Bizi sosial şəbəkələrdən izləyin:
“Anamı 86 yaşında itirdim. Heç 86 yaşı da tamam olmamışdı. Mənim 94 yaşım var. Bu yaşda insanın elə də böyük arzuları olmur. Ən böyük arzum əmin-amanlıqdır. Dünyadakı vəziyyəti görəndə yalnız sülh arzulayıram. Mənim də qızım var, qardaşım və bacım balaları var. Onlar üçün qorxuram. Siz təsəvvür edin, Aztv-də işləyirdim, hər gün azı iki dəfə Fəxri Xiyabanın yanından keçib işə gedirdim. Çətindir. Adam gərək vəhşi olsun ki, onu hiss etməsin. İşə həmişə içim ağlaya-ağlaya getmişəm, elə də qayıtmışam. Özümün də axı başıma gəlib, balamı itirmişəm. Bilirəm bu acı nə deməkdir. Övlad itirən anaları başa düşürəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva deyib.
O daha sonra əlavə edib:
“Anam əslən şuşalı, atam Mir İbrahim Həmzəyev isə gəncəlidir. Şuşaya getmək istəyirəm. O qədər arzulayıram ki. Qızım iki dəfə gedib, deyir ki, sənlik deyil, yol uzundur. Televiziya kanallarında Şuşadan nəsə xəbər eşidən kimi saxlayıb izləyirəm. Qızım Afətə demişdim ki, ordan bir torba torpaq gətir. Həm anamın, həm də qardaşım Elçinin məzarı üstünə səpmək istəyirdim. Onlar ikisi axı də vətənpərvər olublar. Nədənsə Afət gətirmədi. Dedi ki, qrupla imkan olmadı, lapatka yoxdur, torba yoxdur. Mən çox məyus oldum. Mən hətta istəyirdim o torpağda gül də əkim. Amma nədənsə arzum ürəyimdə qaldı. Bu dəfə gedəndə yəqin ki, gətirəcək”, - deyə Solmaz Həmzəyeva bildirib.