"Ukrayna dialoqa açıqdır, Vaşinqton təzyiqi artırır, ABŞ isə enerji aktivlərini danışıqlarda rıçaq kimi saxlayır..."
Ukrayna prezidenti Vladimir Zelenski birbaşa olaraq bəyan edib ki, sülh naminə Rusiya lideri Vladimir Putin ilə şəxsi görüşə hazırdır, lakin Ukrayna torpaqlarından imtina "qırmızı xətt" olaraq qalır.
Moderator.az xəbər verir ki, bu barədə o, "skynews.com" nəşrinə müsahibəsində deyib.
Prezident iqamətgahında təxminən bir saat davam edən müsahibədə o vurğulayıb ki, "sülh üçün hər şeyi edəcəyəm", amma ərazi güzəştləri qəbuledilməzdir: "Bu bizim torpağımızdır və niyə onu tərk etməli olduğumuz barədə danışmaq qəribə səslənir". Zelenski hesab edir ki, yaxın aylar, xüsusən də ABŞ-da mühüm seçkilər ərəfəsində həlledici ola bilər.
Onun sözlərinə görə, nə Rusiya döyüş meydanında qalib gəlir, nə də Ukrayna uduzur, lakin işğal altındakı ərazilərin hərbi yolla tam geri qaytarılması böyük itkilər tələb edə bilər. O, Slavyansk və Kramatorsk kimi şəhərlərin tərk edilməsinin yüz minlərlə insanın işğal altında qalması demək olduğunu deyib.
Vaşinqtonun təzyiqi, təhlükəsizlik protokolları və investisiya planı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Ukrayna və xalqı gələcəkdə təhlükəsiz yaşayacağına inanmayınca heç bir sülh sazişi imzalanmayacaq. Bu barədə "The New York Post" nəşri yazır. Onun fikrincə, yekun nəticə real və davamlı sülh olmalıdır, bunun üçün ABŞ və Avropa tərəfindən sərt təhlükəsizlik protokolları lazımdır. Uitkoff mümkün gələcək mərhələdə Zelenski ilə Putinin görüşünü də istisna etməyib, hətta daha sonra ABŞ prezidenti Donald Trampın iştirakı ilə geniş format ehtimalını qeyd edib.
Cenevrədə danışıqlar iki formatda aparılıb: Ukrayna-ABŞ ikitərəfli görüşləri və ABŞ-ın iştirakı ilə üçtərəfli təmaslar. Ukrayna tərəfini təmsil edən Rüstəm Ömərov nəticələrin Zelenski ilə müzakirə olunduğunu və növbəti raundun hazırlandığını açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik parametrləri ilə yanaşı iqtisadi blok və uzunmüddətli dəstək mexanizmləri üzərində ayrıca işlənir - bərpa, investisiya planı və gələcək əməkdaşlıq çərçivəsi razılaşmaların əsasını təşkil etməlidir.
Sanksiyalar və enerji rıçaqları: "Lukoyl" kartı
"Reuters"in məlumatına görə, ABŞ Rusiyanın "Lukoyl" şirkəyinin sanksiyalara düşmüş xarici aktivlərinin satışını ləngidərək bunu danışıqlarda əlavə rıçaq kimi saxlamağı nəzərdən keçirir. Eyni zamanda, sanksiyalar "Rosneft"ə də şamil olunub. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi müddətləri bir neçə dəfə uzadıb ki, mümkün razılaşmalar Vaşinqtonun Moskvanın hərbi gəlirlərini məhdudlaşdırmaq və sülhə təkan vermək strategiyasına uyğun qurulsun.
Beləliklə, masada iki əsas xətt paralel gedir: bir tərəfdə ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqe, digər tərəfdə isə təhlükəsizlik təminatları və iqtisadi mexanizmlər. Yekun sülhün formulu hələ tapılmayıb, lakin tərəflər anlayır ki, qarşıdakı aylar həm diplomatik dinamika, həm də geosiyasi balans baxımından həlledici olacaq.