Azərbaycanda bəzi çörək növlərinin qiyməti artıb. Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bahalaşma son bir həftə ərzində baş verib.
Mağazalarda satıcıların əməkdaşlarımıza verdiyi məlumata görə, qiymət artımı əsasən doğranmış formada satılan çörəklərə şamil olunub. Qiymətlər növdən asılı olaraq 15–25 qəpik arasında dəyişir.
Əhalinin daha çox istifadə etdiyi zavod çörəklərinin qiyməti isə sabit qalıb və bir çox marketlərdə 65 qəpiyə satılır.
Bahalaşma xüsusilə kəpəkli batonlarda, “Çörəkçi” markasının doğranmış növlərində və ekstra baton çeşidlərində müşahidə olunur.

İqtisadçı Natiq Cəfərli bildirib ki, çörəyin qiyməti tənzimlənən məhsullar kateqoriyasına aid deyil və bu sahədə dövlət tərəfindən hər hansı qiymət tənzimlənməsi tətbiq olunmur: “Son zamanlar daşıma xərcləri ciddi şəkildə artıb. Dizel yanacağının 10 faiz bahalaşması daşınma xərclərinə birbaşa təsir göstərib. Zavod çörəyi əhalinin ən çox istehlak etdiyi məhsul olduğu üçün onun qiymətini artırmayıblar ki, geniş narazılıq yaranmasın. Paketlənmiş çörəklərin isə daha spesifik alıcı kütləsi var və onların qiymət artımı daha az sosial reaksiya doğurur. Eyni zamanda, Azərbaycanda istehsal olunan taxıldan yüksək keyfiyyətli un əldə etmək mümkün deyil. Buna görə də taxılın təxminən 75 faizi xaricdən gətirilir. Yerli məhsulun payı isə 25 faiz təşkil edir. Xarici ölkələrdə logistika xərclərinin artması və qiymətlərdə baş verən dəyişikliklər unun maya dəyərinə təsir göstərir. Lakin son dövrlərdə, xüsusilə yanvar ayından etibarən müşahidə edilən artımın əsas səbəbi məhz daşınma xərcləridir”.




