Anası ilə bir qəbirdə dəfn olunan, yaddaşını itirən və faciəvi şəkildə ölən Lütfiyyə Səfərova: “Çox ağır vəziyyətdə öldü” - FOTO+ÖZƏL
472
09:12, Bu gün

Anası ilə bir qəbirdə dəfn olunan, yaddaşını itirən və faciəvi şəkildə ölən Lütfiyyə Səfərova: “Çox ağır vəziyyətdə öldü” - FOTO+ÖZƏL

Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.
 
Moderator.az xəbər verir ki, Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.
 
Aktrisanın sənət karyerası hələ II kursda oxuyarkən "Səndən mənə yar olmaz" musiqili komediyasında oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə "Volqalı canan", "92 dəqiqə gülüş", "Bankir adaxlı", "Talelər qovuşanda" tamaşalarında rol alıb. Əməkdar artist Çingiz Əhmədov aktrisa ilə tanışlığını belə xatırlayır:
“1984-cü ilin son günləri idi. Teatra yeni gəlmişdim. Mənə teatra getməyə aktrisa Ofeliya Məmmədzadə kömək edib. O sənətkarlar məni teatrda görəndə şoka düşdülər ki, Çingiz artıq bizimlə işləyəcək. Çünki məni teatrdan öncə televiziyadan tanıyırdılar. Lütfiyyə Səfərova da həmin şəxslərdən biri idi. Çox nazlı xanım idi. Sevirdi ki, onu tərifləsinlər. Yetərli qədər yaxşı rollar oynamadı. Hacıbaba Bağırovun briqadasında çalışdı, onunla çox rollar oynadı, bölüşdü. Vaxtında da qədrini bilmədilər. Ofeliya Aslan, Lütfiyyə xanım kimi sənətkarların teatrda bir titulu olmadı. Buna görə çox heyfislənirəm. Lütfiyyə xanımla “Şirbalanın nazlısı” tamaşasında birlikdə oynamışam. Teatrda xırda rollar bölüşmüşük. Rejissorlar da ondan istifadə etmədilər. Yeri cənnət olsun. “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” və s. televiziya verilişlərində tez-tez çıxış edirdik. Mənim xətrimi çox istəyirdi. Nə qədər ki, lentlər, fotolar var bu insanlar tarixdə qalacaq, yaddaşlara həkk olunacaq” deyə aktyor bildirib.
 
Musiqili Komediya Teatrında "Məşədi İbad"da Gülnaz, "Gözün aydın"da Leyla, "Özümüz bilərik"də Lalə, "Ev bizim, sirr bizim"də Çiçək, "Ulduz"da Ulduz, "Sevindik qız axtarır"da Nazik, "Qaynana"da Afət, "Nənəmin şahlıq quşu"nda Nazlı, "Məmmədəli kurorta gedir"də Xurşud, "Arşın mal alan"da Asya, "Milyonçunun dilənçi oğlu"nda qonşu qız, "Olmadı elə, oldu belə"də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.
 
1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir:
 
"İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər".
 
Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad veriləcəyi günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktrisa haqqı olan qiyməti ala bilməyib.
 
"Şirbalanın ilk məhəbbəti" adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyib:
"65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yol puluna ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil".
 
Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb. Çingiz Əhmədov aktrisanın son günlərini belə xatırlayır:
 
“Biz sırf teatrda, çəkilişdə görüşürdük. Allah rəhmət etsin Novruz Qartala. O bir gün dedi ki, Lütfiyyənin vəziyyəti yaxşı deyil, müəyyən məbləğ yığırıq. Kimin gücü nəyə çatırdısa hamı verirdi. Kollektiv olaraq nələrsə etməyə çalışdıq. Amma bilirəm ki, çox ağır vəziyyətdə dünyasını dəyişdi. Tək qaldı, kimsəsiz oldu, saymadılar. Amma övladları haqda heç bir məlumatım yoxdur. Bilmirəm ona baxıblar ya tərk ediblər. Həyatdır da, bir gün gələn, bir gün getməlidir” deyə aktyor bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər