Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb - FOTOLAR
573
10:55, Bu gün

Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb - FOTOLAR

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən növbəti kursu müvəffəqiyyətlə bitirmiş maşinistlər peşə fəaliyyətinə başlayıblar.
 
Moderator.az xəbər verir ki, hazırda qatar maşinisti peşəsi üzrə təcrübə proqramına qeydiyyat və yeni kurslar davam etdirilir.
 
Tamamlanan 6 aylıq kursun nəticələrinə əsasən, 6 gənc "Bakı Metropoliteni"nin Təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuraraq qatar maşinisti peşəsinə yiyələnib.
 
Martın 6-da keçirilən tədbirdə gənc maşinistlərə vəsiqələri təqdim olunub.
 
Qeyd edək ki, yeni maşinistlərdən biri qadındır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Səriyyə Vəlizadə 2015-2019-cu illərdə Ekologiya ixtisası üzrə bakalavr təhsili alıb.
 
Qeyd edək ki, qatar maşinisti kursları 2018-ci ildən innovativ seçim qaydaları əsasında təşkil olunur. Qeydiyyatdan keçən və ilkin tələbləri ödəyən namizədlər əvvəlcə ənənəvi qaydada nəzəri biliklərə yiyələnir, sonra metropolitenin əsas sahələri ilə əyani tanış olurlar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilir. Bu mərhələdə müdavimlərə 9 fənn üzrə 464 saat məşğələ keçirilir.
 
İkinci mərhələ üzrə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsində iştirak edən iddiaçılar bir tədris raundundan digərinə imtahan yoxlamalarının nəticələrinə əsasən keçirlər.
 
Müdavimlər üçüncü mərhələdə metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunurlar. Onlar "Bakı Metropoliteni" təlimçilərinin nəzarəti altında qeyri-pik saatlarda xəttə çıxaraq peşə vərdişlərinə uyğunlaşırlar.
 
Davamlı olaraq həyata keçirilən yeni maşinistlərin hazırlanmasının indiki mərhələsində 3 qrupda kurslar təşkil edilib və daha 3 qadın namizəd bu peşəyə yiyələnmək üçün hazırlaşır. Ümumilikdə isə 37 müdavim qatar maşinisti peşəsinin sirlərini öyrənir.
Link kopyalandı!
Son xəbərlər