşa təyyarə reyslərinin mövcudluğu, xalqlar arasında artan əlaqələr, turizm sektoruna müsbət təsir edən amillər sırasında qeyd edilib.
Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, BMT, ATƏT, Avropa Siyasi Birliyi, QDİƏT və digər çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyə əsaslanan birgə fəaliyyətlərdən məmnunluq ifadə olunub.
Görüşdə həmçinin, regional təhlükəsizlik məsələlərinə, Rusiya-Ukrayna müharibəsinə və Yaxın Şərqdə vəziyyətə toxunulub.
Yaxın Şərqdə artan hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu vurğulanıb. 5 mart 2026-cı il tarixində İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində dronlar vasitəsilə həyata keçirilmiş və mülki obyektlərin o cümlədən hava limanı terminalının, məktəb binasının zədələnməsi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən hücumların qəbuledilməz olduğu bir daha diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq fəaliyyətləri və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.
Səfər çərçivəsində, nazirlər tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üzrə məsləhətləşmələr Planı imzalanıb.
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
13:21
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.
XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar.
Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlıq ifadə edib. Qeyd edilib ki, bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxslər yaralanıb.
Nazir Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.
12:36
Azərbvaycan və Moldova xarici işlər nazirlikləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
Moderator.az xəbər verir ki, sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Mixay Popşoi imzalayıb.
Sənəd iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyinin bir daha təsdiqi kimi qiymətləndirilir.
11:59
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında görüş başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.