Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar? - AÇIQLAMA
175
10:10, Bu gün

Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar? - AÇIQLAMA

Son vaxtlar bələdiyyələrlə bağlı şikayətlərin sayı artmaqdadır. Xüsusilə çıxarış və torpaq sənədləşməsi məsələlərində süründürməçilik olduğu iddia edilir. Müraciət edənlər bildirirlər ki, proses uzadılır, konkret vaxt çərçivəsi göstərilmir, məsul qurum isə dəqiq müəyyən olunmur.
 
Bəs görəsən, proses hansı müddət çərçivəsində həyata keçirilməlidir? Məlumatlarda uyğunsuzluq yaranarsa, qərar neçə günə verilməlidir? Bələdiyyələrin bu prosesdə real səlahiyyəti nədən ibarətdir?
 
Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı Oxu.az-a açıqlamasında bildirib ki, çıxarışların verilməsi ilə bağlı konsepsiya hazırlanır və sənəd təsdiqləndikdən sonra mərhələli şəkildə icraya başlanılacaq.
 
 
O qeyd edib ki, ilkin mərhələdə 2021-ci ilə qədər inşa edilən yaşayış evlərinə çıxarışların verilməsi nəzərdə tutulur:
 
"Daha sonra növbəli qaydada sənədsiz və hüquqi statusu tam rəsmiləşdirilməmiş yaşayış evlərinin çıxarışla təmin olunması davam etdiriləcək. Gözləntilərə əsasən, konsepsiya təsdiqləndikdən sonra ilk mərhələdə yüzminlərlə evə çıxarışın verilməsi mümkün olacaq. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaş tərəfindən tələb olunan sənədlər təqdim edilərək təsdiqləndikdən sonra çıxarışın verilməsi proseduruna başlanılır. Nazirlər Kabinetinin ötən həftə təsdiqlədiyi qaydalara əsasən, məlumatlarda uyğunsuzluq aşkarlanarsa, aidiyyəti dövlət qurumu - Əmlak Məsələləri Dövlət Xidməti - 15 iş günü ərzində həmin məlumatları dəqiqləşdirməli və bundan sonra qərar verməlidir".
 
Deputat izah edib ki, vətəndaş müraciətində torpağın tikinti üçün nəzərdə tutulduğunu göstərdiyi halda, dövlət bazasında həmin torpaq əkin üçün yararlı kimi qeyd olunubsa, bu zaman uyğunlaşdırma aparılır:
 
"Müvafiq qurumlar, o cümlədən arxiv orqanlarından məlumat alınır və fakt təsdiqini taparsa, vətəndaş çıxarışla təmin edilir".
 
V.Bayramov xüsusi olaraq vurğulayıb ki, bələdiyyələrin çıxarış vermək səlahiyyəti yoxdur:
 
"Bələdiyyələr yalnız bələdiyyə torpaqlarını hərrac vasitəsilə sata bilərlər. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, həmin torpaqların qiymətləndirilməsi artıq bələdiyyələr tərəfindən deyil, müstəqil üçüncü qiymətləndirici qurumlar tərəfindən həyata keçirilir. Son illərin praktikası göstərir ki, əvvəlki dövrlərlə müqayisədə hərraca çıxarılan bələdiyyə torpaqlarının sayında kəskin azalma müşahidə olunur. Bu isə həm nəzarətin gücləndirilməsi, həm də qiymətləndirmə mexanizmlərinin dəyişməsi ilə əlaqələndirilir".
 
Elektronlaşma məsələsinə də toxunan V.Bayramov bildirib ki, bələdiyyələrin fəaliyyətində rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi vacibdir:
 
"2025-ci il üzrə fəaliyyət istiqamətləri müzakirə olunarkən elektron sistemlərin tətbiqi əsas təkliflərdən biri olub. Hazırda elektron hərracların təşkili və qiymətləndirmə prosesinin rəqəmsal əsasda aparılması istiqamətində addımlar atılır".
 
Deputat əlavə edib ki, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, gəlir imkanlarının artırılması və şəffaflığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək:
 
"Sənədsiz evlərlə bağlı konsepsiya hazırlanma mərhələsindədir və sənəd təsdiqləndikdən sonra daha çox sayda belə evlərin qısa müddətdə leqallaşdırılması istiqamətində işlər aparılacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər