"Müharibənin davam etdiyi və İranın hərbi, təhlükəsizlik strukturlarının son günlər ciddi şəkildə zəiflədiyi bir şəraitdə Güney Azərbaycanın siyasi fəalları və ictimai təşkilatları olaraq biz gələcək üçün müxtəlif ssenariləri diqqətlə qiymətləndiririk. Naxçıvan Beynəlxalq Hava Limanının və digər mülki infrastrukturun pilotsuz aparatlarla hədəf alınması göstərdi ki, mövcud rejim böhranı idarə etmək qabiliyyətini itirib və regionu daha təhlükəli gərginlik mərhələsinə sürükləyir. Belə bir vəziyyətdə Güney Azərbaycan xalqı öz gələcəyini qorumaq və müdafiə etmək haqqına malikdir".
Moderator.az xəbər verirki, bu sözləri Oxu.az-a açıqlamasında Güney azərbaycanlı milli fəal Babək Çələbiyanlı deyib.
O bildirib ki, hazırkı proses davam edərsə və İran daxilində hakimiyyət strukturları ciddi şəkildə zəifləyər, yaxud dağılarsa, Güney Azərbaycan xalqı öz bölgələrinin siyasi və təhlükəsizlik taleyini öz əlinə almağa hazır olmalıdır:
"Bizim üçün əsas məsələ sadəcə etiraz deyil. Əsas məqsəd insanların həyatını qorumaq, xaosun qarşısını almaq, şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək və bölgənin həyati infrastrukturunu qorumaqdır. Biz Güney Azərbaycanın qeyri-sabitlik meydanına, qanlı qarşıdurma zonasına və ya naməlum qüvvələrin müdaxilə etdiyi bir məkana çevrilməsini istəmirik. Məhz buna görə Güney Azərbaycanın siyasi və ictimai qüvvələri müxtəlif ssenarilərə hazırlaşmağa çalışır. Əgər mərkəzi hakimiyyət zəifləyərsə və ya boşluq yaranarsa, məqsədimiz bölgələrdə təhlükəsizliyi və idarəetməni qorumaq, xalqın hüquqlarını və gələcəyini müdafiə etməkdir. Bu hazırlıq emosional və nizamsız addımlar deyil, təşkilatlanmış, məsuliyyətli və xalqın iradəsinə əsaslanan bir yanaşma olmalıdır. İnsanlar bilməlidir ki, mümkün keçid dövrü üçün aydın və etibarlı bir perspektiv mövcuddur.
Eyni zamanda biz hesab edirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə Azərbaycan Respublikası və Türkiyə Güney Azərbaycan xalqının vəziyyətinə həssas yanaşmalıdır. Bu ölkələr tarixi, mədəni və dil baxımından bölgənin xalqına ən yaxın dövlətlərdir. Onlar Güney Azərbaycan xalqının hüquq və tələblərinə siyasi, humanitar və diplomatik dəstək göstərməkdə mühüm rol oynaya bilərlər. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin sözləri də xüsusi əhəmiyyət daşıyır. Prezident qeyd edib:
"Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir". Bu fikir göstərir ki, Arazın hər iki tərəfində yaşayan azərbaycanlılar arasında dərin tarixi və mənəvi bağlar mövcuddur".
Müsahibimiz daha sonra deyib:
"Gözləntilərimiz ilk növbədə siyasi və hüquqi dəstəkdir: Güney Azərbaycan xalqının mədəni və vətəndaş hüquqlarının müdafiəsi, mümkün zorakılığın və repressiyanın qarşısının alınması, xalqın səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, humanitar vəziyyət yarandığı halda yardım göstərilməsi. Bu mövqenin əsas məqsədi Güney Azərbaycan xalqının öz gələcəyini müəyyən etmək haqqını vurğulamaq, insanların təhlükəsizliyini qorumaq və İran daxilində baş verə biləcək böyük siyasi dəyişikliklər zamanı bölgədə xaos və qeyri-sabitliyin qarşısını almaqdır. Biz nə qarışıqlıq, nə də müharibə istəyirik. Bizim istəyimiz azadlıq, insan ləyaqəti, bərabər hüquqlar və xalqın öz iradəsi ilə müəyyən etdiyi bir gələcəkdir".