Bu təşəbbüs yalnız tələbələr tərəfindən deyil, bəzi müəllimlər tərəfindən də dəstəklənir
Son dövrlər ali təhsil müəssisələrində akademik dərs saatlarının müddəti ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Universitet tələbələrinin bir qismi hazırda tətbiq olunan 90 dəqiqəlik dərs modelinin dəyişdirilərək 60 dəqiqəyə endirilməsinin tərəfdarı olduqlarını bildirirlər. Maraqlıdır ki, bu təşəbbüs yalnız tələbələr tərəfindən deyil, bəzi müəllimlər tərəfindən də dəstəklənir.
Təklif tərəfdarlarının fikrincə, dərsin ilk yarım saatı və ya maksimum bir saatından sonra tələbələrin diqqət səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır. Bu isə auditoriyada passivliyin artmasına, informasiyanın tam mənimsənilməməsinə və nəticə etibarilə tədrisin effektivliyinin aşağı düşməsinə səbəb olur. Onların sözlərinə görə, uzunmüddətli mühazirələr tələbələrdə yorğunluq yaradır, diqqət dağınıqlığını artırır və alınan biliklərin keyfiyyətinə mənfi təsir göstərir.
Müzakirələr zamanı alternativ modellər də irəli sürülür. Belə təkliflərdən birinə əsasən, mühazirə dərslərinin müddəti 80 dəqiqə, seminar və praktiki məşğələlərin isə 60 dəqiqə təşkil edə bilər. Bu yanaşmanın daha çevik və tələbəyönümlü təhsil mühitinin formalaşmasına imkan verəcəyi iddia olunur.
Bununla belə, məsələyə ehtiyatla yanaşanlar da az deyil. Bir sıra təhsil mütəxəssisləri hesab edir ki, dərs müddətinin dəyişdirilməsi, sadəcə, texniki qərar deyil və geniş elmi araşdırmalar, pilot layihələr və akademik müzakirələr tələb edir. Onların fikrincə, tələsik qəbul ediləcək qərarlar tədris planlarında uyğunsuzluqlara, kredit sistemində problemlərə və müəllim yükünün yenidən hesablanması kimi çətinliklərə səbəb ola bilər.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirərək bildirib ki, belə qərarlar qəbul edilərkən bütün mümkün nəticələr ciddi şəkildə analiz olunmalıdır. Deputatın sözlərinə görə, təhsil sistemində edilən hər bir dəyişiklik uzunmüddətli təsirlərə malik olduğundan, qərarlar emosional çağırışlar deyil, elmi əsaslar üzərində qurulmalıdır.
Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində ali təhsil sistemlərində dərs müddətləri fərqli prinsiplərə əsaslanır və bu fərqlər ölkələrin akademik ənənələri, təhsil fəlsəfəsi və struktur modelləri ilə bağlıdır. ABŞ universitetlərində dərs müddətləri əsasən “Karnegi vahidi” və “tələbə saatı” (Carnegie Unit və Student Hour) sisteminə uyğun təşkil olunur. Bu modelə görə bir akademik saat 50 dəqiqə hesab edilir və ölkənin əksər ali məktəblərində geniş tətbiq olunur.
Avropa ali təhsil məkanında isə yanaşma bir qədər fərqlidir. Məsələn, Almaniyada “akademik saat = 45 dəqiqə” prinsipi mövcuddur. Universitetlərdə dərslər adətən iki akademik saatın birləşdirilməsi ilə keçirilir və nəticədə məşğələlər 90 dəqiqəlik blok formatında təşkil olunur. Bu model həm fasiləsiz öyrənmə, həm də strukturlaşdırılmış dərs planı baxımından balanslı hesab edilir.

Elçin Əfəndi
Bəs Azərbaycanda 60 dəqiqəlik dərs modeli tələbələrin akademik performansını artıra bilərmi? Dərs müddətinin qısaldılması müəllimlərin proqramı çatdırmasında çətinlik yarada bilərmi?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a deyib ki, xüsusilə mühazirə dərsləri əksər hallarda 80-90 dəqiqə davam edir: “Halbuki akademik dərs saatları baxımından dünya təcrübəsini araşdırdıqda minimum müddətin 45-50 dəqiqə, maksimum isə 60 dəqiqə, yəni tam bir saat təşkil etdiyini müşahidə edirik. Azərbaycanda isə demək olar ki, həm akademik saat anlayışı, həm də mühazirə dərslərinin real müddəti 80 və ya 90 dəqiqəlik zaman çərçivəsini əhatə edir”.
Mütəxəssis hesab edir ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi indiki dövrdə tələbələrin uzun müddət auditoriyada oturaraq fasiləsiz qeydlər aparması və ya 90 dəqiqə ərzində diqqəti sabit şəkildə saxlaması artıq müəyyən çətinliklər yaradır: “Bu vəziyyət tələbələr üçün tədricən yorucu və psixoloji baxımdan ağır bir prosesə çevrilir. Təbii ki, bunu tədris prosesini həyata keçirən müəllim və professor heyəti də müşahidə edir və dərs zamanı diqqətin azalmasını açıq şəkildə hiss edir. Məhz buna görə düşünürəm ki, dünya təcrübəsinə əsaslanaraq akademik dərs saatlarının ən azı 60 dəqiqə çərçivəsində təşkil edilməsi məqsədəuyğun ola bilər. Bu halda mühazirə dərslərinin müddətini də 70-80 dəqiqəyə qədər azaltmaq real və balanslı yanaşma kimi qiymətləndirilə bilər”.
Belə bir dəyişiklik bizə nə qazandıra bilər?
Elçin Əfəndinin fikrincə, ilk növbədə tələbələr dərs prosesində özlərini daha rahat hiss edər, auditoriya mühitinə daha aktiv şəkildə qoşular və tədris prosesində iştirak səviyyəsi yüksələr: “Diqqət müddətinin optimallaşdırılması informasiyanın mənimsənilmə keyfiyyətinə də müsbət təsir göstərə bilər. Nəticə etibarilə təhsil prosesi formal iştirakdan daha çox real öyrənmə mühitinə çevrilər. Eyni zamanda qeyri-ixtisas fənlərinin müəyyən qədər azaldılması hesabına ümumi tədris proqramını daha səmərəli şəkildə həyata keçirmək mümkündür. Məlumdur ki, ali təhsilin əsas məqsədi tələbələrin öz ixtisasları üzrə peşəkar kadr kimi formalaşmasıdır. Qeyri-ixtisas sahələri üzrə bilik və bacarıqların əldə olunması isə müasir dövrdə rəqəmsal resurslar və açıq təhsil platformaları vasitəsilə daha əlçatan hala gəlib.
Bu baxımdan hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi ümumi təhsil göstəricilərinə, eləcə də tələbələrin akademik nəticələrinə müəyyən dərəcədə müsbət təsir göstərə və ali təhsil sistemində daha çevik və müasir tədris modelinin formalaşmasına şərait yarada bilər".