"Vaşinqton və Yaxın Şərq ölkələri Kiyevin ucuz dronlarını "Patriot" raketlərinə alternativ kimi görür..."
ABŞ və ən azı bir Fars körfəzi ölkəsi Ukraynanın istehsal etdiyi dron-kəsicilərin alınması ilə bağlı danışıqlar aparır.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
Nəşrin qənaətinə görə, məqsəd İranın istehsal etdiyi "Shahed" tipli pilotsuz aparatların hücumlarının qarşısını daha ucuz və effektiv üsulla almaqdır. Ukrayna Rusiya ilə müharibə dövründə genişmiqyaslı dron hücumlarına qarşı mübarizə təcrübəsi toplayaraq, minlərlə dollar dəyərində olan ucuz kəsici dronların seriyalı istehsalını qurub.
Bu sistemlər hazırda "Shahed"lərin vurulmasında istifadə edilən və hər biri təxminən 13,5 milyon dollar olan "Patriot" sisteminin PAC-3 raketləri ilə müqayisədə qat-qat ucuz başa gəlir. Halbuki bir "Shahed" dronunun özü təxminən 30 min dollara başa gəlir.
Mənbələrin sözlərinə görə, Ukraynada "kinetik kəsicilər" adlanan kiçik, güllə formalı kvadrokopterlər və sabitqanadlı dronlar istehsal edən azı on şirkət fəaliyyət göstərir. Bu aparatların açıq dəniz üzərində yerləşdirilməsi, radarlardan yayınaraq aşağı hündürlükdə uçan "Shahed"ləri daha effektiv şəkildə məhv etməyə imkan verir.
İranın Fars körfəzi regionunda tətbiq etdiyi taktika Rusiyanın Odessa sahillərinə qarşı istifadə etdiyi metodlara bənzədilir. Bir ukraynalı rəsmi Vaşinqtonla danışıqları "həssas mövzu" adlandırsa da, Ukrayna texnologiyalarına marağın kəskin artdığını etiraf edib.
"Texnologiya mübadiləsinə açığıq"
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev Yaxın Şərq tərəfdaşları ilə texnologiya və silah mübadiləsinə açıqdır. O, xüsusilə dron-kəsicilərin "Patriot" sistemləri üçün raketlərlə dəyişdirilməsi variantını mümkün sayır. Zelenski bildirib ki, bəzi Yaxın Şərq ölkələri İran istehsalı "Shahed"lərin mülki obyektlərə hücumlarından sonra Ukraynanın təcrübəsinə maraq göstərir.
Onun sözlərinə görə, bu ölkələrin "Patriot" sistemləri üçün raket ehtiyatı var, lakin yüzlərlə və ya minlərlə dronu bahalı raketlərlə vurmaq iqtisadi baxımdan sərfəli deyil. "Bizim isə PAC-2 və PAC-3 raketlərinə ehtiyacımız var. Əgər texnologiya və silah mübadiləsindən söhbət gedirsə, Ukrayna buna açıqdır", - Zelenski vurğulayıb.
Prezident həmçinin ABŞ-dan gələn siqnalların narahatlıq doğurduğunu qeyd edib. Onun sözlərinə görə, əgər İranla qarşıdurma uzansa, Vaşinqton əlavə hava hücumundan müdafiə sistemlərini öz ehtiyacları və müttəfiqləri üçün saxlaya bilər. Bu isə Ukraynaya HHM raketlərinin tədarükünün azalması riskini yaradır.
Pentaqonun planları və yeni reallıq
"Politico"nun məlumatına görə, Pentaqon Yaxın Şərqə daha çox HHM vasitələri göndərməyə tələsir və xüsusilə daha mobil, ucuz dron əleyhinə sistemlərə üstünlük verir. Bununla belə, ABŞ-ın potensial istifadə edə biləcəyi bəzi texnologiyalar hələ real döyüş şəraitində sınaqdan keçirilməyib.
Beləliklə, Ukraynanın müharibə şəraitində formalaşmış təcrübəsi indi qlobal bazarda strateji üstünlüyə çevrilir. Əgər Yaxın Şərq ölkələri Ukraynanın dron-kəsicilərinə üstünlük versə, Kiyev "Patriot" raket ehtiyatlarını qoruyub saxlaya bilər. Bu isə həm Ukraynanın müdafiə qabiliyyəti, həm də regiondakı yeni hərbi balans üçün mühüm əhəmiyyət daşıyır.