Bizi sosial şəbəkələrdən izləyin:
“Mən uzun illərdir həmin müğənnilərin efirlərdən yığışdırılması üçün çalışıram, mübarizə aparıram. Azərbaycan musiqisi qalıb kənarda, ara oxuyanları çıxıblar efirə, başqa xalqların musiqilərini oxuyurlar. Bu islahatlar həyata keçiriləndə ürəyimdən tikan çıxdı. Mənim adımı qalmaqallı Əli Mirəliyev qoyublar. Mən sənin oxumağına qiymət verirəm. Evində, ailəndə necə biri olduğunu demirəm ki.. Düzgün oxumursan, bunu sənə deyirəm, sənin də acığına gəlir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev bildirib.
O daha sonra əlavə edib:
“Müğənnilərin son illərdə oxuduqları mahnıların mənşəyi bəlli deyildi. Soruşuram ki, bizim Üzeyir Hacıbəyovun adını eşitmisən?! Deyir ki, hə. Soruşuram ki, onun yazdığı əsərlərdən birinin adını bilirsən? Deyir ki, yox. Deyirəm bəs sən özünü necə oxuyan hesab edirsən?! Utanmırsan televiziyaya çıxıb oxuyursan? Ana laylasını bilməyən adam necə müğənni ola bilər? Sənin anan beşiyinin üstündə lay-lay çalıb yoxsa rus bayatıları oxuyub?! Baxır üzümə və heç nə demir. 20 ilə yaxındır bununla bağlı mübarizə aparıram. Nəhayət ki, arzum həyata keçir”.
Əli Mirəliyev bildirib ki, efirlərə çıxması ilə bağlı ona heç bir qadağa qoyulmayıb:
“Mən hər gün Kanal S-də veriliş aparıram. Bu söhbəti efirdən uzaqlaşdırılan müğənnilər yayıb. Onları uzaqlaşdırıblar deyə qalıblar acığı kimdən çıxsınlar! Mənim də adımı yazıblar ora. Necə ki, tiktokda yalandan yazırlar ki, Əli Mirəliyev rəhmətə gedib, bu da ona oxşar bir şeydir. Həminki Əliyəm də, rəhmətə getmişəm?! İkinci siyahı çıxdı, orada yalandan adımı qeyd etdilər. Özü də bu rəsmi siyahı deyil. Mən aparıcı işləyirəm. Düzdür, verilişin formatında dəyişiklik olub. Xanəndələri, xalq mahnıları oxuyanları dəvət edirik. Sabah qonağım Nüşabə Ələsgərli olacaq”, - deyə müğənni bildirib.