Azərbaycanda uzun illər müxtəlif səbəblərdən hüquqi sənədləşməsi tamamlanmamış fərdi yaşayış evləri ilə bağlı yeni mərhələnin başlanacağı gözlənilir.
Təxminən 100 min fərdi yaşayış evinə çıxarışın ("kupça"nın) verilməsi istiqamətində aparılan müzakirələr və atılan addımlar daşınmaz əmlak bazarında ciddi dəyişikliklərin mümkünlüyü ilə bağlı sualları artırıb.
Sənədsiz evlərin rəsmiləşdirilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunması, həm də bazarda şəffaflığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Eyni zamanda bu qərarın qiymətlərə, alqı-satqı proseslərinə və ipoteka imkanlarına necə təsir edəcəyi maraq doğurur.
Bəs təxminən 100 min evə “kupça” verilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək? “Kupça”nın verilməsi ilə bağlı hansı yeniliklər və mexanizmlər nəzərdə tutulur?
Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı Musavat.com-a açıqlamasında bildirib ki, müxtəlif regionlarda təxminən 100 min fərdi yaşayış evinə çıxarış verilməsi ilə bağlı proses daşınmaz əmlak bazarında gözləntiləri yeni səviyyəyə daşıyıb. Bu addım uzun illərdir qeyri-rəsmi dövriyyədə olan böyük bir əmlak portfelini rəsmi iqtisadiyyata daxil etməklə bazarın həm struktur, həm də funksional təbəqəsini yeniləyəcək: "Bu günə qədər “kupça” olmadığı üçün hüquqi risk daşıyan, alqı-satqıda çətinlik yaradan və banklar tərəfindən girov kimi qəbul edilməyən minlərlə ev rəsmi status qazandıqca, daşınmaz əmlak bazarının davranış meyarları dəyişməyə başlayacaq. Çıxarış verilməsi bazarda sadəcə hüquqi deyil, həm də iqtisadi aktivliyi artıran amildir. Çünki sənədləşmiş əmlak maliyyə sisteminə inteqrasiya olunur, ipoteka və istehlak kreditləri üçün yeni təminat mənbələri yaradır, əhali üçün kreditləşmə imkanlarını genişləndirir. Nəticədə həm bank sektorunun risk portfeli yumşalır, həm də bazarın likvidliyi yüksəlir".
AQP rəsmisi qeyd edib ki, əmlakın rəsmi dövriyyəyə daxil olması qiymətlərin süni şəkildə şişməsinin qarşısını alır və bazarda real dəyərin formalaşmasına şərait yaradır: "Çünki təklifin artması, qeyri-rəsmi seqmentin azalması və rəqabət mühitinin genişlənməsi qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Prosesin həyata keçirilməsi əvvəlki illərlə müqayisədə daha sistemli, elektronlaşdırılmış və operativ formatda təşkil olunub. Müraciətlərin rəqəmsal qəbulu, kadastr məlumatlarının daha sürətli uyğunlaşdırılması və torpaq-tikili parametrlərində illərdir mövcud olan uyğunsuzluqların sadələşdirilmiş qaydada həll edilməsi minlərlə ailənin rəsmi qeydiyyata çıxmasına imkan verib. Bu, həm də regionlarda inşaat mədəniyyətinin, torpaqdan istifadə qaydalarının və əmlak idarəçiliyinin hüquqi cəhətdən tənzimlənməsini gücləndirir".
Günay İsmayılqızının sözlərinə görə, çıxarışların verilməsi yalnız əmlak sahiblərinin hüquqlarını qorumaqla kifayətlənmir, eyni zamanda kommunal infrastrukturun leqallaşmasını sürətləndirir: "Uzun müddət qeyri-rəsmi xətlərlə istifadə olunan elektrik, su və kanalizasiya xətlərinin mərhələli şəkildə rəsmi qeydiyyata alınması təhlükəsizliyi artırır və xidmət keyfiyyətini yüksəldir. Bu isə öz növbəsində ümumilikdə yaşayış məhəllələrinin sosial-iqtisadi inkişafına təsir edən mühüm amildir. 100 min evə çıxarış verilməsi daşınmaz əmlak bazarında kölgə iqtisadiyyatının daralmasına, hüquqi şəffaflığın artmasına və dövlətin vergi bazasının genişlənməsinə səbəb olacaq. Bu proses həm bazar iştirakçıları, həm də dövlət üçün uzunmüddətli iqtisadi üstünlüklər yaradacaq. Bu addım əmlak bazarında yeni bir mərhələnin başlanğıcıdır. Nəticədə daha sivil, daha şəffaf və daha rəqabətli mühit formalaşır”.